46.əl-Əhqaf ( Qumsal təpələr ) - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 13:38
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    46.əl-Əhqaf ( Qumsal təpələr )
    46 - əl-Əhqaf      الاحقاف
    əl-Əhqaf (Qumsal təpələr) surəsi
    (Məkkədə nazil olmuşdur, 35 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!

    1 - Ha, Mim!

    2 - Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi Allah tərəfindəndir!

    3 - Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və (qiyamət günü sona çatacaq) müəyyən bir müddət üçün yaratdıq. Kafirlərin qorxudulduqları şeylərdən (qiyamətdən, imana dəvət edən öyüd-nəsihətdən) üz döndərdilər.

    4 - (Ya Peyğəmbər! Bu müşriklərə) de: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qurandan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin!

    5 - Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (bütpərəstlərin) ibadətindən xəbərsizdirlər!

    6 - İnsanlar məhşərə toplanacaqları zaman bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.

    7 - Ayələrimiz onlara açıq-aydın olaraq oxunduqda (və ya: açıq-aydın ayələrimiz onlara söylənildikdə) kafirlər özlərinə gələn (Quran) barəsində: "Bu, aşkar bir sehrdir!” – deyirlər.

    8 - Yoxsa onlar: "(Muhəmməd) onu (özündən) uydurmuşdur!” – deyirlər. (Ya Peyğəmbər!) De: "Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Quran) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!”

    9 - De: "Mən peyğəmbərlərin birincisi deyiləm. (Rəbbimin) mənimlə və sizinlə nə edəcəyini bilmirəm (başqa peyğəmbərlər kimi şəhid olacağımı, ölkəmdən qovulacağımı, yaxud küfrə davam etdiyiniz təqdirdə sizə nə cəza veriləcəyini, hansı fəlakətlərə uğrayacağınızı deyə bilmərəm, çünki qeybi ancaq Allah bilir). Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”

    10 - De: "Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”

    11 - Kafir olanlar iman gətirənlər barəsində deyirlər: "Əgər (Quran, islam dini) yaxşı bir şey olsaydı, (möminlər) bu işdə bizdən qabağa düşə bilməzdilər (biz onlardan daha əvvəl) iman gətirərdik. Onlar (Quranla) doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!” – deyəcəklər.

    12 - Ondan (Qurandan) əvvəl Musanın (İsrail oğullarına, möminlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Quran özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!

    13 - Şübhəsiz: "Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər!

    14 - Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!

    15 - Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)”

    16 - Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!

    17 - (Özünü Allaha, axirət gününə iman gətirməyə dəvət edən) ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı vəd edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: "Vay halına! (Ay yazıq) inan, Allahın vədi haqdır!” – deyərlər. O isə: "Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər.

    18 - Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!

    19 - Hamının (möminlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.

    20 - Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): "Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”

    21 - (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: "Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”

    22 - Onlar: "Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir görək!” – deyə cavab vermişdilər.

    23 - (Hud) demişdi: "(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!”

    24 - Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: "Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) "Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!

    25 - O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq!

    26 - (Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı.

    27 - And olsun ki, Biz sizin ətrafınızda olan məmləkətləri (Səmud, Lut tayfalarının yurdlarını) məhv etdik. Bəlkə, (haqqa, imana) qayıdalar deyə, ayələri onlara cürbəcür şəkildə bəyan etdik (təkrar-təkrar göstərdik).

    28 - Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə tanrı qəbul etdikləri (bütlər) onlara kömək etmədi? Əksinə, (o tanrılar) onlardan uzaqlaşıb qeyb oldular. Bu, (Allaha yaxınlaşmaq məqsədilə bütlərə sitayiş etmək) onların öz yalanları və öz uydurmalarıdır.

    29 - (Ya Peyğəmbər!) Onu da xatırla ki, bir zaman bir dəstə (ona qədər) cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə (yaxud sənin yanında) hazır olduqda (bir-birinə): "Qulaq asın!” – dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. (İşə bax ki, cinlər Quranı eşidib ona iman gətirdikləri halda, bu müşriklər hələ də ondan üz döndərirlər).

    30 - Onlar dedilər: "Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri (Tövratı, İncili, Zəburu və səhifələri) təsdiq edən, (Allahın bəndələrini) haqqa və düz yola (islam dininə) yönəldən bir Kitab dinlədik!

    31 - Ey qövmümüz! Allahın carçısını (Muhəmməd əleyhissəlamı) qəbul edin və ona iman gətirin. Allah (qiyamət günü) günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər!

    32 - Allahın carçısını qəbul etməyən (bilsin ki) yer üzündə qaçıb canını Ondan (Onun əzabından) qurtara bilməz və ona Allahdan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıq-aşkar (haqq yoldan) azmışlar!”

    33 - Məgər onlar göyləri və yeri yaratmış və onları yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər şeyə qadirdir!

    34 - Kafirlər cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm əzabını dadacaqları) gün (onlardan soruşulacaqdır): "Məgər bu (daddığınız əzab) doğru deyilmi?!” Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, doğrudur)!” – deyə cavab verəcəklər. (Allah) buyuracaqdır: "Elə isə (dünyada) küfr etdiyinizə görə dadın əzabı!”

    35 - (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əzab gəldikdə ancaq Allahın itaətindən çıxmış fasiqlər məhv ediləcəklər!)
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (16.09.2010)
    BAXILDI: 193
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех