SARAÇLILAR Cümə axşamı, 28.03.2024, 16:51
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Zəlimxan Yaqub
    Aşıq Hüseyn Saraclı                                                                 səh1     səh2     səh3
    (dastan-roman)
    Ustadnamə

    Göyçəlilər nə biləydi ki, onların başına sonradan gələn faciələrin yanında əvvəlkilər toya getməli olacaq. Onlar nə biləydi ki, İsmixan Göyçə deyə-deyə, göynəyə-göynəyə, ağlaya-ağlaya bu dünyadan Göyçəsiz köçəcək. Sızıltılı misraları bizə yadigar qalacaq:
    İsmixanam, yönüm düşdü yad elə,
    Nələr etdin, eyləməzdi yad, elə.
    Mən aşığam yad elə,
    Yad ölkəyə, yad elə.
    Dedim mənnən sirdaş ol,
    Sağlığımda yad elə.
    Mən öləndə yaddan çıxart, yad elə.
    Nə soruş, nə axtar, nə ara məni.
    Onlar nə biləydi ki,
    Dilimin əzbəri, andım, amanım,
    Daha sağlığına yoxdu gümanım,
    Ölüb Ələsgərim, itib İmanım,
    Dolanıram, heç bir yanı, tapmıram.
    deyən Aşıq Talıbın nəinki özünə, məzarına da həsrət qalacaqlar. Hələ bunlar sonralar olacaqdı.
    Nəysə... Aşıq Talıb hörmətlə baş üstə deyib, ayağa qalxdı. Kişi o qədər boylu-buxunlu bir adam idi ki, yerindən duranda elə bilirdin dağ tərpənir. Talıb kişinin sazını gətirdilər. Görək ustad oğlu aşıq Talıb əziz qonağı Aşıq Hüseyn Saraclıya nə dedi, Saraclı ona nə cavab verdi.
    Aşıq Talıb
    Ay Saraclı, göz üstündə yerin var,
    Öz babanı ibadətə gəlmisən.
    Ələsgərin həsrətini çəkirdin,
    Nöqtə qoyub o həsrətə, gəlmisən.
    Hüseyn Saraclı
    Aşıq Talıb Borçalıdan güc alıb,
    Göyçə adlı bir cənnətə gəlmişəm.
    Sazın sözün şahı, xanı, sultanı,
    Tanrı quran səltənətə gəlmişəm.
    Aşıq Talıb
    Ulu Tanrı ağ eləsin üzünü,
    Öz evin bil, qonaq sayma özünü,
    Öpə-öpə çeşmələrin gözünü
    Dadmaq üçün bal-şərbətə gəlmisən.
    Hüseyn Saraclı
    Şerin dostu, sazın yarı burdadı,
    Gözün nuru, qəlbin varı burdadı,
    Xəzinənin xəznədarı burdadı,
    Baxmaq üçün o sərvətə gəlmişəm.
    Aşıq Talıb
    İşıq aldım ata adlı butamdan,
    Heç doymadım bu ləzzətdən, bu tamdan,
    Mən oğluyam, nə danışım atamdan,
    Layiq olub ləyaqətə gəlmisən.
    Hüseyn Saraclı
    Söz-söhbəti düşüb dilə-dodağa,
    Çilçıraqdı qəlb adlanan otağa,
    Baş endirib haq yandıran çırağa,
    Saf sevgiyə, məhəbbətə gəlmişəm.
    Aşıq Talıb
    Üşüyənlər istisinə qızındı,
    Bu ocağın söz-söhbəti uzundu.
    Nemətindi, çörəyindi, duzundu,
    Tükənməyən bir sərvətə gəlmisən.
    Hüseyn Saraclı
    Oxucuydum, əlif lama yetişdim,
    Pərvanəydim, gəldim şama yetişdim,
    Arzuladım, arzu-kama yetişdim,
    Yetmək üçün o qismətə gəlmişəm.
    Aşıq Talıb
    Neçə-neçə istəyindən aralı,
    Borçalım da Göyçəm kimi yaralı,
    Niyə bizim meydanımız daralı,
    Bəlkə sözə, məsləhətə gəlmisən.
    Hüseyn Saraclı
    Sevgi yağsın hər dövrana, hər çağa,
    Kim istər ki, vaxtsız başa qar yağa.
    Saraclıyam, arxa dursun dağ-dağa,
    Mən bu eşqə, sədaqətə gəlmişəm.
    Hər yandan "Bərəkallah” sədaları ucaldı.
    Ələsgərin qardaşı Məşədi Salahın nəvəsi İsmixan da məclisdəydi. Gənc olsa da gözəl şair kimi dilə-dişə düşmüşdü. Aşıq Talıbdan xahiş elədilər ki, icazə verin İsmixan da bir neçə kəlmə söz desin. Aşıq Talıb razılıq verdi. İsmixan əvvəlcə çəkindi, danışmaq istəmədi. İşi belə görən Aşıq Hüseyn dedi oğul, "bir güllə yaz açılmaz” "tək əldən səs çıxmaz” deyiblər. Biz siznən güclüyük, Bu sənət babadan-nəvəyə, atadan-oğula, ustaddan şagirdə, qocadan cavana gəlməsə bulağımız quruyar. Bu söz gənc İsmixanı İlhama gətirdi, ona söz demək fürsəti verdi.
    İsmixan
    Aşıq qardaş, mən bir körpə tərlanam,
    Fikrim uçar, göy üzündə süzər hey.
    Sən babamın Göyçəsinə yetişdin,
    Mənim fikrim Borçalıda gəzər hey.
    Aşıq Hüseyn
    Körpə tərlan, ötən dilin mübarək,
    Gənclik bizim bağçamızı bəzər hey.
    Ət yeyən quş dimdiyindən bildirər,
    Hamı onu körpəlikdən sezər hey.
    İsmixan
    Dost bağında çiçəkləri üzəydim,
    Ləçək-ləçək yaddaşıma düzəydim,
    Borçalını qarış-qarış gəzəydim,
    Bir salaydım o yerələrə nəzər hey.
    Aşıq Hüseyn
    Cavan olan saat kimi qurular,
    Çeşmə kimi axa-axa durular,
    Vaxtı çatdı bir gözələ vurular,
    Bir budağın qönçəsini üzər hey.
    İsmixan
    Dədələrdi özülümüz, mayamız,
    Çiçəklərdi abırımız, həyamız,
    Təbiətdi boyaqçımız, boyamız,
    Ömrümüzü əlvan-əlvan bəzər hey.
    Aşıq Hüseyn
    Saraclıyam ocaq bildim kəndini,
    Çox bəyəndim kamalını, zəndini,
    Dürüst dedin hər kəlməsin, bəndini,
    Qoşmaların dil-dil olub gəzər hey.
    İsmixan
    İsmixanam, ağsaqqaldı tacımız,
    Oğlun-qızın qardaşımız, bacımız,
    Telli sazla şirinləşər acımız,
    Ruhumuza şərbətini süzər hey.
    Söz tamama yetişdi. Aşıq Hüseyn Saraclı İsmixanı öz doğma balası kimi bağrına basıb ona gələcək həyat və sənət yollarında xeyir-dua verdi: Aşıq sazı yerə qoydu. Yağlı-ballı bir yaylaq süfrəsi, çay dəsgahı açıldı. Süfrə arxası söhbətlər daha da şirinləşdi, getdikcə dərinə işlədi. Göyçənin, Borçalının tarixi və tarixi şəxsiyyətləri bir-bir yada düşdü.
    Birinin qaçaqlığından, birinin qoçaqlığından, birinin qanlı faciəsindən şirinli-acılı söhbətlər getdi. Göyçənin ağsaqqalları Göyçənin tarixi ilə bağlı Əmir Teymurdan, Şah İsmayıl Xətaidən, Miskin Abdaldan, Alıdan, Ələsgərdən, Loğman Nağıdan, Səməd Ağadan, Aşıq Nəcəfdən, Aşıq Əsəddən, Mirzə Bəylərdən danışdılar. Deməklə qurtarasıdımı bu söhbətlər.
    Aşıq Hüseyn Saraclı da öz növbəsində Borçalıdan, Borçalının adı bəlli oğulları - Darvazlı Mehralı bəydən, Qızılhacılı Cööroğlu Qaradan, Kəpənəkçi İsrafil Ağadan, Emin ağadan, Qasımlı, Səməd Ağadan, Arıxlı Uzunbasoğlu Məhəmməddən, Fahralı şair Nəbidən, Qaçağanlı şair Ağacandan gözəl söhbətlər elədi. Amma Çıldırlı Aşıq Şenliklə Fahralı şair Nəbidən danışanda elə bil ki, aşığa təzədən vergi verildi, o qədər gözəl məsəllər, misallar çəkib söhbəti bəzədi ki, məclisdə oturanların barmağını kəssələr xəbəri olmazdı. Təsbeh çəkilsə səsi eşidilərdi:
    Nəysə...
    Aşıq Hüseyn Saraclı bir neçə gün burda qalandan sonra getmək üçün izn-icazə istədi. Aşıq Talıb dedi Aşıq Hüseyn, getsən yolundu, qalsan evindi. Hüseyn Saraclı neçə gündü onun zəhmətini çəkənlərə minnətdarlıq edib görək Göyçədən necə ayrıldı.
    Aşıq Hüseyn Saraclı Göyçədən ayrılanda gözləri doldu, könlü qubar elədi, əlini günlükləyib başı qarlı dağlara baxdı. "Gəlimli-gedimli, son ucu ölümlü” dünyada xəyalından nələr keçmədi. Sazsız-zadsız əlini qulağının dibinə qoydu "atüstü” havasına elə bayatı çəkdi ki, dağlar, daşlar yerindən oynadı.
    Dəryada dəryalıqlar,
    Suda oynar balıqlar.
    Nə bu görüş olaydı,
    Nə də bu ayrılıqlar.
    Mən aşıq olmayaydı,
    Saralıb solmayaydı.
    Ölüm Allah işidi,
    Ayrılıq olmayaydı.
    Əzizim belə meylər,
    Süzülüb belə meylər.
    Sevən sevənin axırın
    Gətirib beləmi eylər.
    Göyçəylə görüşə gedəndə aşıq quş kimi uçurdu, Göyçədən ayrılanda ayaqları getmirdi.
    Görüşəndə nur yağırdı düzlərə,
    Ayrılanda dağlar qəmli göründü.
    Titrəməyə him gəzirdi dodaqlar,
    Göz yaşardı, kirpik nəmli göründü.
    Qəlb alışdı sızıltıya, göynəyə,
    Yanan mənəm, nəyə lazım ney, nəyə?
    Yavaş-yavaş saz çəkildi köynəyə,
    Dili tutqun, səsi bəmdi göründü.
    Gələn gedər, cərgəsi var, səfi var,
    Qazancı var, ziyanı var, nəfi var,
    Ayrılığın nə amansız xofu var,
    Baş ağrılı, can sitəmli göründü.
    Elə bil aşığın sümüyünə dammışdı ki, bir vaxtlar Göyçə boyda bir mahal yerindən oynayacaq. İldırım buluddan, qaya dağdan, palıd kökündən, dünya mehvərindən qopan kimi Göyçə də Azərbaycanın əlindən, ürəyindən, bağlarından qoparılacaq. Can cəsəddən, ruh bədəndən, ət dırnaqdan, kök budaqdan ayrılanda insan hansı duyğuları yaşayırsa aşıq eldən ayrılanda eyniylə həmin duyğuları yaşayır. "Arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələsgərtək qulların dağlar”.
    Aşıq Göyçədən ayrılmışdı. Qazuçandan Kəlbəcərə aşmaq üçün yol gedirdi. Əvvəlki yol onu Ələsgər oğacına aparmışdısa, bu yol onu Ağdabanlı Qurbanın ocağına, Aşıq Şəmşirin səsinə-sorağına aparırdı.
    Aşıq Kəlbəcərə doğru getsə də fikri, düşüncəsi Göyçədə gördüklərinin, eşitdiklərinin, bildiklərinin yanında idi. Bu səfərdən çox razı gedirdi. Fikirləşirdi ki, bütün ömrü boyu getdiyim və gedəcəyim səfərlərin ən gözəli zaman-zaman bu səfər olacaq. Körpəlikdən ürəyində yaşatdığı ən gözəl arzusunu, ən təmiz niyyətini həqiqətə çevirmişdi. Ələsgər ocağından Ələsgər haqda, Göyçə aşıqları haqda yeni rəvayətlər, əfsanələr, dastanlar aparırdı. Bunların içində "Su” məsələsi onu yaman tutmuşdu. Bir evdə, bir eldə, bir obada böyük bir istedad sahibi dünyaya gələndə, bir Tanrı hədiyyəsi, Allah vergisi meydana çıxanda xalq o şəxsiyyət haqqında müxtəlif fikirlər danışır. Belə adamların yetişməsini hər kəs bir səbəblə bağlayır, hərə bir kökə, bir səmtə, hərə bir sunura çəkir.
    Biri deyir: Anasının südündəndi!
    Biri deyir: Ata tərəfdən ulu babası filankəsə çəkib!
    Biri deyir: - İçdiyi sudandı!
    Biri deyir: - Onu yetirən torpağın hünəridi!
    Biri deyir: - Zarafat deyil, kişinin oğluna buta verilib.
    Bəzi ağzıgöyçəklər, gözügötürməyənlər xoşagəlməz bir ifadə işlədir.
    - Zibillikdə bir gül bitib!
    Bir adam şair kimi üzə düşəndə əvvəlcə camaatın içində lağlağı söhbətlər gəzir. O şair haqqında hər başdan bir avaz gəlir. Elə ki, həmin adam böyüdü, ucaldı, şöhrət tapdı, onda el sevgisi, xalq məhəbbəti ilə yanaşı paxıllıqlar başlayır. Elə ki, görürlər paxıllıq. rəzillik, xudbinlik yel olub heç onun yanından da keçə bilmir, onda artıq səcdə, məhəbbət, rəğbət mərhələsi başlayır. Hamı bir ağızdan birmənalı şəkildə "kişinin oğlu şair doğulub, bu Allah vergisidir” - deyir. Kim ki, yaş əllini keçəndə ya arabadan "yıxılır”, ya sərsəm yuxular görür, ya başı daşa dəyib zədələnir, bu səbəbdən şair olmaq eşqinə düşür, onda xalq doğru olaraq ironiya ilə "filankəs şair olub” deyir. Deməli şair doğulubsa Allah vergisidi, şair olubsa şeytan əməlidir.
    Bu mənada Allah Aşıq Hüseyn Saraclını hər yerdə şair doğulanlarla qovuşdurmaq üçün bu yollara yoldaş eləmişdi.
    Səfər gərək səfər ola, yola çıxan da əsil Allah adamı.
    Səfərdən gözəl nə var,
    Ağıl ola, dərk ola.
    Hər yerdə sənə qarşı,
    Sevgi ola, ərk ola.
    Od qaynaya qanından,
    Qızlar keçə yanından,
    Ağrı-azar canından
    Birdəfəlik tərk ola.
    Nə yata, nə sürünə,
    Haq nuruna bürünə,
    Yaxşı elə görünə,
    Yamanlara görk ola.
    Səfərdən gözəl nə var,
    "Gəl!” - deyə pərvərdigar.
    Yağsa da üstünə qar,
    Boz dumanlar kürk ola.
    Gül açanda arzular,
    Qışda da verəcək bar.
    Səfərdən gözəl nə var.
    Evdən belin bərk ola!
    Qayıdaq "Su” məsələsinə!
    Növrəs İmanın gənc, odlu-alovlu çağlarıymış. Yayın günündə çöldə qoyun otarırmış. Axşam olur, sürü arxaca dönür. Görürlər ki, İman yoxdu, gözə görünmədi, səsi-səmiri gəlmədi. Axşamın şəri, gecənin qaranlığı, yaylağın dumanı, hara gedəsən, hardan tapasan Növrəs İmanı. Məcbur olub səhərin açılmasını gözləyirlər. Elə ki səhər açılır, camaat düşür ələ-ayağa.
    Orda İman, burda İman, gəlib görürlər ki, bir qayanın dibində yatır. Nə qədər səsləyirlər, İman oyanmır. Görürlər ağzından köpük daşlanır. Xəbər Ələsgərə çatır, o saat Ələsgər xəbər göndərir ki, ona toxunmaq olmaz. Göz-qulaq olun. Elə ki, ayıldı, heç nə soruşmadan, heç bir sual vermədən evə gətirin. Belə də olur.
    Aşıq Ələsgər bu haqda heç kəsə heç nə demir. Uzun illər bu sirri özündə saxlayır. Ömrünün axır çağlarında Ələsgər bir dəfə möhkəm xəstələnir və İmanla bağlı saxladığı sirri doğmalarına, Aşıq Talıba danışır.
    Danışır ki, 17-18 yaşım olardı. Eynilə İmanın başına gələn bu hadisə mənim başıma gəlir.
    Biri deyir: - Vurğun vurub!
    Biri deyir: - Üstündən saat adlayıb!
    Biri deyir: - Yuxusuna mələklər girib!
    Biri deyir: - Kiminsə qızına aşiq olub!
    Ancaq heç kəs həqiqəti deyə bilmir.
    Biri deyir - sudandı,
    Biri deyir - oddandı.
    Biri deyir - qohumdan,
    Biri deyir - yaddandı.
    Biri durdu, dayandı,
    - Dedi mənə əyandı.
    Yaşı keçib on beşdən,
    Bir parçadı Günəşdən,
    Ruhu - "Abı atəşdən,
    Qəlbi - "Xaki baddandı”.
    Biri deyir Ələsgər
    İmam adı daşıyır.
    Ona verilən nə var,
    Daşıdığı addandı.
    Biri deyir Göyçənin
    Sularında sehr var.
    Çiçəkdəki ətirdən,
    Meyvədəki daddandı.
    Axırınci fikri deyən adam həqiqətə yaxınlaşmışdı. Ancaq dediyi sözü dərindən dərk edib deməmişdi, fəhmin gücünə demişdi.
    Bəli, uzun illərdən sonra bu mətləb açılırdı. Ustad danışırdı ki, mənim Səhnəbanının eşqi ilə alışıb-yanan çağlarım idi. Günlərin birində havalandım, coşdum, yerə-göyə sığmadım. "Həm aşığam, həm dərvişəm, həm dəli” dediyim günlər idi. Özümü elə apardım ki, heç kəs mənim bu halımdan xəbər tutmadı. Bir gün şirin və dərin bir yuxuya getdim. Yuxuma bir nurani-pirani, nur parçası, açıq alınlı, enli qaşlı, ağ saqqallı, ala gözlü bir kişi girdi: Qurbani ki deyir: "Yatmışdım üstümə gəldi ərənlər, qafil nə yatmısan, oyan dedilər”. Bax mənim də belə bir saatım gəlib çatmışdı.
    Yuxuma girən kişi əllərimi sıxdı, saçlarımı sığalladı, üzümdən öpdü.
    Mənə sual verib dedi: "Oğlum, dünən günorta kəndinizin üst tərəfindən axan çaydan içdiyin su yadındadımı?”
    Dedim bəli, yadımdadı. Dedi oğlum bu gündən sən Allahın sevilmiş, seçilmiş bəndələrindən birinə çevrildin. Sənə yüz ildən çox ömür, dünyaya sığmayan həyat eşqi verildi. Dedim, ey piran qoca, nədən bilim mənə bu nemətlərin verildiyini? Dedi oğlum, o ki, kəndinizin üst tərəfində nazik bir dərə var haa. Heç vaxt o dərənin suyu kəsilmir. Yeddi ildə bir dəfə günün günorta çağları üç saat o su gömgöy axır. Yeddi ildə bir dəfə üç saat gömgöy axan o sudan kim içərsə, kimin bəxtinə, hansı bəxtəvərin qismətinə düşərsə ona alimlik, şairlik, aşıqlıq, pəhləvanlıq, qəhrəmanlıq, görücülük verilir. Sənə aşıqlığı, görücülüyü verdik.
    Halalın olsun. Kişinin axırıncı "halalın” sözü ağzından çıxan kimi yox oldu.
    Demək hikmət suyun hikmətiymiş. Çünki dağlardan gələn sular buludun nəmini, yerin-göyün sevincini-qəmini, bütün çiçəklərin şəhdini-şirəsini, ağacların kökündəki qayaları yarmaq eşqini, torpağın canındakı "itirmək” və bitirmək, öldürmək və diriltmək qüdrətini, Günəşin odunu, ulduzların işığını, qayanın sərtliyini, palıdın möhkəmliyini, dağların əzəmətini, zirvələrin qarını-buzunu özündən yuxarıda, özündən aşağıda nə varsa yığıb-yığşırıb öz canına çəkir. Onu içən adama Allahın qüvvəti, Tanrının sağlamlığı, təbiətin əlvanlığı verilir.
    İnsan dünyaya gələn kimi əvvəlcə uşağı su ilə çimizdirir, pak edir, ona həyat verir. İnsan dünyadan gedəndə yuyucu yenə isti su ilə cəsədi yuyub təmizləyir, o dünya üçün pak edir və kəfən üçün hazırlıq görür.
    Dəvəçidən başlamış yuyucuya qədər, beşikdən-məzara, bələkdən-kəfənə, əvvəldən-axıra bizi su yaşadır, oğul. Bizi yaşadan dörd ünsürün bir qardaşı da "SUDUR!!!” mənim balam!
    Allah məni o suyu içmək, onun atəşinə, yanğısına, oduna, alovuna, yükünə dözmək üçün, o yükü götürmək üçün ucaboy, enlikürək, palıd cüssəli bədən, sağlam can vermişdi. Ona görə də mən dözdüm, dayandım, külə dönüb yellərə yem olmadım. Hərdən eşqim mənə zor gələndə "Demədimmi, içmə eşqin camını, içsən dünya sənə dar olacaqdı” - deyib özümü danlayırdım. Sonra da lənət şeytana deyib, Tanrının buyurduğunu qəbul edirdim. Ancaq məndən fərqli olaraq Növrəs İmana Allah çox balaca boy vermişdi. İkimiz də eyni sudan eyni ölçüdə içmişdik. Mənim bədənim dözən yükə onun bədəni tab gətirmədi.
    Su adlı nemətlə bağlı xalq içində nə qədər deyimlər var, heç biri boşuna deyilməyib, oğul.
    "Axar su qapından axsın”, "Səni görüm otun bitib, suyun axmasın”, "Yuxunu suya danış, su kimi baxtın olsun”, "Suyu filankəsə çəkib”, "Bu işdən gözüm su içmir”, "Əməyin qar suyuna dönsün”, "Öləndə üstündə su tapılmasın”, "Su tökməklə quyu sulu olmaz”, "Evimiz susuz dəyirman kimidir” və s.
    Bəli, baxtı su kimi duru, yolu su kimi aydın olan Aşıq Hüseyn Saraclı, Göyçədən bu sərvətdən, bu xəzinəynən, bu varidatnan ayrılırdı. Ayrılırdı Göyçəni ürəyində əbədi yaşatmaq üçün, sazını tutub, sözünü oxumaq üçün.
    * *
    Aşıq Kəlbəcərə gedirdi. Hansı düzdən keçdi, hansı dağdan aşdı, hansı cığırı ətəklədi, hansı yolu tutdu, bilmədi, bir də gözlərini açanda özünü Tərtər çayının qırağında bir ağacın kölgəsində, bir çeşmənin başında gördü. Sağa baxanda gördü çeşmədən bir az aralı nəhəng yaşıl bir palıd ağacının altında bir oğlanla bir qız sarmaşıq kimi bir-birinə dolanıb. Aşığı görən kimi həyalanıb aralandılar. Kökündən kəsilib kötüyə çevrilmiş fısdıq ağacının üstündə əyləşdilər. Aşıq sevgililərin adını xəbər aldı. Oğlan mənim adım Məhəmməd, sevgilimin adı Güləndamdır - özümüz də Kəlbəcərdənik, deyib cavab verdi: Dedi, aşıq qardaş, mən də, sevgilim də sazın, sözün, aşığın xəstəsiyik. Üç gündən sonra xeyir işimiz olacaq. Bəlkə bir sazını köynəkdən çıxardasan. Amma oğlan deyəndə ki, "Mənim adım Məhəmməddi, sevgilimin adı Güləndam” aşığın yadına "Məhəmməd və Güləndam” dastanı düşdü. Dedi elə oğlanın da, qızın da könlünü almaq üçün o dastandan oxuyaram.
    Bir də fikirləşdi ki, yeni söz qəhətliyidimi? Əgər mən aşığamsa muraz üstə olan, toyunu gözləyən bu cavanların eşqinə təzə bir könül sözü söyləməsəm olarmı?
    Aşıq üzünü cavanlara tutub "Aran gözəlləməsi” havası üstündə onlara xeyir-dua verdi.
    Sizi gördüm, gözüm-könlüm açıldı,
    Ürəyimə süzüldünüz, axdınız.
    Yaylaq yaşıl, meşə yaşıl, dağ yaşıl,
    Yaylaq kimi yaşıl olsun baxtınız.
    Ay nurunda qar işığı gözəldi,
    Yar gözündə yar işığı gözəldi,
    Yağla-balın qarışığı gözəldi,
    Şirin olsun dövranınız, vaxtınız.
    Vüsal gəlsin, həsrət çıxsın aradan,
    Müjdə versin yara səhər, yara dan,
    İşığını bol eləsin yaradan,
    Toy gecəsi bəzənəndə taxtınız.
    Toyqabağı bu sözləri eşidən sevgililərin ürəyi çiçək kimi açıldı, sevinci birə-min oldu. Elə bil ki, ozan xeyir-duası, ağsaqqal alqışı üçün Aşıq Hüseyni cavanların yanına Allah özü göndərmişdi.
    Aşiqlərin sevincinə sevinən aşıq onların ruhunu daha da qanadlandırmaq üçün sözün ikinci varağını çevirdi.
    Güləndam bir güldü, Məhəmməd çiçək,
    Nə gözəl yaraşır qız Məhəmmədə.
    Elə bir qız seçib qızlar içindən,
    Layiqdi ən şirin söz Məhəmmədə.
    Qəlbin atəşinə, oduna qurban,
    Eşqin ləzzətinə, dadına qurban,
    Peyğəmbər adıdı, adına qurban,
    İlahi, dəyməsin göz Məhəmmədə.
    Dönsün məhəbbətin şirin barına,
    Tanrı qovuşdursun yarı yarına,
    Qarışsın Hüseynin arzularına,
    Versin murazını saz Məhəmmədə.
    --------------------------------------------------------------------------------
    İndi bu gedişatı ki, belə görürəm deyəsən Təbriz sarıdan Allah bizim murazımızı gözümüzdə qoyacaq. Onu nə sən görəcəksən, nə də mən. Ona görə də sazı köynəyindən çıxaraq. Ölüm-itim dünyasıdı. Dünyanın işini nə bilmək olar. Bir də ya qismət, görüşək, ya görüşməyək. Hər ikisi kövrəldi. Sazlar köynəkdən çıxdı. Sazın Borçalı köküylə Təbriz kökü qoşalaşdı. Qaynadılar-daşdılar, qabardılar-çəkildilər, zillər-bəmlər, keçidlər-aşırımlar, endirmələr-döndərmələr ustad barmaqlarından bal kimi ruhlara, damarlara süzülürdü. Yenə axırda Təbriz söhbətinin üstə gəldilər. Aldı görək başı bəlalar çəkmiş, gözü odlar görmüş iki qocaman aşıq nə dedi, hardan dedi:
    Aşıq Hüseyn Saraçlı
    Aşıq, arzularım gözümdə qaldı,
    Sən məni Təbrizə aparammadın.
    Təbriz söhbətimdə, sözümdə qaldı,
    Sən məni Təbrizə aparammadın.
    Aşıq Hüseyn Cavan
    Saraçlı, zamanın günahkarıyam,
    Mən səni Təbrizə aparammadım.
    Həsrət qollarımı salıb yanıma,
    Mən səni Təbrizə aparammadım.
    Aşıq Hüseyn Saraçlı
    Vursa da düşmənə hey pəncə Təbriz,
    Çox gördü düşməndən işgəncə Təbriz,
    Nə Təbriz Gəncədi, nə Gəncə Təbriz,
    Sən məni Təbrizə aparammadın.
    Aşıq Hüseyn Cavan
    Zalımlıq ovçuda, fağırlıq ovda,
    Ayağım qandalda, əlim buzovda,
    İçim də, çölüm də yandı alovda,
    Mən səni Təbrizə aparammadım.
    Aşıq Hüseyn Saraçlı
    Düşmən pıçıldadı, him-cimə düşdü,
    Kim harda qırıldı, kim-kimə düşdü,
    İşlər düyünləndi, tilsimə düşdü,
    Sən məni Təbrizə aparammadın.
    Aşıq Hüseyn Cavan
    Könül, Vətən sarı havalan dedim,
    Qoy görsün üzünü Savalan dedim,
    Ovuna çatmasın ov alan dedim,
    Mən səni Təbrizə aparammadım.
    Aşıq Hüseyn Saraçlı
    Tarixlər hamısı saxta yazıldı,
    Yollarda qismətə şaxta yazıldı,
    Ayrılıq yığvala, baxta yazıldı,
    Sən məni Təbrizə aparammadın.
    Aşıq Hüseyn Cavan
    Gözümdən, könlümdən odlar ələdim,
    Ömrümü, günümü oda bələdim,
    Yetim quzu kimi yandım, mələdim,
    Mən səni Təbrizə aparammadım.
    Aşıq Hüseyn Saraçlı
    Göz yaşım olsa da sel kimi rəvan,
    Səndə nə günah var, ay aşıq Cavan!
    Ədalətsiz oldu ədalət-divan,
    Sən məni Təbrizə aparammadın.
    Aşıq Hüseyn Cavan
    Adım Cavan oldu, yığvalım qoca,
    Çatmadım Təbriztək Məkkəyə, Haca,
    Döndü aqibətim Mənsur Həllaca,
    Mən səni Təbrizə aparammadım.
    Aşıq Hüseyn Saraçlı
    Saraçlı, hey yağdı həsrətin qarı,
    Biz gedə bilmədik Təbrizə sarı,
    Oğlumuz, qızımız gedəydi barı,
    Sən məni Təbrizə aparammadın.
    Söz sözü, dərd dərdi, hava havanı gətirirdi. Heç biri bilmirdi ki, bu onların həyatında axırıncı görüşü, birlikdə apardığı son məclis idi. Sazları "Şahsənəm” havasına kökləyib, bədahətən elə oradaca gələn "Təbrizdə” rədifli gəraylı üstündə qoca bülbüllərin qoşa zəngulələri Gəncədən qalxıb Göygölə, Kəpəzə sarı uçurdu ki, bəlkə bu səsdən Səhəndə, Savalana da yetişə.
    Aşıq Hüseyn Cavan
    Ayrılıqdan qisasımı
    Alam Təbrizdə, Təbrizdə.
    Sevin - şadlıq namazını
    Qılam Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Saraçlı
    Ulu Tanrım qanad verə,
    Olam Təbrizdə, Təbrizdə,
    Bulud kimi boşalmışam,
    Dolam Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Cavan
    Talan oldu ömrüm-günüm,
    Çaş-baş düşdü qibləm, yönüm,
    Ağrım-acım, səsim-ünüm,
    Nalam, Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Saraçlı
    Uzaq yollara yovuşam,
    Bu dərddən, qəmnən sovuşam,
    Şirin bir eşqə qovuşam,
    Qalam Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Cavan
    Hər şey yasaq Türk adında,
    Mal adında, mülk adında,
    Yetim qalıb Ərk adında,
    Qalam Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Saraçlı
    Yolu verən Araz ola,
    Hər işimiz taraz ola,
    Görüş günü bir saz ola,
    Çalam Təbrizdə, Təbrizdə.
    Aşıq Hüseyn Cavan
    Nələr getdi, nələr qaldı,
    Yaralı nəğmələr qaldı,
    Quzu kimi mələr qaldı,
    Balam Təbrizdə, Təbrizdə.
    Deyişmə başa çatdı, çay süfrəsinə əyləşdilər. Aşıq Hüseyn Cavanı yenə həsrət dolu bir xəyal qanadlarına aldı. Xəyalında yenə Təbrizə sarı uçurdu.
    Yenə fikirliydi, düşüncəliydi,
    Bizə qəm şərbəti içirən aşıq.
    Özü getməsə də arzularını
    Bu taydan o taya keçirən aşıq.
    Axtarıb dayazı, gəzib dərini,
    Dağtək daşıyırdı dərdi-sərini,
    Yuxuda görürdü öz şəhərini,
    Fürsəti əlindən qaçıran aşıq.
    Kövrək dillənirdi, fağır dururdu,
    Onu dərd yıxırdı, qəm susdururdu,
    Xəyaldan özünə yuva qururdu,
    Təbrizi Gəncəyə köçürən aşıq.
    Aşıq Hüseyn Saraçlı Borçalıda, Bolus çökəyində Saraçlıya ən yaxın kənd olan Qoçulu kəndindən toy məclisindən təzəcə qayıtmışdı. Kefi kök, damağı çağ idi. Sədri taxtda, xalı-xalçanın üstə, mütəkkəyə, balınca dirsəklənib pürrəngi çay içirdi.
    Bu o vaxtlar idi ki, Qoçulu Məhəmmədin yazdığı, Aşıq Hüseyn Saraçlının "Dubeyti” havasına oxuduğu "Minaya” mahnısı düzü-dünyanı başına götürüb, dillərdə dastan olmuşdu.
    Elin var Qoçulu kəndi,
    Sənə deyim beşcə bəndi.
    İtməz Məhəmmədin zəndi,
    Gözəl sənsən, ay Minaya!
    Bu söz o qədər məşhurlaşmışdı ki, bu yerlərdə kimin əlinə harda aşıq keçirdi, o saat ay aşıq, bir "Minaya”nı oxu, qulaq asaq deyirdi. Aşıqların çoxu o sözü oxumaq istəmirdi. Ona görə yox ki, sözü bilmirdi. Ona görə ki, Aşıq Hüseyn Saraçlı bu havanı o qədər həlim, gözəl və şirin oxumuşdu ki, başqası oxuyanda çox zəif bir yamsılama çıxırdı.
    * *
    Aşığın ömür-gün yoldaşı Şahsənəm xanım çay süzə-süzə dedi ay kişi, sən gəlməmişdən iki-üç saat qabaq qapımıza bəy nişanlı, bəyzadə yerişli üç oğlan gəlmişdi. Durumundan-qırımından xana-bəyə layiq adamlardı. Sənə çatası bir məktub verdilər. Üstəlik dilcavabı da dedilər ki, ay ana, hörmətli aşığımıza deynən ki, biz Dərələyəz mahalından gəlmişik. O yerlərin ağsaqqalı İbrahim kişinin adamlarıyıq. O sizi dörd gözlə öz elində-obasında, ocağının başında gözləyir. Tiflisdə üç günlük işimiz var, qayıdıb gələndə sizə dönəcəyik. Əgər əlində elə vacib işi yoxdusa, bizim sözümüzü, ağsaqqalın dəvətini yerə salmasın. Onsuz da damağı çağ olan aşığın kefi bir az da kökəldi. Dedi arvad, payızın kövrək çağlarıdı. Onsuz da nə toylar qurtarasıdı, nə də mən dincələsiyəm. Bu İbrahim kişinin haqqında mən çox eşitmişəm. Deyirlər onun evi şairlərin, alimlərin, aşıqların görüş yeri, ziyarət məskənidi. Hatəm səxa bir kişidi. Özü də o yerlərdə heç olmamışam. O kişinin mənə əvvəllər də ismarıcı olub. Bu dəfə də getməsəm deyəllər ki, aşıq saymazyanalıq elədi. "Say səni sayanı, yer ilə yeksan olsa da, Sayma səni saymayanı, cahanda sultan olsa da.”
    Bəli, üç günün tamamında İbrahim kişinin adamları gəlib çıxdı. Aşıq onları çox böyük hörmətlə qəbul elədi. Yaxşı bir süfrə açdı. Şahsənəm xanım dürlü-dürlü hər nemətdən süfrəyə düzmüşdü. Cavanlardan biri dedi. Ay ustad, deyillər payız ağzını qışa sarı çevirəndə sizin ən çox sevdiyiniz yemək təkənin qovurması olur, ondan varındımı, bir az biz də dadaq. Dağdan gələn cavanlar qovurmamı görməmişdilər? Onlar üçün maraqlı idi ki, görək belə şan-şöhrət sahibi olan el sənətkarının evdə günü-güzəranı, səliqə-sahmanı necədir. Aşıq dedi, oğul, əlli ildi mənim evimdə təkə qovurması olur. Qoç da sizə qurban olsun, təkə də, onun qovurması da. Elə bil qonaqların ürəyini oxumuşdu. Dedi oğul, aşığın qapısı elin qapısıdı. O, həmişə elin üzünə açıq olmalıdır. Ev də həmişə, hər şeyə hazır olmalıdır. Kişinin iti də qapısında dəmbər gərək. Sənətkarın qapısına daxil olanda həyət-bacasında, ev-eşiyində səliqə-sahman, təmizlik görmədinsə heç o evə girməsən yaxşıdı. Hər şey yerini aldı, çörəklərini yeyib, süfrəyə xeyir-dua verib qalxdılar. İlkindi vaxtı gün dağların dalına sarı əyilib, azca saraltısı qalanda özlərini Dərələyəzə yetirdilər. İbrahim kişi başqa yerlərdə, başqa məclislərdə Aşıq Hüseyn Saraçlını görmüşdü, ancaq tanışlıq verməmişdi. Səs-küyə eşiyə çıxdı, yola sarı boylananda o saat aşığı tanıdı. İbrahim kişi Dərələyəz mahalının sayılan, seçilən, hörmətli ağsaqqallarından biriydi. Aşığı həm öz adına, həm də aşığın adına layiq şəkildə qarşıladı. Qonağın ayaqlarının altında burmabuynuz, kirkirə quyruq, beli xınalı bir qoçu qurban kəsdilər.
    Say-seçmə kişilərə, saz-söz qədri bilənlərə İbrahim kişinin dəvətçiləri dedi ki, cümə günü hamı bizə buyursun. Borçalıdan Aşıq Hüseyn Saraçlı qonaq gəlib.
    Dərələyəzin say-seçmə kişilərindən ovçu Qəhrəman, Aşıq Bəhman, Əsgər Şahgəldiyev, Baxşalı oğlu Cabbar, Aşıq Mehti, Aşıq Mirzalı, Gəncinalıyev Gəray dəvətçilər arasında idi.
    Cüməyə hələ üç gün qalırdı. Dəvət olunmayan adamlar da aşığa qulaq asmaq üçün saatları sayırdılar. Aşıq fikirləşdi ki, bu nə cür toydu. Heç bəydən, gəlindən, toydan, toyxanadan söhbət açan yoxdu. Heç nə soruşmadı. Aydın oldu ki, İbrahim kişi aşığı toya yox, əhli-ürfan kişilərin, elin-obanın görüşünə şəxsi qonağı kimi çağırıb.
    Məclisin vaxtı gəldi çatdı. Hamı yerbəyer oldu. Üç gündü yağ içində böyrək kimi bəslənən, dincələn, özünə qarşı əsl ağsaqqal diqqəti görən Aşıq Hüseyn Saraçlı yavaş-yavaş sazı köynəyindən çıxartdı, nizam bir kök verdi, "Ya Allah, səndən mədəd” deyib ayağa durdu. Şair Nəbinin "Çox şükür” rədifli şerilə "Baş divani” havasına məclisi açdı.
    Yazılanlar gəldi başa qələminə çox şükür,
    Cümləmizə muraz verən kərəminə çox şükür.
    Göydən dörd baş kitab endi, əzəl başdan "İncili”
    Biz götürdük ol "Quran”ı, kəlamına çox şükür.
    Şivən məşhər günüdü, yarəbb, kim çəkər zillət,
    İsrafil ki, surun çalar, gəlsin nəki var millət.
    İbtida əfv olundu ol hümməti Məhəmməd,
    Əl götürən, dua qılan, salamına çox şükür.
    Şair Nəbi eşq ucundan sərin sevdaya düşdü,
    Çatıldı qıl körpü çox mömin qulları keçdi.
    Quruldu haqqın divanı, yarəbb, bu necə işdi,
    Biz də gəldik bu divana, divanına çox şükür.
    Havanı o qədər kövrək, ləngərli başladı ki, camaatın dədəsi-babası, əvvəli-axırı, beşiyi-məzarı, toyu-yası gözünün qabağından gəldi keçdi.
    Elə birinci havadan aşıq məclisi, məclis də aşığı tutmuşdu. İbrahim kişi ayağa qalxıb hamıya "xoş gəldin” elədi və üzünü aşığa tutub dedi: Aşıq Hüseyn Saraçlı, mən sözümü bir az sonra demək istəyirdim. Ancaq sən elə birinci havadan məni tərpətdin. Bu mahalın adından sənə təşəkkür edirəm ki, dəvətimi qəbul edib gəlmisən. Sənin bizə gəlişini bütün Borçalı aşıqlarının Dərələyəzə gəlişi kimi başa düşürük. Çoxdan sənin həsrətini çəkirdik. Bu məclis sənindir. Biz hamımız sənin işığına yığılmışıq. Bizi yaşat, dilləndir, gülləndir, qəlbimizi telləndir. Dünyanın halını bilmək olmaz. Qoy fələkdən oğurlanan, səninlə keçən bu günlər yaddaşlara yazılsın, tarixlərə düşsün. Xalqın gözəl bir sözü var, aşıq qardaş. Deyir, "igidi darda, taciri varda, aşığı sazda sına”. Biz səni sınağa, imtahana, sorğu-suala gətirməmişik. Yaddaşında nə var səpələ, sandığında nə var aç tök, barxananda nə var bağışla. Var əli kərəm əli, yox əli vərəm əli. Varını verən utanmaz, yoxdan verən dəlidi. Buyur, meydan sənindir.
    İbrahim kişinin bu sözləri hamını kövrəltdi, məclisə elə bir sakitlik çökdü ki, qu desən qulaq tutulardı. Bu sükut müqəddəs sükut idi. Bütün düşüncəli insanlar həmişə belə sükutun həsrətində olublar. Aşıqla məclis bir ürəyə, bir cana döndü. Aşıq "baş üstə” deyib əlini gözünün üstünə apardı, başladı, nə başladı. Aşıq kimlərdən oxumadı, ilahi? Qurbanidən, Abbasdan, Kərəmdən, Qəribdən, Koroğludan, Alıdan, Ələsgərdən, Çıldırlı aşıq Şenlikdən, Fahralı Şair Nəbidən, Cəlildən, Səməd Vurğundan, Osman Sarıvəllidən. Söz-söhbət arası atmacalar da ki, məclisi nehrə kimi çalxalayırdı.
    Aşıq nə az, nə çox düz bir həftə irili-xırdalı məclislərdə sözünü-söhbətini ipə-sapa düzdü, xalı kimi toxudu, ellərə ərmağan elədi. Bir həftənin tamamında Hüseyn Saraçlı Borçalıya qayıtmaq üçün İbrahim kişidən izn-icazə istədi. İbrahim kişi könül dostlarıyla bərabər elin-obanın adına layiq şəkildə aşığı qiymətli hədiyyə, dəyərli sor-sovqatla yola saldılar. Ayrılıq məqamında Aşıq Hüseyn Saraçlı üzünü qonağı olduğu başı qarlı dağlara, ona diqqət kəsilənlərə çevirdi. Görək Dərələyəzə, onun ağsaqqallarına, cavanlarına ürəyindən gələnləri "Dastanı” havası üstündə necə çatdırdı.
    Aşıq Hüseyn Saraçlı
    Üzünüz ağ olsun, el ağsaqqalı,
    İlahi! Nur gördüm Dərələyəzdə.
    Məclisi ləngərli, söhbəti şirin,
    Hər sözü dürr gördüm Dərələyəzdə.
    Çəkib sığalını Allahın əli,
    Yerli-yataqlıdı sərvəti, ləli,
    Dağları havalı, çayları dəli,
    Selləri kür gördüm Dərələyəzdə.
    Düzləri dolanıb, dağları aşır,
    Zirvəyə baxanda xəyalım çaşır,
    Bulaqlar başında qızlar qaynaşır,
    Çeşməni gur gördüm Dərələyəzdə.
    Göylərdən gələndi şeri, bəstəsi,
    Həm səsi gözəldi, həm şikəstəsi,
    Elin divanəsi, yurdun xəstəsi,
    Ocağı pir gördüm Dərələyəzdə.
    Qızı ismətlidi, oğlu mətindi,
    Saraçlı, bu eldən doymaq çətindi,
    Möcüzə Allahın, təbiətindi,
    Varlığı sir gördüm Dərələyəzdə.
    Hamı bu ayrılıq anlarında aşığa diqqət kəsilmişdi. İbrahim kişi möhkəm dolmuşdu. Dedi aşıq qardaş, sözün cavabı söz olar. Qoy bir söz də mən deyim, özünlə yadigar apar. Yeri gələndə məclislərdə hərdən bizi də yada salarsan.
    İbrahim kişi
    Aşıq, yollarına güllər döşənsin,
    Qəlbini şad apar Dərələyəzdən.
    Şöhrətin bir az da artdı, çoxaldı,
    Ad üstə ad apar Dərələyəzdən.
    Bizim görüşümüz düşsün dillərə,
    Keçsin pərdələrə, hopsun tellərə,
    Qoca Borçalıya, ağır ellərə,
    Bir parça od apar Dərələyəzdən.
    Ömrümüz çox keçib alovdan, oddan,
    Qoca İbrahimi çıxartma yaddan,
    Həmişə şirin ol, həmişə daddan,
    Tam apar, dad apar Dərələyəzdən.
    İbrahim kişinin şerə-şeriyyətə bu qədər dərindən bələd olması təsadüfi deyildi. Aşıqlar məskəni kimi tanınan, Aşıq Cəlil, Aşıq Qəhrəman, Aşıq Paşa, Aşıq Fətulla, Aşıq Məhəmməd, Aşıq Mirzalı, Aşıq Bəhman kimi ustad aşıqlar, Aşıq Mehti, Aşıq Rzaqulu kimi el şairləri yetirən Dərələyəz mahalında aşıq sənətinə həmişə tükənməz sevgi, coşqun məhəbbət olmuşdur. İbrahim kişinin Aşıq Hüseyn Saraçlıya vurğunluğu da o kökdən, o mayadan qidalanırdı. Aşıq Hüseyn İbrahim kişinin şəxsində yeni bir xəzinə kəşf etmiş, canlı bir kitab tapmışdı. O kitabı varaqladıqca varaqlamaq, oxuduqca oxumaq istəyirdi. Ona görə də el ağsaqqalının sevgi dolu şerinə elə həmin sevgi ilə də cavab verdi.
    Gözüm gördü, könlüm sevdi, qulaqlarım eşitdi,
    Səni əsil Dədə gördüm, Dədə İbrahim kişi!
    İşığını bu yerlərə çox görməsin yaradan,
    Toxunmasın varlığına zədə, İbrahim kişi!
    Ərənlərin sirdaşısan, sazdı-sözdü yaşıdın,
    Baş kişilər məclisində başçılardan baş idin,
    Peyğəmbərdən gələn adı imam kimi daşıdın,
    Çoxdan bizə gəlib çatıb səda, İbrahim kişi!
    Yüz varaqla, başa çatmaz könüllərin kitabı,
    Aqil olan hər suala orda tapar cavabı,
    Öyrədənə, öyrənənə birə mindi savabı,
    Kim istər ki, əlləri boş gedə, İbrahim kişi!
    İxtiyarsan, ağsaqqalsan, çox yormağa qıymadım,
    Sənli keçən günlərimi öz ömrümdən saymadım,
    Görüşündən, söhbətindən, məclisindən doymadım,
    Heyf, gəldi tez yetişdi vədə, İbrahim kişi!
    Bu səfərdən Borçalıya Aşıq Hüseyn Saraçlı bir Dərələyəz sevgisi, Dərələyəz məhəbbəti gətirirdi. Aran Borçalıda, Dağ Borçalıda, Bağ Borçalıda yağış kimi məclislərə səpələnmək, bərəkət kimi yaddaşlarda göyərtmək üçün.
    * *
    Elə-obaya, kəndə-şəhərə xəbər yayıldı ki, Aşıq Hüseyn Saraçlı Naxçıvana gəlib. Doğrudan da, Aşıq Hüseyn Saraçlı bir neçə gün idi ki, Naxçıvandaydı. Bu xəbər Şahbuz tərəflərdə Qışlaqlı Sərraf Qasıma da yetişdi. Sərraf Qasım neçə illərdi ki, Aşıq Hüseyn Saraçlının səsinə, nəfəsinə, avazına heyran olmuşdu.
    Ancaq heç vaxt üzbəüz görüşməmişdi. Ona görə də fürsəti fövtə vermədi. Bu söhbəti eşidən kimi o, özünü Şahbuzdan aşığın Naxçıvanda apardığı bir toy məclisinə yetirdi. Söz adamları bir-birini çox tez tanıyır. Yüz ilin doğması kimi görüşdülər. Naxçıvanda yaxşı tanınan və sevilən, haqdan vergisi olan el şairi Sərraf Qasımla Aşıq Hüseyn Saraçlının qoşalaşması məclisə yeni bir təravət gətirdi. Sərraf Qasım Hüseyn Saraçlının gəlişi münasibətilə aldı görək ustad aşığa necə xoşgəldin elədi, Aşıq Hüseyn Saraçlı ona nə cavab verdi.
    Sərraf Qasım
    Ustad, yerin gözlər üstə,
    Xoş gəlib, səfa gəlmisən,
    O yer halal, bu yerlər saf,
    Halaldan safa gəlmisən.
    Aşıq Hüseyn Saraçlı
    Məni gətirən gətirdi,
    Can içində cana gəldim,
    Nəqşi-cahan dediyimiz
    Qədim bir cahana gəldim.
    Sərraf Qasım
    Dildə, dişdə, səsdə mənəm,
    Zildə mənəm, pəsdə mənəm,
    Saza, sözə xəstə mənəm,
    Sən mənə şəfa gəlmisən.
    Aşıq Hüseyn Saraçlı
    Könlümü verdim sənətə,
    Durdum haqqa, ibadətə,
    Zəvvar kimi ziyarətə,
    Arı kimi şana gəldim.
    Sərraf Qasım
    Axar suların safısan,
    Eşqin Ağrısı, Qafısan,
    Sən sərraflar sərrafısan,
    Qasım Sərrafa gəlmisən.
    Aşıq Hüseyn Saraçlı
    Qara daşı ləl elədi,
    Qucaq açdı, gəl elədi,
    Saraçlıya əl elədi,
    Ulu Naxçıvana gəldim.
    Bu əlüstü deyişmədən sonra Aşıq Hüseyn sazla dediyi kimi sözlə də dedi ki, necə ola bilərdi ki, mən Aşıq Hüseyn Saraçlı olam, elləri-obaları diyar-diyar gəzəm, bu vaxta qədər Mömünə Xatunun Türbəsini, Atabəylərin yurdunu, Duz dağının şəfasını, Əcəminin naxışlarını, Batabatın gözəlliyini, Zor bulağın saflığını, Arpaçayın mənzərəsini, Əlincənin ucalığını, İlanlı dağın sərtliyini, Əshabi-kəfin möcüzəsini, Atababa Kültəpə, Qaradağlar türbələrinin qədimliyini və müqəddəsliyini öz gözlərimlə görməyəm. Bu səfər mənim çoxdankı arzum idi. Sazın ən şirin və ləngərli havalarından olan "Naxçıvani” havasının səsi-sorağı məni bu yerlərə gətirdi. Aşıq Hüseyn Saraçlı bir az çay süfrəsi arxasında söhbətləşəndən sonra, ağsaqqalların xahişi ilə yenidən ayağa durdu. Amma məclisdə əyləşənlərin ona qarşı diqqəti, marağı, məhəbbəti aşığı elə kövrəltmişdi ki, Ələsgər demiş "çaylar kimi çağlamaq” eşqinə düşmüşdü. Elə bu eşqlə də sözə-söhbətə başladı:
    Meydana çağırar sənətkarını,
    Eşqini dillərdə bir dastan eylər.
    Dünəni bu günlə qucaqlaşdırar,
    Bir dövrün içində min dövran eylər.
    Çiçəyi, yarpağı sevdirər bizə,
    Hər gülü, hər bağı sevdirər bizə,
    Yarpağı, torpağı sevdirər bizə,
    Bir damla sevinci bir cahan eylər.
    Coşar gözəlləri heyran görəndə,
    Sağalar dərdinə dərman görəndə,
    Elləri bir ürək, bir can görəndə,
    Tellər qucaqlaşıb canhacan eylər.
    Saraçlı Hüseynəm, nurlu danım var,
    Hər teldə, pərdədə ruhum, canım var,
    Harda "Sərili”m var "Naxçıvanı”m var,
    Orda bayramını Naxçıvan eylər.
    "Naxçıvan” havasına çox böyük şövqlə aşığın oxuduğu bu söz məclisi yerindən oynatdı, "əhsən, afərin” sədaları buludları titrətdi.
    Aşıq Hüseyn Saraçlının məclisdə yaratdığı heyrət Sərraf Qasımı yerindən oynatdı. Ayağa durub məclisə müraciətlə dedi:
    Kişininki gərək haqdan verilə,
    Nərəyə bax, elə bil ki, kürdü, kür.
    Avaza bax, ovsuna bax, sehrə bax,
    Söhbətə bax, elə bil ki, dürdü, dürr.
    İki qardaş dayanmışıq göz-gözə,
    Yaraşıqdır fikir-fikrə, söz-sözə,
    Hər dastanı ilahi bir möcüzə,
    Kökdü, zatdı, qədimlikdi, pirdi, pir.
    Şair Nəbi, aşıq Şenlik ziyası,
    "Əsli Kərəm”, "Aşıq Qərib” mayası,
    Dilindədi yaradanın duası,
    Zirvələrin seli kimi gurdu, gur.
    Sazdı-sözdü saniyəsi, saatı,
    Yaraşığı qoşma, təcnis, bayatı,
    Aşiqlərin ömrü-günü, həyatı,
    Aydı, Gündü, çilçıraqdı, nurdu, nur.
    Sərraf Qasım düşdü səsin izinə,
    Qulaq asdı, işıq gəldi gözünə,
    Belə dolu, belə zəngin xəzinə,
    Yaradanın özü bilən sirdi, sir.
    Halal sevgilərin alqış payından Sərraf Qasıma da çatdı. Məclis birə-min gözəlləşdi. Şirin məclislər bir-birini əvəz edirdi. Ağsaqqalların arzusuyla məclisin birini də Şahbuzun Kolanı kəndində Əsgərxan kişinin evində qurdular. Dərələyəzdən köçüb Şərurun Danyik kəndində yaşayan Aşıq Həmid, Aşıq Hidayət, Aşıq Fərrux Hüseyn Saraçlının sorağına gəlmişdilər. Naxçıvan aşıqlarından Aşıq Fətullahın (Aşıq Fətulla Aşıq Mehdinin doğma dayısıdır. Köçüb Naxçıvanda yaşayırdı. Dərələyəzin Herher kəndindəndir), Aşıq Qulunun, Aşıq Həsənin, Aşıq Məhəmmədin, Aşıq Əlinin, Aşıq Abdullanın adları dillərdə yenidən qanadlanır, hər biri ilə bağlı şirin xatirələr, gözəl söhbətlər könüllərə sazın-sözün sehirkar havasını gətirirdi.
    Əsgərxan kişi elin hörmətli, sayılan-seçilən adamlarından idi. Hüseyn Saraçlının Naxçıvana gəlişinin əsas səbəbkarı da o kişi idi. Saz-söz xiridarı, aşıq vurğunuydu. Bir neçə dəfə Saraçlıya gedib-gəlib aşıqla möhkəm dost olmuşdu.
    Şükür haqqa, şirin keçdi görüşlər,
    Qan damara, damar qana yetirdi.
    Məhəbbətin qanadları açıldı,
    Qəlbi qəlbə, canı cana yetirdi.
    Aşıq dindi, şux bülbüllər lal oldu,
    Bir havada dinən min bir xal oldu,
    Simlər üstə barmaqları bal oldu,
    Hər havadan bir nişana yetirdi.
    Kim söhbətə vurğun oldu, kim saza,
    Bu tarixi kimi yarada, kim yaza,
    Salam gəldi Borçalıdan Şahbuza,
    Saraçlını Əsgərxana yetirdi.
    Məclis başa çatandan sonra saz-söz vurğunu olan bir neçə cavan aşığın ürəyindən keçən arzuları canla-başla yerinə yetirdilər. Naxçıvanda olan ocaqları, pirləri, ziyarətləri, türbələri, tarixi abidələri gəzdirib, hər birinin tarixiylə onu halı elədilər. Aşıq burda da böyük el sevgisi, xalq məhəbbəti görüb murazına çatmışdı. Artıq getmək vaxtı yaxınlaşırdı. Həvəskarlar aşıqdan ayrılmaq istəmirdilər. Saatın əqrəbini saxlamaq, buludun ətəyindən dartmaq, küləyi cilovlamaq mümkün olmadığı kimi zamanı dayandırmaq da imkan xaricində idi.
    Aşıq Hüseyn Saraçlı Naxçıvandan ayrılırdı. Vaxt hökmünü verirdi. Sağollaşmaq, vidalaşmaq, halal-hümmət hamısı başa çatanda Aşıq Hüseyn Naxçıvanın başı qarlı dağlarına boylanıb son sözünü belə tamamladı:
    Yüz də danış sonluğu yox, sonu yox,
    Tükənməzdi bu məkanın dastanı,
    Fürsət tapıb tarixlərə yazsalar,
    Bir dünyadı hər insanın dastanı.
    Qoca tarix hər daş üstə qazılmaz,
    Yaddaşlara yazılanlar pozulmaz,
    Hər oğulun qismətinə yazılmaz,
    Şan-şöhrətin, adın-sanın dastanı.
    Türbə gördüm, türbə ətri qoxudum,
    Sazdan, sözdən ona xalı toxudum,
    Tarixlərdə çox dastanlar oxudum,
    Atabəydi bu meydanın dastanı.
    Bu yerlərdə neçə-neçə ozan var,
    Bir mətləbi min-bir yerə yozan var,
    Hər dastanı yaradan var, yazan var,
    Mənim oldu bu zamanın dastanı.
    Saraçlıyam qayğı gördüm elində,
    Səsə döndüm pərdəsində, telində,
    Dünya görmüş bir aşığın dilində,
    Min-bir oldu Naxçıvanın dastanı.
    * *
                                                                                                             Geri      Ardı
     
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.04.2010)
    BAXILDI: 2905
    BÜTÜN RƏYLƏR: 0
    dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
    Adı *:
    Email:
    Kod *:
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 166
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2024                    055 584 04 52