Zəlimxan Yaqub - ŞEİRLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 03:58
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Zəlimxan Yaqub
     
     Zəlimxan    Yaqub                                                                Şeirlər
     
    Aşıq Hüseyn Saraclı                                                  səh1     səh2      səh3
    (dastan-roman)
    Ustadnamə
    Körpə vaxtı bir beşiyə sığarsan,
    Cavan vaxtı dünya sənə dar gələr.
    Bivəfadı, bel bağlama ömrə sən,
    Aylar keçər, qış yetirər, qar gələr.
    Əyilməmiş düzəldəsən işini,
    Sındırasan ehtiyacın dişini,
    Nizam olmaq tez ucaldar kişini,
    Hardan gəlsə əllərində var gələr.
    Qılınc ensə, qalxan olmaz hər sinə,
    Oğulsansa çətin günə gər sinə,
    Ay Zəlimxan, iş dönəndə tərsinə,
    Nə dost çatar, nə imdada yar gələr.
    Atınız yüyrək, baxtınız yeyrək olsun.
    Nə vaxta arxalan, nə baxta aldan,
    Nə dövran, nə də bir çağ vəfalıymış.
    Min bir daş ürəkli dostdan, tanışdan,
    Bir daşlı, qayalı dağ vəfalıymış.
    Nə toxa bel bağla, nə aca söykən,
    Nə ada, şöhrətə, nə taca söykən,
    Özün böyütdüyün ağaca söykən,
    Bağbandan min dəfə bağ vəfalıymış.
    Zəlimxan, dilində min dürlü dastan,
    Gah toydan söz açır, gah da ki yasdan,
    Bahalı köynəkdən, əlvan libasdan,
    Kəfən etibarlı, ağ vəfalıymış.
    Ustadlar ustadnaməni iki deməz, üç deyər, biz də deyək üç olsun, dərdləriniz puç olsun, qurbanınız qoç olsun.
    Dostum, gileylənmə yaddan, yaxından,
    Əzəldən belədir hamı bir olmur.
    Hər kəsin evinin öz qibləsi var,
    Çırağı bir olmur, şamı bir olmur.
    Həyat dövr eləyir hər axşam, səhər,
    Bir günü bal olur, bir günü zəhər,
    Birində sevinc var, birində qəhər,
    Hər günün ləzzəti, tamı bir olmur.
    Zəlimxan söyləsin, bil yavaş-yavaş,
    Bir yerdə olarmı ayaq ilə baş?
    Birində nəm hava, birində daş-qaş,
    Həyatın saraylı, damı bir olmur.
    Bəli, sizə hardan xəbər verim, kimdən deyim, oğuzların at oynatdığı, ozanların oxuduğu, qopuzların, toppuzların dindiyi, telli sazın dil-dil ötdüyü qədim Borçalı mahalından, Saraçlı kəndindən. Saraçlı kəndində kimdən, Aşıq Hüseyn Saraçlıdan.
    Günlərin bir günündə qara başımı qara sazın sinəsinə söykəyib, zilini zil, bəmini bəm, sinəmə müstəkəm eləyib Hüseyn Saraçlının çaldığı qədim saz havalarını şirin-şirin, asta-asta çalıb-oxumağa başladım. "Məmmədbağırı”, "Sultanı”, "Mixəyi”, "Quba Kərəmi”, "Dol hicranı”, "Kərəmköçdü” havaları bir-birini əvəz edirdi. Başımın üstündə Allahım, ruhumda, yaddaşımda yalnız Aşıq Hüseynin özü və sözü, ruhu və səsi varıydı. Onun xəyalıyla o qədər çaldım, oxudum ki, əlimi saz apardı, dilimi söz. Sərin bir yorğunluq çökdü canıma. Nə vaxt yuxuya getdiyimi bilmədim. Deyəsən, bu yuxu o yuxudan deyildi. Lələni Kərəmə qovuşduran Tanrının Hüseyn Saraçlını da Zəlimxana qovuşduran gecəsiydi.
    Yuxuya gedən kimi Hüseyn Saraçlını başımın üstündə gördüm. Həmişəki kimi ulu ozan görkəmində, sinəsində sədəfli saz, əlində qara yelənli ağ yaylıq, bığlarını eşə-eşə, alnının və üzünün tərini silə-silə "Ayə, qardaşoğlu, görürəm neçə gündü mənnən əlləşirsən, eşitmişəm mənim dastanımı yaratmaq istəyirsən. Gəlmişəm sözünə söykək olum. Bilirsən də xalq dəmnən tapanda, mən qəmnən tapmışam aşıqlığı. Bilirəm məndən ötrü, mənim köhnə havalarımdan ötrü çox darıxmısan. İstəyirəm "Mansırı” havasına şair
     
    Ağacandan oxuyum.
    Yığılın başıma dost olanlarım,
    Oxudun üstümdə Quran, gedirəm.
    Fitnəkar olmadım, evlər yıxmadım,
    Aparıb əxrətə iman, gedirəm.
    Ayrılıq sinəmi yandırdı, yaxdı,
    Fələk məni tərki-vətən buraxdı,
    Deyillər cənnətlə cəhənnəm haqdı,
    Görmədim ədalət, divan gedirəm.
    Canım qurban mərd iyidin mərdinə,
    Yaralar sinəmdə sızıldar yenə,
    Ağacanın pünhan olan dərdinə,
    Olmadı fələkdən dərman, gedirəm.
    Hava qəmli, söz ağrılı. Hava məni elə tutdu ki, bilmədim yatmışam, ya oyağam.
    Qəmi çəkib çıxarırdı canından,
    Elə bil ki, qılınc qından çıxırdı.
    Qan gölüydü sağı, solu, arxası,
    Təpə-dırnaq aşıq qandan çıxırdı.
    Od vurulub külə dönmüş zəmiydi,
    Gözündəki buludların nəmiydi,
    Qəlbindəki min illərin qəmiydi,
    Dil-dil olub ağrı candan çıxırdı.
    Zaman-zaman necə çəkib bu dərdi,
    Danışdıqca köz-köz oldu, közərdi,
    Bir tərəfdən gələn olsa dözərdi,
    Ağrı-azar dörd bir yandan çıxırdı.
    Qoca aşıq bir dumanlı dağıydı,
    Bu da bir cür dövranıydı, çağıydı,
    Bəxti qara, üstü-başı ağıydı,
    Dərd üyüdüb dəyirmandan çıxırdı.
    Ürəyimin qapılarını taybatay açıb orada işığa tutub elə həmin hava üstündə oxumağa başladım.
    Yenə a Saraçlı, nə yandırırsan,
    Dərdin hər üzündən xəbərinmi var?
    Göylərə sovrulan torpağın, daşın,
    Dağlara tən gələn kədərinmi var?
    Havalar hamısı göz yaşı tökən,
    Kimdi damar-damar bağrını sökən,
    Hasarı yıxılan, qalası çökən,
    Xaraba kökündə şəhərinmi var?
    Öldürür adamı səsin, avazın,
    Niyə qəm üstündə köklənib sazın,
    Tərsəmi yazılıb taleyin, yazın,
    Canda qiyamətin, məşhərinmi var?
    Yağılar od vurdu xəstəyə, sağa,
    Dağ çəkdi arana, dağ çəkdi dağa,
    Torpaq qorumağa, yurd qaytarmağa,
    Ordun, qoşununmu, əsgərinmi var?
    Kədər qismətindi, həsrət yazındı,
    Haqqın haqsızlara etirazındı,
    Göydə Allahındı, yerdə sazındı,
    Sənin sazdan özgə səngərinmi var?
    Aşıq, "bərəkallah oğul, ustadına bərəkallah” deyib razılıq elədi.
    Sazla dediyim kimi sözlə də ustadı sorğu-suala tutdum:
    - Ustad, toxunduğun iki mətləbin açmasını sənin öz dilindən istəyirəm. Birincisi, niyə dedin ki, xalq dəmdən tapanda, mən qəmdən tapmışam? İkincisi də niyə söhbətə şair Ağacanın o qəmli sözləriylə başladın?
    Bu dərd nə olan şeydi, ay ustad! Oğul dərdlə lap köhnədən, dədə-babadan qan qohumluğum var. Məni ilk dəfə dərdlə qan tanış eləyib. Qohumlarım çox olsa da, məni dərddən çox istəyən yoxdu, ay bala. Nə qədər ki, uşaq idim bizə az-az gələrdi. İldə bir-iki dəfə gələr, üzünü bozardar, gözünü ağardar, dişini qıcıyar, yavaş-yavaş xəlvətə çəkilib gedərdi. Mən böyüdükcə o da böyüdü, sonralar məndən əl çəkmədi. Qardaşınam dedi, dostunam dedi. Səninlə ömürlük sirdaş olacağam dedi.
    Dərdə mərdim
    Düşməsin dərdə mərdim.
    Yazıq canım neyləsin,
    Tifilkən dərd əmərdim.
    Elə bil çərxi-fələk bu dərdi mənim boynuma biçmişdi. Dərdin mənə quşu qonmuşdu. Məni yaman çox istəyirdi. Mən ondan qaçmaq istəyirdim, o məndən bir addım da kənara çəkilmək istəmirdi.
    - Ay ustad, dərd adama neyləyir ki, sən ondan belə hour-zour eləyirsən, niyə belə yanıqlısan?
    - Dərd adama neyləyəsidi, o bala! Böyümək istəyirsən başından basır, yerimək istəyirsən ayağından dartır, uçmaq istəyirsən qollarını bağlayır. Dilini titrədir, yerişini büdrədir, dişini laxladır, saçını vaxtsız ağardır, ciyərini pencər kimi sıxır, gözünə duzlu su, ürəyinə qan, beyninə duman doldurur. Gözün görə-görə səni öldürür, sonra da üstünə gülə-gülə deyir, get yaşa! Nəfəs candan, ruh bədəndən çıxmamış səni bircə an da olsun gözdən qoymur. Elə ki, nəfəs getdi, canın çıxdı, o da çıxıb gedir, daha sənlə yoldaşlıq eləmir. Bax dərd budu bala, qəmnən tapmaq budu!!!
    Suallarım elə bil aşığın yarasının üstünə köz basdı: "Oof, ay bala, mənim köhnə dərdlərimi niyə təzələdin, yaralarımın üstünü niyə açdın? O ki belədi, məndən demək, səndən eşitmək, yüz gün yaraq, bir gün gərək deyəllər. Lazımın olar, inşallah”!
    Niyə dedim, necə dedim, nə dedim, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan. Hər nə varsa, məndən sənə əmanət, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
    Dərdim çoxdu, açma mənim falımı, Zalım dövran zəhər etdi balımı, Yaxşı öyrən mənim ərzi-halımı, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
    Qan üstündə bir məmləkət quruldu, Al qanımız neştər ilə soruldu, Ağlar gözüm ağlamaqdan yoruldu, Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
    Mən Hüseynəm, şərbət mənə ağıdı,
    Şeytan feli ömrümüzə yağıdı,
    Niyə belə dərd sinəmi dağıdır?!
    Yaxşı dinlə, yaxşı anla, yaxşı qan.
    Oğul, sazla dediyim kimi sözlə də deyirəm. "Dərdlini dindirməyin, dərd onsuz da dindirir” - deyiblər. Ona görə "mən aşıqlığı qəmdən tapmışam” dedim ki, Saraçlı kəndinin üstündə atam Qurban kişini - on uşaq atasını gözlərimin qabağında Şura hökuməti güllələdi. "Güllələdi” - sözü dilinnən çıxdığınnan, aşığın rənginin qapqara qaralmağı bir oldu. Elə bil ki, palıd ağacını qəfildən ildırım vurdu. Dili tutar-tutmaz "mənə su verin” - dedi. Mən tez aşığa bir dolça su verdim. Dodaqları cadar-cadar olmuş torpaq suyu ciyərinə necə çəkirsə, aşıq da dolçanı o cür başına çəkdi.
    Qırx il sinədə qövr eləyən yaranı, ürəkdən girib, kürəkdən çıxan güllənin yanğısını bir dolça su ilə söndürmək olardımı?
    Qurban kişini Saraçlının yuxarı başında, Qaraqayanın ətəyində, Qalxama çayının üstündə güllələdilər. 12 dil bilən Qurban kişinin onda əlli yaşı var idi. O zaman atılan güllə qırx il sonra aşığın sinəsindən dəyib, kürəyini açım-açım eləmişdi. O zaman ataya-ağsaqqala dəyən güllələr bu gün oğula, aşığa, sənətə, sənətkara, sazın tellərinə dəymişdi.
    O qanlı səhnə birdən-birə aşığı o dəhşətli və amansız günlərə aparmışdı... Hökumətin əmri, qəzanın hökmü beləydi. Qurban ağa güllələnməliydi. Düzdü, ona rəsmi şəkildə dövlət tərəfindən ağalıq verilməmişdi. Amma şəxsiyyəti, oturuşu, duruşu, savadı ona ağa nüfuzu qazandırmışdı.
    Əlaltından satqınlar vasitəsiylə öyrənmişdilər ki, bu kənddə sözü keçən, irəlidə olan Qurban kişidi. Hökumətin qara dəftərinə düşmüşdü.
    Güllə rus beşaçılanından açılır. Güdaza verən özümüzünkülər, tətiyi çəkən rus barmağı olur. Qəbristanlıqda dəfninə icazə verilmir. Ölümündən sonra qarışıqlıq olmasın deyə üç gün əsgərlər qəbri qorumağa məcbur olur. Harda güllələnibsə, orda da onu torpağa basdırırlar.
    Güllələnmədən 5-10 dəqiqə qabaq son söz demək istəyir. Çuğullar hökumət adamlarına qandırır ki, ona söz verməyin. Onda elə dil var ki, əgər ağzını açdısa, o bəraət qazana bilər. Şeytan fitvası işini görür, hökm yerinə yetirilir. Qurban kişinin ölümündən üç gün sonra hökumətdən kağız gəlir ki, onu güllələmək olmaz, bağışlamaq lazımdır. Artıq gec idi. Daldan atılan daş topuğa dəymişdi...
    Aşıq yavaş-yavaş özünə gəlib söhbəti davam etdirir. Mən ailənin ikinci uşağı olduğum üçün bütün ağırlıq mənim çiynimə düşdü. Qanlar, qırğınlar, qaçaqlar, qoçaqlar, güllələnmələr, sürgünlər gördüm. Anam Yetər qarı dilinin bayatısı, gözünün yaşı ilə böyütdü bizi. Ağılar, laylalar, oxşamalar, eydirmələr anamın səsində, sözündə iliyimə, qanıma hopdu, damarlarıma yeridi. Anamın bayatı - ağı kökündə dodaqaltı zümzümələri, qımqımaları, duaları, Allaha ərzi-halları havalandırırdı məni. Dedilər Qurban kişinin oğlu havalanıb. Oxlovdan, odundan, yarmaçadan, maşadan, süpürgədən əlimə nə keçirdisə saz kimi sinəmə basıb oxuyurdum. Niyə oxuyurdum, kimdən oxuyurdum bilmirəm, bircə onu bilirdim ki, oxuyurdum.
    Dədə Ozan əlini yenə qara sazına apardı, söylədi görək nə söylədi.
    Ulu Tanrı bölgüləri böləndə,
    Kimə çoxu, kimə azı verdilər.
    Bölüşdürüb fəsilləri, ayları,
    Kimə qışı, kimə yazı verdilər.
    Püşkümüzə ulduz düşər, Ay düşər,
    Bəxtimizə çeşmə düşər, çay düşər,
    Yaradandan hər kəsə bir pay düşər,
    Mənə buta telli sazı verdilər.
    Sevişənlər naz-qəmzələr satanda,
    Bir-birinin ürəyinə yatanda,
    Növbə gəlib Saraçlıya çatanda,
    Şirin səsi, xoş avazı verdilər.
    İbtida olaraq şair Ağacandan oxumağım da boşuna deyil, oğul:
    Dər dəymişi,
    Budaqdan dər dəymişi,
    Mən özüm dərd əhliyəm,
    Tanıram dərd əymişi.
    Onun başına açılan müsibət mənimkindən də betər olub. Ağacan Gümrü mahalında dünyaya gəlib, ordan Borçalıya, Quşçu kəndinə köçüb. Savadlı olduğuna, dini gözəl bildiyinə, şair olduğuna görə Sibirə sürgün eləyiblər. Vəfalı ömür-gün yoldaşı Zəhra xanım şairin ölümündən iki il sonra gedib ərinin sümüklərini Sibirdən gətirib, Qaçağan qəbristanlığında torpağa tapşırıb. Zəhra xanım öləndə onu şair Ağacanın sümükləri basdırılan yerdə dəfn ediblər. Sümükləri Sibirdə sızlayanlarımız birdirmi, beşdimi, ondumu, yüzdümü, hansını deyəsən, oğul. Gör aradan neçə illər keçib. Sibir deyiləndə indinin özündə də adamın sümükləri göynəyir.
    Güllələnmiş sıramızdı,
    Uzaq düşən aramızdı,
    Sağalmayan yaramızdı,
    Sibirdə qalan sümüklər.
    Qanlı taxt-taca nifrətdi,
    Kindi, qəzəbdi, hiddətdi,
    Dəhşət içində dəhşətdi,
    Sibirdə qalan sümüklər.
    Yediyini yedi qürbət,
    Dediyini dedi qürbət,
    Soruş desin nədi qürbət,
    Sibirdə qalan sümüklər.
    İşığımız, nurumuzdu,
    Odumuzdu, qorumuzdu,
    Yer dəyişən gorumuzdu,
    Sibirdən gələn sümüklər.
    Vətənə dönmüş qürbətdi,
    Heyrətə dönmüş qeyrətdi,
    Bir əbədi ziyarətdi
    Sibirdən gələn sümüklər.
    Bax, budu cənazəsi Sibirdə, sümükləri Qaçağanda dəfn olunan şair Ağacanın faciəsi. İndi tale oxşarlığına fikir verdinmi, verdiyin sualın cavabını aldınmı, oğul.
    Bəli dedim, bağır basdım, baş endirdim ustada. Gördüm aşığın taleyi ilə mənim taleyimdə də bir qəribə, maraqlı oxşayış var. Mən də öz növbəmdə öz taleyimdən danışdım ulu ozanımıza.
    Mənim ana babam Sərdəroğlu Qurban yaraşıqlı, boylu-buxunlu sazı gözəl çalan, şirin avazlı, eşq əhli bir insan olub. 1937-ci ildə Şura hökuməti onu da Sibirə sürgün elədi. Nabat nənəm ondan sonra beş-altı il yaşaya bildi. Bu həsrətə dözmədi, dünyasını dəyişdi. Yetim qalan üç sahibsiz qızın biri mənim anam, ömrü boyu gözü yollara baxan, kipriyiylə odlar götürən Güllü xanım olub. Ömrü boyu anamı dili bayatılı, gözü yaşlı gördük. Ürəyi qardaş istəyəndə deyərdi:
    Qar daşı,
    Qarlı dağdan qar daşı,
    Xəstə könlü nar istər,
    Mənim könlüm qardaşı.
    Bir at mindim başı yox,
    Bir çay keçdim daşı yox,
    Yetim bir qız ağlayır,
    Qohumu qardaşı yox.
    Muraza çatan yetim-yesiri görəndə gümüldənə-gümüldənə deyərdi:
    Mən də yetim,
    Sən yetim, mən də yetim,
    Sən yetdin mətləbinə,
    Dua qıl mən də yetim.
    Atalının atası varsa, yetimin də Allahı var. Allah məni anama təkcə oğul kimi yox, həm də şair kimi bəxş elədi ki, onun ağlı-qaralı günlərini, bir gözü gülüb, bir gözü ağlayan dəmlərini bayatının, qoşmanın, təcnisin diliylə ipə-sapa düzüm, ellərdə, dillərdə səsləndirim. Bəlkə Allah məni saza ona görə bu qədər möhkəm bağladı ki, sazı köynəkdə, qəlbi göynəkdə qalan, səsi alınan babamın yarımçıq arzularını davam elətdirim. Bu talelərin dastanını yazmaq üçün mən də qoşuldum saz çalıb, söz deyənlərin cərgəsinə.
    Ustad aşıqların nəvəsiyəm mən,
    Könlüm çalmasınmı saz havasını.
    Meylini verməzmi bağlara bülbül,
    Tərlan istəməzmi yaz havasını.
    Düşəndə gözlərin dodağı qəndə,
    Günahdı salasan ürəyi bəndə,
    Sallama yerişli bir qız görəndə,
    Dinləmək istərəm naz havasını.
    Zəlimxan, sevgiyə tapşıranda can,
    Uca dağlar kimi ucalar insan,
    Aşıq, layla deyən dilinə qurban,
    Çal, mənim anamın öz havasını.
    Hüseyn Saraçlının bu söhbətdən ürəyi qübar elədi, onsuz da kövrək olan aşıq bir az da kövrəldi. Ala gözlərindən bir neçə damla yaş düşdü, o yaş sazın sinəsinə və mənim nisgilli ürəyimə düşdü. Dedi oğul, mənim atam Qurbanın güllələnməsi də, sənin baban Qurbanın sürgünü də qara gəlmiş 30-cu illərin işi, yerdə özünə Allah deyənlərin fitnə-fəsadı, şəri-böhtanıydı, o şərə, böhtana da bizim ata-babalarımız düşdü. Hələ də azarını çəkirik. Nə azar qurtarır, nə dərd-bəla. Nəysə... Söhbətin axarını dəyişək.
    İndi de görüm oğul, mən aşıqlığı qəmdən tapdım, sən şairliyi hardan tapdın, nədən mayalandın?
    - Ustad, hardan tapasıydım. Borçalının aranı-yaylağı, dağı-binəsi, çayı-çeşməsi, bulaqların zümzüməsi, yarpaqların pıçıltısı, çayların şırıltısı məni şair elədi.
    Ustad bu sözümü yumşaq bir gülüş və təbəssümlə qarşıladı. Adəti üzrə yenə bığlarını eşə-eşə dedi:
    - Ayə, rəhmətliyin oğlu, kimin ağlına soğan doğruyursan? Yarpaqların pıçıltısınnan, bulaqların şırıltısınnan şairlik olsaydı, şairləri dağ-dərə tutmazdı, çomaq götürənin hamısı məmə deyəndən pəpə yeyənə şair olardı.
    Ustad sözü yerində demiş, hədəfə vurmuşdu. İşarə verirdi ki, şairlik Allahın işidi, bəndəlik deyil. Özü o yolları keçib gəldiyinə görə belə şeyləri yaxşı bilirdi. Atası gözünün qabağında güllələnəndə də, atasının üstündə iki dəfə həbsə düşəndə də, Dağ Borçalıda Cücəkəndində gözəllər gözəli Şahsənəm xanıma vurulanda da, yuxularda saz çalıb, bülbül kimi oxuyanda da
    Dəmə gəl,
    Söhbətə gəl, dəmə gəl,
    Dərd bilənin özü gələr,
    Dərd bilməzə demə gəl.
    deyib öz ömrünü-gününü laylaya tutanda da aşıq-haqq vergisi olmaq nədi, buta verilmək nədi, dərviş alması nədi, ələst aləmi, ərənlər piri nədi, çox gözəl bilirdi. Zaman-zaman mənə bu həqiqətlərdən danışmışdı.
    Amma di gəl ki, bu mətləbləri dərindən bilsə də, həmişə deyərdi:
    - Qırx ildi bu sənətə qulluq edirəm, qırx ilin aşığıyam, amma hələ də bilmirəm aşıqlıq nədi. Çünki nə qədər əlləşdim, vuruşdumsa da bu mətləblərin sonunu bir yana çıxardammadım.
    - Mən də bu dünyanı belə gördüm ki, ancaq bilənlər dedi mən heç nə bilmirəm. Bilməyənlər hər şeyi bilirəm dedi.
    Ustad yenə meydanı saza verdi. "Mixəyi” havası üstündə dedi görək nə dedi:
    Qədəm basıb bu sənətə gələndən,
    Hünər tapdım, qorxu nədi bilmədim.
    Qırxlar piri sığal çəkdi başıma,
    Ərənlərin qırxı nədi, bilmədim.
    Havaların sambalı nə, sayı nə,
    Qəm yükünün mənə düşən payı nə,
    Bu sənətin çeşməsi nə, çayı nə,
    Seli nədi, arxı nədi, bilmədim.
    Una döndüm, ömrüm keçdi ələkdən,
    Dərdə-qəmə bələnmişəm bələkdən,
    Saraçlıyam, dad elədim fələkdən,
    Fələk nədi, çarxı nədi, bilmədim.
    Ustad, bu sirləri sən də bilmirsənsə onda biz kimin yanına gedək.
    - Dərgahımız, pirimiz, ocağımız, murad alıb, murad verənimiz el içində, xalq arasındadı, oğul. İşıq gələn tərəf oradı, üzünü həmişə o tərəfə tut, elin "bərəkallah”ını qazanana zaval yoxdu, mənim balam.
    Hər oğulun hünəri deyil ki, elin "bərəkallah”ını qazansın. Kim bu sərvəti qazana bilsə, Tanrının dostu, elin anası, xalqın sirdaşıdır. Əgər sən doğrudan da haqq aşığı, el şairisənsə bil ki, qiblə də, qara daş da, Kəbə də, Məkkə də ordadı.
    Şair qardaş, elə yaz ki,
    söhbətinə, sözünə,
    Sənətkarın sazındakı,
    tel bərəkallah desin.
    Xalq ucaldar sənətkarı,
    xalq üçün yanmaq gərək.
    Elə yan ki, atəşinə
    kül bərəkallah desin.
    Mən şairəm deyən kəsin
    ürəyi közdən gərək,
    Ağır olsun, inciməsin,
    hər quru sözdən gərək.
    Qiymətini el içində
    salmasın gözdən gərək,
    Yeriyəndə arxasınca
    el bərəkallah desin.
    Dərya olsan havalanma,
    de damladan azam mən,
    Gəl özündən dəm vurma ki,
    yayam, qışam, yazam mən.
    Tel olmamış söyləmə ki,
    bir sədəfli sazam mən,
    Bu gedişə dodaq gülsün,
    dil bərəkallah desin.
    Elin yanına getdinsə, elin içində əridinsə, elin dilində danışdınsa, el sənin dilinlə dilləndisə dünya sənin, sən də dünyanın olacaqsan, oğul.

    Sənsiz səni coşduracaq yaradan,
    Bülbülsənsə gül yanına get, oğlum!
    Qovuşarsan ümmanların qoynuna,
    Damlasansa sel yanına get, oğlum.
    İşığı gör dumanda sən, sisdə sən,
    Yaxşını tap yamanda sən, pisdə sən,
    Şirin üçün Fərhad olmaq istəsən
    Külüng götür, bel yanına get, oğlum.
    Elin dili durna telli, cığalı,
    El içində yaraların sağalı,
    Ruhumuzun yaraşığı, sığalı,
    Elə çevril, el yanına get, oğlum.
    El deyəndə mən bunu gəlişi gözəl söz kimi işlətmirəm. Elin qaçağı-qoçağı, mərdi-namərdi, dəlisi-dolusu, qarısı-qocası, keçəli-lotusu, dərvişi-dəlləyi var. Hər birinin də öz dünyası, öz aləmi, öz gözəlliyi. Hər birinin öz nağılı, öz dastanı, öz qaravəllisi, öz atmacası. Naxırçıdan, sağıcıdan, ilxıçıdan, çobandan, dəlləkdən elə söz eşidərsən ki, ömrün boyu oxusan da onu heç bir kitabda tapmazsan, oğul.
    Sözə qüvvət: Bir gün çoban sürüsünü sulamaq üçün qoyunları suya vermişdi. Qoyun-quzu sudan içir, çoban da "qürreyhə-qürrey” fışqırığına ara vermir. Kənardan biri bu mənzərəyə tamaşa edirdi. Dedi, ayə, ay çoban, doğrudan da elə çobansan ki, çobansan. Ayə, qoyundu, sudu, içsə içər, sən nə fışqırığa dəm verirsən. Çoban heç təhir-töhrünü pozmadan: "qardaş, məni bağışla, içində o qədər səni kimi qanmayanı var ki, fışqırıqlamasam içmir” cavabını verir.
    Məclis adamı məclisnən, el adamı elnən, yol adamı yolnan, söz adamı söznən olmalıdır. Hər yerin öz adamı, hər adamın öz yeri var. Hər sözün öz yeri-yatağı, dağı-binəsi var, oğul. Sözü deyənlə dedirdən, danışanla danışdıran yarıbayarıdı. Sözün cavabı söz olar, bezin cavabı bez. Sözü vaxtında və yerində deməsən heç kəs eşitməyəcək. Sözü sahibinə çatdıra bilməsən özündən küs, özgədən yox.
    Bu bayatını eşitməmiş olmazsan.
    Qoy qala,
    Odun gətir, qoy, qala.
    Sözün keçməyən yerdə
    Ürəyində qoy qala.
    Ustad davam elədi:
    Ömrümün oğlan çağlarında başıma gələn bir söhbəti qulluğunuza yetirirəm. Yayın qızmar çağlarıydı. Qaşqa kəhəri minib arandan yaylağa, Saraçlıdan Qaraxaça yol gedirdim. Ayaq üzəngidə, diz qabırğada, əl qamçıda. Sazı da çiynimdə. Uzaqdan baxanda Osmanlı beşaçılanına oxşayır. Saraçlıdan çıxdım, Qoçulu körpüsünü adladım, Kəpənəkçini, İncəoğlunu, Şəmisoyu keçdim, Çatağın körpüsünün üstündə fikirləşdim ki, yol məni darıxdıracaq, Allah eləyə bir yol yoldaşı ola, yaylaq yollarına nərdivan qoyaq, körpü salaq. Söhbət başımızı elə qata ki, ayılanda görək Lök Candarını keçmişik. Yolun sonuna çataçatıq. Elə bil Allah səsimi eşitdi. Çatağın körpüsünü təzəcə keçmişdim ki, arxadan qamçı şaqqıltısı eşitdim. Gördüm bir atlı gəlir, atın cilovunu çəkib onun gəlişini gözlədim. Salamlaşdıq. Cilov vura-vura atlarımız qoşalaşdı. Bir az getmişdi ki, dedim qardaş, deyirəm yola bir nərdivan qoyaq, bir söhbət başlayaq, bəlkə o hesaba yolu qısalda bildik. Dedi sən bilən yaxşıdı. Nəyi bilirsən başla. Fikirləşdim ki, hansı dastanı Çataqdan başlasam Lökün altı Candarda söhbətin əl-ayağını yığa bilərəm. "Alı xan və Pəri” dastanını başladım. Yaylaq yolu ola, dağ cığırları ola, köhlən atla səfər ola, ömrün oğlan çağları ola, aşığın nağıllı-dastanlı-atmacalı dünyası ola, qulaq asanın da xoş halına, danışanın da.
    Bəli, söhbəti başladım. Dastanın ustadnaməsi, vücudnaməsi, deyişməsi, qıfılbəndi, hərbə-zorbası, duvaqqapması - hamısı yerli-yerində. Söz sözü çəkir, söhbət-söhbəti. Boğazım yumşalır, arada bir tərlan kimi qıy vururam, sinəm dəmirçi kürəsinə dönür. Doğrudan da dediyim yerə Lökün altı Candara çatanda dastanı tamamladım. Lök dağı Ləlvərlə, Ağlağanla adı qoşa çəkilən Borçalının aran-yaylaq yolları arasında ən hündür dağın adıdı. Lökə qar düşəndə babalarımız deyərdi ki, hazırlıq görün, qış gəlir. Lök dağı ilə bağlı bir bayatımız da var.
    Yekə dərdi,
    Yetimin yekə dərdi.
    El çəkməz, oba çəkməz,
    Söylədim Lökə dərdi.
    Nəysə.. gələk mətləb üstünə. Dastanın duvaqqapmasını deyib, söhbəti tamamladım və yol yoldaşımın üzünə baxdım. "Sağol”unu, "bərəkallah”ını gözləyirdim. Birdən-birə gözlədiyimin tərsini gördüm. Sifətində saza, söhbətə heç bir maraq oxumadım. Elə bil beş saatlıq yaylaq yolunda olan söhbət heç onun yel olub yanından da keçməmişdi.
    Dedim, qardaş, söhbət xoşuna gəldimi? Sualımdan kişi yuxudan ayılan kimi oldu. Var səsiylə bircə söz işlətdi. "Hayy!” Dedim Allah evini yıxsın, səhərdən qızıl xırdalayıram, "Hayy” nədi? Sabahdan bir Quranlıq söz danışmışam, deməli, bu sözlərin sənə təsiri olmuyub?
    Dedi: ay aşıq, sən Allah məni bağışla. Dağ kəndlərinə kartofa dəyişməyə qarğıdalı aparıram. Bütün yol boyu fikrim alverin yanında olub. Alı xan kimdi, Pəri xanım kimdi, sənin nə danışdığından qəti xəbərim olmayıb. O gündən mənə dərs oldu ki, sözün müştərisi olmasa, bazarını bağlı, xəzinəni örtülü, sandığını qıfıllı saxla. Özümü ələ almaq üçün yenə bir zarafata əl atdım. Ay eloğlu, daha mənə olan olub, izn ver sənin bu ərzi-halına bir misal çəkim. "Buyur!” dedi. Yenə sağ olsun ki, "Buyur” kəlməsini işlətdi.
    - Bir gün bir tacirin qızıl yüklü dəvəsi karvandan ayrılıb, qatardan üzülüb itkin düşmüşdü. Tacir başı alovlu düşür dəvəni axtarmağa. Orda dəvə, burda dəvə, axtara-axtara, soruşa-soruşa gəlib bir kəndə çıxır. Təzəcə kəndə girmişdi ki, gördü bir gözəl qız çiynində durnaboğazlı səhəng bulağa sarı gedir. Ay qızım, bir dayan, sənə sözüm var. Qız ədəblə dillənir, əmi, buyurun görüm nə deyirsiniz.
    Tacir: Ay qızım, iki min manat muştuluq verirəm, bəlkə dəvə görəsən?
    Qız: Əmi, uşaqlıqdan məni əmimoğluna beşikkəsməsi eləyiblər, bu gün-sabah toyumuz olasıdı.
    Tacir: Ay qızım, onu demirəm, muştuluq verirəm, bəlkə dəvə görəsən?
    Qız: Əmi, qonşumuzda qoldan yoğun, ağıldan az bir oğlan var, məni o götürüb qaçmaq istəyir.
    Tacir: Ay qızım, iki min manat muştuluq verirəm, bəlkə dəvə görəsən?
    Qız: Əmi, əslinə qalsa mənim qəlbim nə əmim oğlundadır, nə də qonşumuzun oğlunda.
     
    Mənim ürəyim xalam oğlundadır. Mən ancaq onunla xoşbəxt ola bilərəm.
    Hə... Tacir barmağını dişlədi ki, ey - dili qafil, mən nə hayda, bu nə hayda. Deməli, hər kəs öz dəvəsini axtarır. Beləcə mən başıdaşlı da o tacirin gününə düşüb, "Alı xan və Pəri” dastanını kartofla qarğıdalının güdazına verdim.
    Gücüm yenə dərdimin dərmanı telli saza çatdı, ürəyimi boşaltdım.
    Hərənin öz dəni, öz dəyirmanı,
    Hər kəs öz işində, öz hayındadı
    Əzrayıl can atır can bazarına,
    İnsan od eşqində, köz hayındadır.
    Canını ağrıdan azara baxmır,
    Ucuz satıldığı bazara baxmır,
    Ölünü yuyanlar məzara baxmır,
    Kəfən alverində, bez hayındadır.
    Qara ləkə düşür yaşıl xalıya,
    Sönən ocaqları kimlər qalıya,
    Dastan qurban gedib qarğıdalıya,
    Aşıq Saraçlı da saz hayındadır.
    Bəli, bu yaylaq yolları o yollardı ki, məni dönə-dönə dağlarla, binələrlə, çaylar-çeşmələrlə, el ağsaqqalları ilə, sinədəftər qocalarla görüşdürüb.
    Bu o yaylaqlardı ki, məni həmişə özünə çəkir. Şıdırğı dolusu, leysan yağışı, qəzəblənmiş seli, havalanmış çayı, oxuyan bulağı gecə yuxularımda, gündüz xəyallarımda qərar tutub.
    Bu o yaylaqlardı ki, qırx incəbelli qızla seyrə çıxan Gülzar xanım ceyran şəklinə girib Şah İsmayılın ağlını başından almışdı. Dalınca gəlsin deyə, əl-ayağını yığışdırıb, sona kəklik kimi Şah İsmayılın başının üstündən sıçramış, qaça-qaça gedib öz çadırına girmişdi.
    Bu o yaylaqdı ki, Gülzar xanımdan ötrü Şah İsmayıl kimi bir sərkərdəni, şahı bir qarıya minnətçi salmışdı.
    Mən ovçuyam, öz ovumu ovlaram,
    Alacağam, nənə ceyran mənimdi.
    Yeddi bələn aşırıban ovlaram,
    Alacağam, nənə ceyran mənimdi.
    - deyən şairə göy yaylağın başında kənizlərin başçısı qarı belə cavab vermişdi:
    Mən ceyranı yeddi ildi saxlaram,
    Kərəm eylə, oğlan ceyran mənimdi.
    Gündə üç yol nəzər salıb yoxlaram,
    Kərəm eylə, oğlan ceyran mənimdi.
    Bu o yaylaqlardı ki, "Çərşənbə günündə, çeşmə başında” incəbelli gözəllər, durnaboğazlı qızlar çox oğulları havalandırmış, Abbas Tufarqanlı demiş "Ağlını başından, ruhunu bədənindən almışdı”.
    Günlərin bir günündə təzə-təzə sinəm saza, əlim pərdəyə yatığlı bir vaxtda Cücəkəndinə gedəsi oldum. Atamın dağ kəndlərində dostları çox olduğu üçün yaylaqlara, dağlara tez-tez gedib-gələrdim. Cücəkəndində atamın dostu Tomarrı Qurban kişi var idi. Atamın ürək dostu idi. Məni görən kimi öz doğma balası bilib bağrına basdı: Hüseyn bala, sən mənim əziz dostumun oğlusan, neçə gün ürəyin istəyir bizim evdə qalacaqsan. Bura gələndə Yetər anama demişdim, evimizdən nigarançılığım yox idi, ona görə də əmin-arxayın burda qalası oldum. Üçüncü günün axşamında Qurban əmi mənə müraciətlə - qardaşoğlu, qonşuda toy var, gəl səni də o toya aparım, dağlarda çalınan toyları öz gözlərinlə gör dedi. Üzünü evdən bayıra sarı çevirib, ay Şahsənəm, qızım, hazırlaş, səni də toya aparacağam. Qız bu sözü eşidən kimi tovuz quşuna döndü, bəzənib çardağa çıxdı. Qız məni hardasa görmüşdü, ancaq mən qızı heç vaxt görməmişdim. Mən Qurban əmi ilə evdən çıxanda gözlərimə inanmadım. İlahi, bu nə gözəl, bu nə gözəllik idi. Çardağın altında bir dünya gözəli yerdə çiçəklərə, göydə ulduzlara meydan oxuyurdu. Öz-özümə fikirləşdim ki, üç gündü mən burdayam, bu qızı harda saxlayıblar ki, mən görməmişəm. Bəlkə gözlərim tutulub, bəlkə fil qulağında yatmışam. Nəysə, getdik toy məclisinə. Qara zurnanın səsi, dəfin gumbultusu, adam nədi, daşı da yerindən oynadırdı. Gözəllər kəklik kimi səkirdi. Qızlar Şahsənəmi də oynamağa dəvət etdilər. Şahsənəm oynamağa çıxdı, nə çıxdı, bulud altından çıxan gün kimi gözəlliyi də, gözəl oynamağı da cavanların ürəyinə od saldı. Ürəyimə dammışdı ki, Allah bu el gözəlini mənim bəxtimə yazmasaydı, ilin-günün bu vaxtında mənim burda nə işim vardı. Şahsənəm oynadıqca ürəyim atlanır, könlümdən söz qaynayırdı. Nə vaxt dillənib şeir oxumağımdan özümün də xəbərim olmadı. Hamının eşidəcəyi bir səslə oxumağa başladım.
    Bir dünya gözəli çıxdı meydana,
    Bağrımın başında buz oynatdılar.
    Əridim, töküldüm, əsdim, titrədim,
    Elə bil sinəmdə köz oynatdılar.
    Qəfil bir baxışla gəldik üz-üzə,
    Kimdi bu ceyranı buraxan düzə,
    Biri mələk dedi, biri möcüzə,
    Şairlər ortada söz oynatdılar.
    Ürəyə od axdı, damara işıq,
    Dəydi bir-birinə xanəndə, aşıq,
    Bu nə tamaşaydı, bu nə yaraşıq,
    Gözlər baxa-baxa göz oynatdılar.
    Can çiçək olanda nəfəs tər olar,
    Dodaq bal olanda yanaq zər olar,
    Dedilər məclisdə bədnəzər olar,
    Çevirib başına duz oynatdılar.
    Bir sərgi yaradıb qızdan, qadından,
    Allah danışırdı eşqin adından.
    Bu toy görənlərin çıxmaz yadından,
    Bu toyda bir gözəl qız oynatdılar.
    Alqış sədaları göylərə ucaldı. Mənim oxuduğum şeir məclis əhlini daha da coşdurdu. Məclis qurtaran kimi Qurban kişi şad-xürrəm bizi də götürüb evinə gəldi. Elə bil təzə anadan olmuşdum. Yerə-göyə sığmırdım. Göylərin neçənci qatında uçurdum, Allah bilirdi. Ürəyimin tırpıltısı, döyüntüsü sinəmi yarıb eşiyə çıxmaq istəyirdi. Fürsət gəzir, məqam axtarırdım ki, Şahsənəmə ürəyimin sözünü yetirəm. Nəhayət, mən deyən saat gəlib çatdı. Gün bir çatı boyu qalxmışdı ki, Qurban kişinin qapısında beş-altı atlı göründü. Qurban kişini də İlməzli kəndinə toya aparmaq üçün Cücəkəndinin adamları bir yerə cəm olmuşdular. Qurban əmi atını minib atlılara qoşuldu. Arvad evdən-eşikdən, oğul-uşaqdan muğayat ol, axşama qayıdaram, dedi. Mənə də belə bir tale fürsəti lazım idi, Allah verdi. Sən demə Şahsənəm xanım da məndən xəbərsiz belə bir anı səbrsizliklə gözləyirmiş.
    Görüşdük. Dillə dodaq, közlə ocaq, odla torpaq görüşən kimi. Görüşdük. Qızla bulaq, şehlə yarpaq, güllə yanaq görüşən kimi. Görüşdük. Bu görüşdə elə bir çətinliyimiz olmadı. Elə bil bizi görüşdürmək üçün Allah özü hər şeyi əvvəlcədən hazırlamış, yerbəyer eləmişdi. İlk görüş baxışların payına düşdü. Baxışların ürəyə düşən körpüsündən arzular, diləklər, fikirlər, xəyallar keçdi. Kövrək düşüncələr gələcəyə doğru qanadlandı. Əl əldən, göz gözdən, nəfəs nəfəsdən od aldı. İlk görüş haqda tarixlər boyu dahilər bir-birindən maraqlı fikirlər söyləyib. Ancaq heç kəs bu vaxta qədər ilk görüşün dadını, tamını, ləzzətini, gözəlliyini, unudulmazlığını tam açıq göstərə bilməyib. Qələmə gəlmir, dəftərə sığmır, kitaba yerləşmir ilk görüşün yaratdığı duyğular.
    Ürəyin sinəni yumruq kimi döyməsi, qəlbin tellərinin dil-dil ötməsi, damarda qanın coşması, qaynaması, gözdə odun-alovun alışıb-yanması, dodağın titrəməsi, yanaqların allanması, əllərin titrəyişi, dilin dolaşması, ağlın çaşması ilk görüşün, ilk sevginin heç vaxt yaddan çıxmayan, həmişə kövrək hisslərlə xatırlanan əlamətləridi.
    Hüseyn Saraçlı da ilk görüşün, ilk sevginin odunda beləcə yandı, beləcə qovruldu.
    Kənardan baxan nə bilsin ki, gənc Hüseyn fikrində, xəyalında haralara getdi, haralardan qayıtdı.
    Harda barış, harda savaş vaxtıdı,
    Qılınc bilər, qalxan bilər, qan bilər.
    İnsan oğlu cəsarəti özünə
    Şöhrət bilər, şərəf bilər, şan bilər.
    Haqqa doğru addım atan yolları,
    Addımbaşı nura batan yolları,
    Yaradana gedib çatan yolları
    Ərən bilər, sultan bilər, xan bilər.
    Bağban bilər dəymiş nədi, bal nədi,
    Sevən bilər yanaqdakı xal nədi,
    Gül-çiçəkdən mayalanmış bal nədi,
    Çiçək bilər, arı bilər, şan bilər.
    Bir qız ilə bir oğlanın xətrinə,
    Yer-göy batır çəmənlərin ətrinə.
    Cavanlığın qiyməti nə, qədri nə,
    Ürək bilər, nəfəs bilər, can bilər.
    Asta-asta dil tərpənər, səs eylər,
    Dil tərpəndi, görüş üçün bəs eylər.
    Qız dodağı, qız yanağı nə söylər,
    Axşam bilər, gecə bilər, dan dilər.
    Hüseyn ürəyini yandıran sözü yana-yana Şahsənəmin qulluğuna yetirdi. Şahsənəm isə qəlbindən keçənləri birbaşa demədi, xeyli özünü naza çəkdi, dilini sürüdü ki, aşiqin ürəyini bir az da alovlandırsın.
    İlk görüşdən, bir baxışdan dağlar gözəlinə vurulan Hüseyn bu yerdə özünü saxlaya bilmədi, sinəsini saz elədi, barmağını təzənə, aldı görək sevdiyi gözələ nə dedi, dağ çiçəyi ona nə cavab verdi:
    Hüseyn
    Bir dolça su çilə yanan qəlbimə,
    Qəlbi də, canı da al, əmim qızı!
    Sənin gözəlliyin dilə gətirər,
    Qara daş olsa da lal, əmim qızı!
    Şahsənəm
    Mən dağlar gözəli, sən aran əhli,
    Uzaqdı arada yol, əmim oğlu!
    Körpülər xatalı, keçidlər dərin,
    Gəl qoyma bu işə qol, əmim oğlu!
    Hüseyn
    Məhəbbət aşiqin qəlbi, canıdı,
    Sevən sevdiyini seçdi, tanıdı,
    Alma yanaqların can dərmanıdı,
    Qönçə dodaqların bal, əmim qızı!
    Şahsənəm
    Bu bağdan pay olmaz hər gələn kəsə,
    Gəl salma bu sirri hələlik səsə,
    Anam istəməsə, atam verməsə,
    Boylana-boylana qal, əmim oğlu!
    Hüseyn
    Kim eşqin barını başacan dərib,
    Özünü heç yerdə saymayıb qərib,
    Səni Hüseyn üçün Allah göndərib,
    Salma ürəyimə xal, əmim qızı!
    Şahsənəm
    Şahsənəm qıyarmı həsrət görəsən,
    Qoymaram qəribtək qürbət görəsən,
    Gərək bu sevdadan cənnət görəsən,
    Çeşmə ol, qəlbimə dol, əmim oğlu!
    Sazbənddən ayrılıb, nalbəndin yanına gəldi. Köhlən atın nalları köhnəlib əldən çıxmışdı. Dedi nalbənd qardaş, uzaq bir səfərim var, atana rəhmət, əllərin ağrımasın, bir bu atı ifcin nalla, yola dözsün. Nalbənd atın dırnaqlarını yaxşı təmizləyib, yonub, yontalayıb düzəltdi. Doğrudan da çox ifcin nalladı atı. Nalbənd dedi, aşıq, vallah naldan ötrü eləmirəm, çalış heç vaxt bu atı daşlığa salma. Bu atın nə incə, nə gözəl ayaqları var. Onu qoru, lap sür dünyanın o başına, heç vaxt səni yolda qoymaz. Nalbəndlə sağollaşıb gəldi mehtərin yanına. Yəhəri, üzəngini, cilovu, qantarğanı yaxşı-yaxşı yoxlatdı. Mehtər də baxdıqlarının təzə, möhkəm olduğunu bildi və aşığı arxayın saldı ki, səfərdə heç bir narahatçılığın olmasın. Mehtərlə sağollaşıb gəldi çəkməçinin yanına. Bir neçə çəkməyə baxdı, ustanın əl işi çox xoşuna gəldi. Par-par parıldayıb, gözün işığını çəkən yaxşı bir qara xrom çəkmə tikdirdi. Ayağına geyinəndə elə gözəl yaraşdı ki, aşıq dönə-dönə baxmaqdan doymadı. Çəkməçiylə alış-verişini qurtarıb gəldi papaqçının yanına. Salam verib, əleyk aldı. Bir-bir papaqlara göz gəzdirdi. Nə söz ola bilərdi, hamısı gözün işığını çəkirdi. Aşıq bir-bir papaqların qiymətini soruşdu. Qardaş, o papaq neçəyədi, 500 manat, o biri papaq neçəyədi, 1000 manat, bəs yuxarıdan asılan neçəyədi, 1500 manat. Aşıq özünü saxlaya bilmədi. Sözün yeri gəlmişdi. Dedi papaqları o qiymətə verdiyin üçün hamısı mıxdan asılı qalıb. Bu sözə ikisi də gülüşdü. Papaqçı hal əhli, saz-söz adamıydı, bu dükanda o qədər maraqlı adamlar görüb, gözəl söhbətlər eşitmişdi ki. Dedi aşıq qardaş, mənim üçün söz papaqdan bahadı. Bir halda ki, sən bu gözəl sözü işlətdin, əlini at, ürəyin istəyən, gözün tutan ən yaxşı bir papağı sənə peşkəş verirəm. Aşıq razılaşmadı, xeyir, elə şey yoxdu. Sənin ona zəhmətin keçib, münasib qiymətini de, papağı götürüm. Aşıq çox dedi, papaqçı az eşitdi. Papaqçı aşığın gözü tutan ən gözəl papağı Hüseyn Saraclıya verdi. Aşıq bir də narazılıq eləmək istəyəndə papaqçı dedi, Aşıq, ürəklə sənə bağışlayıram. Bilirəm o başın içində ağıllı sözlər çoxdu. Qoy mənim papağım sənin başını qorusun, hər dəfə səndən ağıllı söhbətlər eşidəndə mən də qarpızdanım ki, baş başdısa, papaq da papaqdı haaa!
    Ovçular ova, səyyahlar səyahətə, dərvişlər ellərə-obalara, ozanlar məclislərə, aşiqlər uzaq səfərlərə necə hazırlıq görərsə Aşıq Hüseyn Saraclı da beləcə səfərə hazırlaşdı. Ovçunu da, səyyahı da, dərvişi də, ozanı da dar və dolama yoxuşlar, sərt aşırımlar, imtahanlı, sınaqlı, hadisələr gözləyir.
    Sağolllaşıb papaqçıdan ayrıldı. Artıq səfər tədarükü görülmüşdü. Evə gəldi, Şahsənəm xanımdan xəbər aldı ki, mən səfərə gedirəm, de görüm evin ehtiyatı yerindədirmi? Unun-dənin, yağın-balın, şorun-pendirin, qarının-motalın, qovurman-basdırman, odunun-ocağın qaydasındadımı? Şahsənəm xanım dedi: Ay kişi hər şey yerindədi, bircə şey yerində deyil. Dedi, arvad o nədi elə. Dedi sənin həsrətin. Sən üçcə gün evə gəlməyəndə özümü-sözümü bilmirəm, bu uzun səfərə dözə bilərəmmi? Dedi, Şahsənəm, Allah səbrli qulunun dostudu, nə səni, nə məni utandırmaz, inşallah. Bir də dözməlisən, ayrı yolumuz yoxdu.
    Sonatək boylanıb, gözəltək baxıb,
    Gəlintək gəzməyi bacarmalısan.
    Uçub əlimizdən gedən illəri
    Nizama düzməyi bacarmalısan.
    Düz dərəyə dönsə, dərə düz olsa,
    Coşan dalğaların sayı yüz olsa,
    Ayrılıq sahilsiz bir dəniz olsa,
    Qol atıb üzməyi bacarmalısan.
    Qoy zaya getməsin çəkdiyin əmək,
    Dostum min olsa da səndədir kömək,
    Nə lazım hər sözü dil açıb demək,
    Baxışdan sezməyi bacarmalısan.
    Hər qalxan tufana bir sinə gərib,
    Sevənlər özünü saymayıb qərib,
    Vaxtında becərib, vaxtında dərib,
    Vaxtında üzməyi bacarmalısan.
    Çoxdu bu aşığın doğması, yadı,
    Çalış el içində olmasın adı,
    Onsuz da vüsalın şirindir dadı,
    Həsrətə dözməyi bacarmalısan.
    Şahsənəm xanımnan, anası Yetər xanımnan halal-hümbət eləyib, Allahı çağırdı, atı mindi, ata bir qamçı çəkib yerindən tərpəndi. Qarşısına məqsəd qoymuşdu ki, Dədə Ələsgərin məzarını ziyarət eləmək, onu yetirən torpağa baş əymək, o elnən-obaynan görüşmək lazımdı. Gecəli-gündüzlü at sürsə də qətiyyən yorulmaq bilmir, elə bil göynən uçurdu. Yorulmaq olardımı, onu Göyçəyə Ələsgərin ruhu aparırdı. Amma səfəri Göyçəyə olsa da fikrindən-xəyalından çox yerlər keçirdi. Təbrizi, Urmiyanı, Qaradağı, Qarsı, Ərzurumu, Çıldırı, Zəngibasarı, Dərəçiçəyi, Dərələyəzi, Qaraqozlunu, Qarabağı, Gəncəni, Şəkini, Şirvanı gəzib dolaşırdı. Borçalıdan artıq yola çıxmışdı, görək tale onu haralara qovuşduracaqdı.
    Ürəyi yanırdı, su içmək istəyirdi. Bir kəndin içindən keçəndə gördü kəndin ortasında beş-on cavan oğlan şirin-şirin söhbət eliyir. Salam verib əleyk aldı. Gördü yolun qırağında bir qız bulaqdan su doldurur.
    - Ay qızım, ölənlərin ehsanı olsun, ciyərim yanır, mənə bir dolça su ver, içim dedi. Qız bu sözü eşidib quş kimi uçub əlində dolça aşığın yanına gəldi. Əmi buyur iç, nuş olsun dedi. Aşıq suyu birnəfəsə başına çəkib, "baxdın da bu su kimi duru olsun, qızım” - dedi.
    Cavanlardan biri dilini dinc qoymayıb dilləndi.
    - Aşıq qardaş, sən bizdən qorxmadınmı, çəkinmədinmi, biz dura-dura suyu qızdan istədin?
    - Ay oğul, şəriətdə yanana su vermək savabdı. Mən də istədim ki, savab o qıza qismət olsun. Söz cavanların xoşuna gəlsə də oğlan yenə dilləndi ki, sən bilirsənmi sənə su verən qız kimin butasıdı?
    Aşıq gördü ki, bu sözə tutarlı cavab verməsə cavanlar ondan əl çəkməyəcək. Cavanların ürəyindən keçənləri duymuşdu. Aşığı söhbətə tutub ondan ləzzət almaq istəyirdilər. Aldı görək, aşıq Hüseyn cavanlara nə dedi, cavanlar nə eşitdi.
    Hüseyn Saraclı
    Gözəllərə Allah versin eşqi, baxtı, yığvalı,
    Öz gülümüz, çiçəyimiz, öz arımız var bizim.
    Gözümüz yox özgələrin bağçasında, bağında,
    Mən bağbanam, hər çiçəkdə yüz arımız var bizim.
    İndi də başqa bir cavan dilləndi ki, aşıq əmi, bu sənə söz atan oğlan da şairdi, ona görə sizi ilişdirmək, sizdən söz almaq istəyir. Şair olan oğlan dedi, əmi, Allah eləməsin mən sizə söz atam. O ki, elədi onda bir balaca mənə də qulaq as.
    Oğlan
    Aşıq qardaş, zarafatım toxunmasın qəlbinə,
    Bura gələn hər qonağa hörmətimiz var bizim.
    Xoş olsa da çeşmələrin suyunu nuş eləmək,
    Atdan enin, ev-eşikdə nemətimiz var bizim.
    Hüseyn Saraclı
    Qadir Allah bağışlasın, əgər varsa günahım,
    Bu dünyanın heç nəyində yoxdu gözüm, tamahım,
    Baha aldım, baha satdım, sözdü mənim mətahım,
    Öz daşımız, tərəzimiz, bazarımız var bizim.
    Oğlan
    Sazdı, sözdü, məclislərdi, sevincimiz, nəşəmiz,
    Saz bitirir, söz yetirir dağ-daşımız, meşəmiz,
    Uzaq yollar yolçusuna uğur demək peşəmiz,
    Bizi sayıb gələnlərə rəğbətimiz var bizim.
    Hüseyn Saraclı
    Tez düşməsin kişi ruhdan, tez enməsin bəy atdan,
    Ləzzət alsın aydan, gündən, saniyədən, saatdan,
    Qılınc çəkib qan tökənlər nə apardı həyatdan,
    Axır gündə haqq yerində məzarımız var bizim.
    Oğlan
    Sən bir tavar telli sazsan, o sazdakı siməm mən,
    Sən bərkimiş bir özülsən, üzdən düşən himəm mən,
    Ağsaqqalın qarşısında necə deyim kiməm mən,
    Ustadlara baş əyməyə qeyrətimiz var bizim.
    Aşıq Hüseyn Saraclı oğlana "afərin” dedi. Cavanlarla xudahafizləşib yoluna davam elədi.
    Yol gedə-gedə fikrindən-xəyalından nələr keçirdi.
    Qan adından,
    Qorxuram qan adından.
    Xəyalım gəzən yeri
    Quş gəzməz qanadınnan.
    Aşığın fikri-xəyalı haraları dolaşmırdı. O, Alıdan, Ələsgərdən ötrü Göyçəni, Valehdən ötrü Qarabağı, Aşıq Şenlikdən ötrü Çıldırı, Abbasdan ötrü Tufarqanı, Xəstə Qasımdan ötrü Tikmədaşı, Qurbanidən ötrü Diri dağını, Molla Cümadan ötrü Şəkini, Hüseyn Bozalğanlıdan ötrü Bozalqanı, Şəmşirdən ötrü Kəlbəcəri, Bilaldan ötrü Şirvanı, Sarı Aşıqdan ötrü Güləbirdi, Cəlildən, Qəhrəmandan ötrü Dərəçiçəyi ziyarət eləmək, onların ruhu ilə həmsöhbət olmaq istəyirdi.
    Aşıq yol gedirdi. Biçinin, biçənəyin qızğın vaxtlarıydı. Otunu biçən biçir, yehrəsini vuran vurur, tayasını quran qurur, alafını aparan aparırdı. Arabalar, ziyrıqlar şaq-şaq şaqqıldaşır, öküzün, atın, ulağın qaçaqaç, daşıhadaşı çağlarıydı. Yavalar göydə oynayır, dırmıqlar yerə daraq çəkir, kərəntilər ilan kimi fısıldayırdı. Kərəntilər zindanda döyülür, bülövə çəkilir, itilənib ülgücə dönür, otun ağzından çıxanda buluddan şimşək sıyrılan kimi havada parıldayırdı. Biçinçilər çöllərdə qarışqa kimi qaynaşırdılar. Günəşin istisindən, təbiətin ətrindən, havaların gözəlliyindən elə qarışqalar, arılar da qayır-qayır qaynaşırdı. Bu gözəl mənzərələrə tamaşa eləyə-eləyə aşıq yol gedirdi. Artıq Göyçənin sərhəddini keçmişdi. Soraqlaşa-soraqlaşa Ağkilsəyə sarı yön aldı. Gün günortaya qalxmışdı. Biçinçilər göy çəməndə süfrə salmış, bir xeyli adam süfrənin başına yığışmışdı. Aşıq uzaqdan yığnağa salam verib, keçib getmək istəyirdi. Ancaq aşığın verdiyi bir salama yeddi yerdən "əleyk” cavabı gəldi. "Aşıq qardaş, keçmə, buyur qonaq ol” sözünü o qədər şövqlə dedilər ki, aşıq sözü qəti çevirmədi, üzəngini basıb, atdan endi. Baxmayaraq ki, çörək üstəydilər, hamı bir nəfər kimi ayağa durdu. Aşıq onların hamısı ilə bir-bir əl salamı tutub görüşdü. Məclisin ağsaqqalı dedi, aşıq qardaş, yol gəlibsən, yaxşı bir çörək ye, sonra imkanın olsa bir az sazına qulaq asarıq. Belə də elədilər. Allah verəndən yaylaq süfrəsi yedilər-içdilər, dincəldilər, gözlərinə işıq gəldi. Yenə həmin ağsaqqal dilləndi: Aşıq qardaş, bağışla, qəlbinə toxunmasın. Geyim-keçimindən aşıq olduğunu bildik. Ancaq yerini-yurdunu, adını-ünvanını bilsək çox şad olardıq. Bir bilək hansı qohumlardansan.
    Aşıq "baş üstə!” deyib çox böyük həvəslə sazı köynəyindən çıxartdı. Sazın zilini zil, bəmini bəm eləyib təzənəni tellərə çəkəndə gördülər yox, bu elə belə aşıq deyil. Hüseyn Saraclı eşidənlərin arzusunu yerinə yetirib görək əyləşənlərə özünü necə təqdim elədi, "Divani” havası üstündə necə nişan verdi.
    Hüseyn Saraclı
    Mən damlayam, yol gedirəm, dəryalara baş vuram,
    Min bir qəlbi dilləndirən bir eşqin rübabıyam.
    Hardan gəlib hara getmək mənim fərmanım deyil,
    Ulu Tanrım nə buyursa mən bu əmrə tabıyam.
    Mərd iyidin meydanına həmişə mərdlər gələr,
    Hər görüşdə qarşımıza suallar, şərtlər gələr,
    Əl Allahda, ayaq yerdə başa çox dərdlər gələr,
    Öz dərdimdi, öz ürəyim, göz yaşımın qabıyam.
    Günəş öpər budağımı, torpaq öpər kökümü,
    Aylar, illər qara yelə pay eləməz tükümü,
    Mən karvanam, dünya səhra, daşıyaram yükümü,
    Məcnunların, Kərəmlərin qayğısı, əzabıyam.
    Məni ulu dərgahına çağıranda ol xuda,
    Dedi gərək qonağını dilləndirə, oxuda,
    Ağam gəldi mətləb aldım, mətləb verdim yuxuda,
    Məhəbbətin dəftəriyəm, sevginin kitabıyam.
    Doğma elim Borçalıdı, Saraclı kəndim mənim,
    İtməz huşum, çaşmaz ağlım, pozulmaz zəndim mənim,
    Telli sazdı uçmaz qalam, dağılmaz bəndim mənim,
    Özüm ulu, yaşım qədim min ilin hesabıyam.
    Biçinçilərin sevinci yerə-göyə sığmadı. "Sözün cavabı söz olar”. Xəstələn məndən ötrü, ölüm səndən ötrü” - deyiblər. Aşıq az qala ürəyini yerindən çıxarıb onlara vermək istədi. Necə qarşılamışdılar, beş qat artıq bir sevgiylə də yola saldılar. Amma yolun salığını verdilər ki, aşıq yolu dolaşdırıb, çaşmasın. Aşıq Ağkilsə kəndinə yaxınlaşdıqca həyəcanı çoxalır, ürəyi döyünürdü. O, hara getdiyi, hansı qapını açdığını, kimlərlə görüşəcəyini çox yaxşı bilirdi, ona görə də bu yükün ağırlığı altında özünü itirən kimi olmuşdu. Nəhayət, kəndin içindəki adamlarla salamlaşa-salamlaşa gəlib Ələsgər ocağına çatdı. Elə bu vaxt aşığın nəvəsi İslam müəllim əlini arxasında çarpazlayıb var-gəl eliyirdi. Aşıq da İslam müəllimi uzaqdan görən kimi atdan düşüb atı yedəklədi. Bir-birinə yaxınlaşıb hörmətlə əl tutub, hər ikisi adlarını nişan verdilər. Həyətdə uşaqlar oynaşırdı. Səs-küyə Ələsgərin o biri nəvələri Haqverdiylə İsmixan çıxdılar. İsti bir tanışlıqdan sonra onun Borçalıdan gəldiyini bilib çox şad oldular. Kəndin bir neçə ağsaqqalını da dəvət edib çox da uzaq olmayan ustadın məzarını ziyarətə getdilər. Allah kəlamı oxundu. Hüseyn Saraclı Ələsgər məzarının ayaq tərəfində diz çöküb, qəbir torpağını öpüb gözünün üstə qoydu, sonra da əl yaylığını çıxarıb, torpağı yaylığa büküb yadigar götürdü. Başdaşına sarı gəldi. Qollarıyla başdaşını qucaqladı, üzünü daşa sürtüb, alnını daşa söykədi. Bir neçə dəqiqə beləcə qaldı. Hamı sakit dayandı, heç kəsdən səs çıxmadı.
    Murazına yetən, arzusuna çatan, həsrətinə qovuşan adamlar hansı hissi keçirərsə, aşıq Hüseyn də dilnən deyiləsi olmayan həmin hissləri keçirirdi.
    Bu sənətə könül bağlayan gündən Aşıq Hüseyn Saraclı, Aşıq Ələsgərin bir şerinin hər bəndini, hər sətrini, hər kəlməsini incəldir, iynədən keçirir, ələyir, süzür, bu şerin üstündə xəyala dalmaqdan, var-gəl eləməkdən yorulmurdu.
    Aşıq olub tərki vətən olanın
    Əzəl başdan pür kamalı gərəkdi.
    Oturub durmaqda ədəbin bilə,
    Mərifət elmində dolu gərəkdi.
    Bu bəndlə başlanan şeirin bütün sözləri onun həyatının mənasına çevrilmişdi. Aşıq "pürkamal” olmalıdır. Yəni aşıq kimi qabil və kamil, ağıl, dərrakə, savad, danışıq, yaddaş, səliqə-səhman sahibi olmalıdır. Yükü, sərvəti, xəzinəsi, nağılı, dastanı, ustadnaməsi, vücudnaməsi ta duvaqqapmaya, müxəmməsə qədər yerli-yerində olmalıdır.
    Aşıq "mərifət elmi”nə sahib olmalıdır. Ədəbi-ərkanı, mərifəti-qanacağı, ağır oturub, batman gəlməyi, nəfsini-nəfəsini təmiz saxlamağı, əl halallığı, dil halallığı, bel halallığı, yol halallığı ilə yaşamağı, mərifətdən-təriqətə, təriqətdən-şəriətə, şəriətdən-həqiqətə- son məqsədə sağ-salamat, zədəsiz-ləkəsiz, duru və pak gəlib çıxmaq - bütün bunlar aşıq sənətinin Ələsgər tərəfindən yazılmış ədəbi və dəyişməz qanunlarıdır.
    Bəli, mərifətdən - həqiqətə doğru gedən yol Ələsgər məzarından, Ələsgər ocağından keçib gedirdi. İslam müəllim gözəl bir məclis qurmuşdu. Borçalıdan gələn aşığın şərəfinə Göyçənin hörmətli ağsaqqalları məclisə dəvət olunmuşdu.
    Bircə nəfər çatışmırdı, onun yeri görünürdü. Ələsgər kişinin sonbeşik oğlu aşıq Talıb baba görünmürdü. Yaşı yetmişi haqlayan aşıq Göyçənin hansı kəndindəsə toy məclisi aparırdı. Aşıq Talıb toy məclisini başa vurub, evə qayıdanda ustada yolda xəbər verdilər ki, Talıb baba, Aşıq Hüseyn Saraclı sizə qonaq gəlib. Aşıq Talıb bu xəbərə çox sevindi. Atını bir az da yeyinlətdi. Gəlib evə çatanda gördü məclis qurulub. Hüseyn Saraclı oxumağında, çalmağında, camaat da ona şirin-şirin qulaq asmaqda. Talıb kişinin uca boyu qapıda görünəndə bütün məclis ona sarı döndü.
    Aşıq Talıbla aşıq Hüseyn Saraclı bir-birini bağrına basdı. Məclis bir az da gözəlləşdi. Aşıq aşığı, saz sazı, hava havanı əvəz eliyə-eliyə zaman musiqinin və Ələsgər sözünün sehri ilə axıb asta-asta gedirdi:
    Nəhayət vədə gəldi yetişdi. Aşıq Talıbdan xahiş elədilər ki, bu da bir tarixdi, Göyçənin Borçalının nəfəsi bir-birinə toxunan məclisdə gərək üz-üzə oxuyasınız. Ya qismət, bir də belə bir görüş ola-olmaya. Bu "ya qismət” sözündən bəzi adamların ürəyi üşüdü, qəlbinə şübhə toxumları düşdü. Çünki Göyçənin başı dönə-dönə bəlalar çəkmiş, iki dəfə qaçqın düşüb yerlərindən oynamışdılar.
    Zaman aşığı dəyirmançı, ağanı çarvadar eliyəndə Ələsgər kişi demişdi:
    Dad sənin əlindən çərxi-kəçmədar,
    Ürəyimdə yüz dərmansız yaram var.
    Aşıq dəyirmançı, ağa çarvadar,
    Sərraf gəlsin bu bazara dolansın.
    Məclisdə o faciələri gözləriylə görən kişilər vardı. Vahram adlı bir xaçpərəstin anasına yazdığı məktubu çoxları bilirdi. Zabit anasına yazırdı: "Mən Basarkeçərin tatar-türk əhalisini, heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə heyfim gəlirdi. Bütün qadınları, kişiləri və uşaqları yığıb quyulara ataraq, başlarına daş tökərək öldürürdüm”. Bəli, bu tarixin acı həqiqətiydi. Qışın qarlı-şaxtalı günündə Göyçədən Kəlbəcərə gələn Göyçə qaçqınları üçün zamanın acı tarixi "Dar dərəni”, "Sümüklü dərə”yə, "Qanlı dərə”yə çevirmiş, qaçqınların çoxu orda qırılmışdı.
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (18.04.2010)
    BAXILDI: 5166
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    YALNIZ KƏNDDƏ YAŞAYAN SARAÇLILAR ÜÇÜN YARDIM FONDU YARATMAĞA DƏYƏRMI (Yoxsa sorğudan qoruxurlar)
    Cavablar: 127
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех