7.əl-Ə’raf ( Sədd ) davamı - QURAN KƏRIM - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Bazar, 04.12.2016, 18:11
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » QURAN KƏRIM [ MƏQALƏ ƏLAVƏ ET ]

    7.əl-Ə’raf ( Sədd ) davamı

    7.əl-Ə’raf ( Sədd )     davamı
    (111 - 206)
     
    111. Onlar dedilər: "Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
     
    112. Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”
     
    113. Sehrbazlar Fironun yanına gəlib dedilər: "Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!”
     
    114. (Firon:)”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi.
     
    115. Sehrbazlar dedilər: "Ya Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”
     
    116. (Musa: ) "Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.
     
    117. Biz də Musaya: "Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur.
     
    118. Artıq haqq zahir, olanların uydurub düzəltdikləri yalanlar isə batil oldu.
     
    119. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.
     
    120. Onlar (hamı birlikdə) səcdəyə qapanıb
     
    121. Dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə -
     
    122. Musanın və Harunun Rəbbinə!”
     
    123. Firon (onlara) dedi: "Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu (sizin Musa ilə birlikdə gördüyünüz işlər), şübhəsiz ki, əhalisini çıxartmaq (qibtiləri qovub Misiri ələ keçirmək) məqsədilə şəhərdə qurduğunuz (gizli) bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!
     
    124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!”
     
    125. (Sehrbazlar) belə cavab verdilər: "Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! (Bizi ölümlə qorxuda bilməzsən!)
     
    126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!”
     
    127. Firon tayfasının əyan-əşrafı dedi: "Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?” (Firon onlara) belə cavab verdi: "Biz onların oğullarını (erkəklərini) öldürəcək, qadınlarını isə (bizə xidmət etmək üçün) diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq! (Onlar əvvəlki kimi yenə əlimizin altında olacaqlar!)”
     
    128. Musa öz tayfasına: "Allahdan kömək diləyin və səbr edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!” - dedi.
     
    129. (Musaya iman gətirənlər) dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara belə) cavab verdi: "Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”
     
    130. Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!
     
    131. Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!
     
    132. (Firon adamları Musaya) dedilər: "Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
     
    133. Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular.
     
    134. Onlara əzab gəldikdə dedilər: "Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.
     
    135. Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.
     
    136. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
     
    137. Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbr etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kaşanələri) isə viran qoyduq.
     
    138. Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: "Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız!
     
    139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”
     
    140. (Musa yenə) dedi: "Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!”
     
    141. (Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
     
    142. Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: "Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
     
    143. Musa təyin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!” – dedi.
     
    144. (Allah) belə buyurdu: "Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu nemətlərə görə) şükür edənlərdən ol!”
     
    145. Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) "Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!
     
    146. Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.
     
    147. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”
     
    148. (Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla belə) ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular.
     
    149. Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü və haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”
     
    150. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”
     
    151. (Musa) dedi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”
     
    152. Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!
     
    153. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir!
     
    154. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: "Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı).
     
    155. Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: "Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
     
    156. Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək). Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: "İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!
     
    157. O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
     
    158. (Ya Rəsulum!) De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allah ki) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah, eləcə də Onun Allaha və Allahın sözlərinə (ayələrinə, nazil etdiyi kitablara) inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!”
     
    159. Musa ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər.
     
    160. Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: "Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: "Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!
     
    161. (Ya Rəsulum!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: "Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, "hittə” ("bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”
     
    162. Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik.
     
    163. (Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik.
     
    164. Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: "Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: "(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” – dedilər.
     
    165. Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik.
     
    166. Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: "Həqir (zəlil) meymunlar olun!” – deyə əmr etdik.
     
    167. (Ey Rəsulum!) O zaman Rəbbin onlara (yəhudilərə) qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir!
     
    168. (Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər.
     
    169. Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
     
    170. Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!
     
    171. Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik.
     
    172. (Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik”;
     
    173. Və ya: "Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bis də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər biz batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.
     
    174. Biz ayələrimizi belə ətraflı izah edirik ki, onlar, bəlkə, (batildən haqqa, küfrdən imana) dönələr!
     
    175. (Ya Rəsulum!) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu
     
    176. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!
     
    177. Ayələrimizi yalan hesab edib özlərinə zülm edənlər barəsində çəkilən məsəl necə də pisdir!
     
    178. Allahın doğru yola yönəltdiyi kimsə kimsə doğru yoldadır. Onun (haqq yolundan) sapdırdığı kimsələr isə ziyana uğrayanlardır.
     
    179. Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!
     
    180. Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!
     
    181. Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
     
    182. Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
     
    183. Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!
     
    184. Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
     
    185. Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?
     
    186. Allah kimi doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyar!
     
    187. (Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”
     
    188. De: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”
     
    189. Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yüklə yükləndi (hamilə oldu) və (bir müddət həmin yükü) daşıdı (onunla oturub-durdu). (Həvva) ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh (sağlam, ağıllı, hər şeyi yerli-yerində) bir uşaq versən, (bu nemətə görə Sənə) şükür edənlərdən olarıq!” – dedi.
     
    190. Allah onlara saleh övlad verdikdə (Adəm və Həvvadan qeyri valideynlər) özlərinə verdiyi (uşağın adı) ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! (Onun heç bir şəriki yoxdur!)
     
    191. Məgər (bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar?
     
    192. Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər!
     
    193. Siz onları (müşrikləri və ya bütləri) doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur).
     
    194. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər (bu bütlərin sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər.
     
    195. Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!
     
    196. Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!
     
    197. Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!”
     
    198. Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!
     
    199. Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!
     
    200. Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
     
    201. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.
     
    202. (Kafirlərin qardaşları olan şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da (o kafirlər azğınlığa qurşanıb ondan) əl çəkməzlər (və ya Şeytanların yaxalarından əl çəkməzlər).
     
    203. (Ya Peyğəmbərim!) Sən onlara (Məkkə müşriklərinə) bir ayə gətirmədiyin zaman (sənə ayə nazil olmayanda): "Məgər sən onu öz tərəfindən uydurub düzəltməli deyildin? – deyə soruşarlar. De: "Mən ancaq Rəbbimdən mənə vəhy edilənlərə tabe oluram. Bu (Quran, vəhylər) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir.
     
    204. Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!
     
    205. Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!
     
    206Rəbbinin yanında olanlar (Allaha yaxın olan mələklər) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Onu pak, müqəddəs tutub şəninə təriflər deyər və ancaq Ona səcdəyə qapanarlar!
     
    KATEQORİYA: QURAN KƏRIM | ƏLAVƏ ETDİ: QIKO (06.09.2010)
    BAXILDI: 244
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех