3.ali-İmran ( İmran ailəsi ) davamı (121 - 200) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Şənbə, 03.12.2016, 23:45
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    3.ali-İmran ( İmran ailəsi ) davamı (121 - 200)

    ali-İmran ( İmran ailəsi )   davamı
    (121 - 200)
    Bismillahir-rəhmanir-rəhim!
     
    121. (Ya Rəsulum!) Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
     
    122. (O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!
     
    123. (Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!
     
    124. O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”
     
    125. Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.
     
    126. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,
     
    127. O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər.
     
    128. (Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir.
     
    129. Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
     
    130. Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
     
    131. Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!
     
    132. Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!
     
    133. Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.
     
    134. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.
     
    135. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.
     
    136. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!
     
    137. (Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
     
    138. Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.
     
    139. (Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!
     
    140. Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!
     
    141. (Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür.
     
    142. Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?
     
    143. Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız.
     
    144. Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.
     
    145. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!
     
    146. Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!
     
    147. Onların: "Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır.
     
    148. Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər!
     
    149. Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz.
     
    150. Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır.
     
    151. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir!
     
    152. (Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir!
     
    153. Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!
     
    154. Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”
     
    155. (Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bəzi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir!
     
    156. Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: "Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir!
     
    157. Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir.
     
    158. Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız!
     
    159. (Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!
     
    160. Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!
     
    161. Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz!
     
    162. Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir!
     
    163. Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.
     
    164. Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
     
    165. Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: "Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: "Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir!
     
    166. (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, möminləri ayırd etsin.
     
    167.Və münafiqləri onlardan fərqləndirsin. Onlara: "Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: "Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!
     
    168. (Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: "Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: "Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”
     
    169. Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
     
    170. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.
     
    171. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.
     
    172. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!
     
    173. O kəslər ki, xalq onlara: "Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.
     
    174. Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.
     
    175. Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!
     
    176. Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir!
     
    177. Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!
     
    178. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!
     
    179. Allah pisi yaxşıdan (münafiqi mömindən) ayırmaq üçün möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir!
     
    180. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!
     
    181. "Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: "Dadın atəşin əzabını!” – deyəcəyik.
     
    182. Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!
     
    183. "Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: "Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”
     
    184. (Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.
     
    185. Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən (əyləncədən) başqa bir şey deyildir.
     
    186. Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.
     
    187. (Ya Rəsulum!) Allah kitab əhlindən: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!
     
    188. (Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!
     
    189. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
     
    190. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
     
    191. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
     
    192. Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!
     
    193. Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !
     
    194. Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!”
     
    195. Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”
     
    196. (Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!
     
    197. Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!
     
    198. Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.
     
    199, Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qurana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.
     
    200. Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (04.09.2010)
    BAXILDI: 233
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех