4.ən-Nisa ( Qadınlar ) davamı - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 13:33
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    4.ən-Nisa ( Qadınlar ) davamı

    ən-Nisa ( Qadınlar )   davamı
    (101 - 176)
     
    101. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.
     
    102. (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
     
    103. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.
     
    104. (Kafir) qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
     
    105. (Ya Rəsulum!) Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!
     
    106. Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!
     
    107. Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!
     
    108. Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.
     
    109. (Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?
     
    110Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
     
    111. Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!
     
    112. Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).
     
    113. (Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!
     
    114. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!
     
    115. Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.
     
    116. Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.
     
    117. (Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.
     
    118. Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.
     
    119. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
     
    120. (Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir.
     
    121. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.
     
    122. İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan vədi üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!
     
    123. Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!
     
    124. Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!
     
    125. Yaxşı əməl sahibi olun özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!
     
    126. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.
     
    127. (Ya Rəsulum!) Səndən qadınlar barəsində fitva (əsasında hökm çıxarılan şəri məsləhət) istəyirlər. De ki: "Onlar barəsində fitvanı sizə Allah və Kitabdan (Qurandan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!
     
    128. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!
     
    129. Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
     
    130. Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!
     
    131. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tərif olunmağa) layiqdir.
     
    132. Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.
     
    133. Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!
     
    134. Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!
     
    135. Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
     
    136. Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.
     
    137. (Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!
     
    138. (Ya Rəsulum!) Münafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.
     
    139. O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
     
    140. Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!
     
    141. (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: "Məgər biz də sizinlə deyildikmi? " deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: "Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? " – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!
     
    142. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.
     
    143. (Münafiqlər imanla küfr arasında) tərəddüd edib nə (tamamilə) bunlara (möminlərə), nə də onlara (kafirlərə) tərəf dönərlər. Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməzsən!
     
    144. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?
     
    145. (Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!
     
    146. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini (etiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!
     
    147. Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!
     
    148. Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir!
     
    149. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!
     
    150. Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. "Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -
     
    151. Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!
     
    152. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah Özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
     
    153. (Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: "Bizə Allahı aşkar göstər!” – demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu. Sonra onlara açıq-aydın möcüzələr gəldiyi halda, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil (parlaq möcüzələr) verdik.
     
    154. Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: "Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq.
     
    155. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: "Ürəklərimiz pərdəlidir!” - dedikləri ucundan (Allahın lənətinə düçar oldular). Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
     
    156. Onlar həm də küfr etdikləri (İsanı inkar etdikləri) və Məryəmə qarşı böyük bir böhtan dedikləri üçün (lənətə düçar oldular).
     
    157. (Onların lənətə düçar olmalarının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər.
     
    158. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
     
    159. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
     
    160. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz, halal) nemətləri onlara haram etdik.
     
    161. Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!
     
    162. Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!
     
    163. (Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.
     
    164. (Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.
     
    165. Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
     
    166. Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Quran) ilə şəhadət verir ki, onu (Quranı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!
     
    167. (Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.
     
    168. Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!
     
    169. Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!
     
    170. Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Quranı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
     
    171. Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) "üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!
     
    172. İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!
     
    173. (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
     
    174. Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik.
     
    175. Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.
     
    176. (Ya Rəsulum!) Səndən fitva istəyirlər. De: "Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fitva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (05.09.2010)
    BAXILDI: 275
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех