Zəlimxan Yaqub - ŞEİRLƏR - Məqalələr - SARAÇLILAR
SARAÇLILAR Cümə, 09.12.2016, 07:49
BORÇALI. SARAÇLI KƏNDİNİN SAYTINA XOŞ GƏLDİNİZ | QONAQ | RSS
ANA MENYU

STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
İSTİFADƏÇİ: 0

SAYTLAR
  • XANQIŞLAĞI
  • GECƏGÖZLÜ
  • MƏNİM SERİALIM
  • FİLİMLƏR
  • SAYT DÜZƏLT
  • HAMSI VEB-USTASI ÜÇÜN
  • HAMI ÜÇÜN PROQRAMLAR
  • ƏYLƏNCƏ DÜNYASI
  • ƏN YAXŞI SAYTLAR
  • KULİNARİYA RESEPTLƏRİ

  • Block title

    AVROPA RADİOSU

    VALYUTA
     Valyuta məzənnəsi

    ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞEİRLƏR [ MƏQALƏ ƏLAVƏ ET ]

    Zəlimxan Yaqub
    Aşıq Hüseyn Saraclı                                                         səh1     səh2     səh3
    (dastan-roman)
    Ustadnamə
    * *
    Sürgün... XX əsrin 90-cı illəri idi. Günlərin birində dostlar məni Qazaxıstanın Çu vilayətinə dəvət eləmişdilər. 15 günlük səfərimdə gözüm nələr gördü, qulağım nələr eşitdi. Otuzuncu illərdə Azərbaycandan sürgün olunanlar. Ağlayanlar-gülənlər-sevinənlər, göz yaşı tökənlər. Ürəyi gedənlər. Sazımın tellərində, sözümün qanadında uçanlar... Bir-bir gələnlər tanışlıq verir, adlarını, nəsillərini, hardan gəldiklərini deyir, özlərini təqdim edirdilər. Gələnlərin içində bir nəfər uca boylu, nazik bədənli, ala gözlü, ağ saçlı, bəy yerişli bir kişi mənə yaxınlaşıb əlimi sıxdı, məni öz doğma balası kimi bağrına basdı.
    Adını soruşdum, "adım Sürgündür” - dedi. Sürgün adında adama birinci dəfədir rast gəlirəm - dedim. Mənim sözüm kişini talan olmuş şəhərə döndərdi. Gözlərini uzaqlara zilləyib, fikirli-fikirli sözə başladı.
    Ay qardaşoğlu, bizi otuzuncu illərdə Füzuli rayonunun Kərimbəyli kəndindən sürgün ediblər. O kənd mənim babam Kərim bəyin adını daşıyırdı. Mən həmin Kərim bəyin nəvəsiyəm. Şura hökumətinin taxtı tarac olsun, yəhəri qanla dolsun, qan üstündə qurulmuşdu. Varımızı-dövlətimizi əlimizdən almaqla ürəyi soyumadı, gözü doymadı, üstəlik bizi də Qazaxıstana sürgün elədi. Cənnətdən cəhənnəmə, çeşmələrin gözündən ilan mələyən qumlu səhralara düşdük, oğul. İndi nə var, buraları cənnətə döndərmişik. Yollarda qırılan qızıldı, ölən öldü, itən itdi, batan batdı. Atamın, qardaşımın, bacılarımın hamısının meyiti çöllərdə qurda-quşa yem oldu. Düz-əməlli basdıra da bilməyiblər. Sürgün qatarı Azərbaycandan tərpənəndə mən anamın boyunda olmuşam. Qatar Qazaxıstana çataçatda mən elə qatarda anadan olmuşam. Anam mən dünyaya gələndən bir həftə sonra dünyasını dəyişib.
    Sürgün!
    Yetimlik!
    Qəriblik!
    Yoxsulluq!
    Hamısı birdən döyüb qapımızı. Yazıq nənəm ağlaya-ağlaya adımı "Sürgün” qoyub. Ömrümüz boyu burda ölənimizə, orda itənimizə ağlamışıq. Nə ölən dirilib, nə itən tapılıb. İndi sənin gəlişini eşidəndə elə bil camaatın üstünə gün doğdu. Sən təkcə özünü gətirməmisən. Qarabağı, Şuşanı, Qoşqarı, Kəpəzi, Kərimbəylini, Azərbaycanı bizə gətirmisən, oğul. Barmaqların, sazın, sözün, avazın var olsun, mənim balam.
    Sürgün... qapıları bağlayan, ocaqları söndürən, ilikləri donduran, sümükləri göynədən, insanı dirigözlü öldürən, ətini yeyib, qanını içən yeddibaşlı əjdaha, zəhərli səhra ilanı, qudurmuş it, ac canavar, vəhşi donuz...
    Azərbaycanın hər yerində olduğu kimi sürğün Qazax mahalının Əskipara kəndindən də yan ötmədi. Əskiparadan da sürgünlər başladı.
    Eldə-obada mərd və sərt kişi kimi tanınan Əskiparalı aşıq Qurbanın nəslini, Məmmədağanın nəslini də Qırğızıstana sürgün elədilər.
    İndi sizə hardan deyim, kimdən danışım əsli Əskiparadan olan, sürgündə yaşayan Bimar təxəllüslü, Mehralı adlı bir el şairindən. O Bimardan ki, günlərin birində ürəyi qübar eləyib, qəlbi şan-şan olanda Aşıq Hüseyn Saraçlını yadına salıb, onun ünvanına şeirlə belə bir məktub yazmışdı:
    Şər qarışar, şölə düşər çırağa,
    Çıraq ağlar, ah-zar ağlar, şam ağlar.
    Şam gecə alışar, gecələr yanar,
    Amma mənim gözüm sübhi-şam ağlar.
    Ayrılıq canıma necə güc eylər,
    Sındırıb qəlbimi əyər, kəc eylər,
    Çəkilməz dərdimi biəlac eylər,
    Gözüm qürbət eldə hər axşam ağlar.
    Çox sonalar ayrı düşüb gölündən,
    Zəhər yedik ayrılığın əlindən,
    Çünki ayrı düşüb yarın elindən,
    Bimar ağlar, divar ağlar, dam ağlar.
    Sən demə bu şeir təkcə sürgünlə, həsrətlə bağlı deyilmiş. Bimar Mehralı şirin yuxuda yatdığı yerdə ona Tiflisdə Gülnar xanımı buta veriblər. Yuxudan ayılan kimi bir bayatı çəkir.
    Mən aşıq birəm, birəm,
    Qar düşər birəm-birəm.
    Qadir Allah, kömək ol,
    Qürbətdə birəm, birəm.
    Allah min dərd veribsə, min bir də dərman verib deyillər. Ulu Tanrı Bimara kömək olur. Gəlir qoca Tiflisə, Şeytanbazarda aşıqların çalıb-oxuduğu, köhnə kişilərin dıraxdın dediyi bir çayxanaya daxil olur ki, adı çayxana olsa da aşıqların, xanəndələrin, saz-söz adamlarının cəm olduğu görüş, əhdi-peyman yeri kimi bu yer Tiflisdə çox məşhur imiş.
    Dərdi olan özünə bir dərdmənd axtarar. Çayxanada fikir verir gələnlərə, gedənlərə, əyləşənlərə. Nəsə gözü bir ağsaqqalı tutur. Fikirləşir ki, bu adama ürək qızdırıb, dərd açmaq, sirr demək olar. Tanış olurlar. Kişi doğrudan da danəndə bir kişi olur. Məsləhət görür ki, bu işdə sənə ancaq Aşıq Hüseyn Saraçlı kömək edə bilər. Bimarın yanına bir bələdçi qatıb onu hörmətlə Saraçlı kəndinə yola salır. Özünə də tapşırır ki, oğul, mənə Tavad Süleyman deyəllər. Al, bu da mənim ünvanım. Bu işdə nə çətinliyin olsa, tükümü yandır, yanında hazıram.
    Bimar Mehralı gəlirdi Saraçlı kəndinə. Məsələdən halı olan Aşıq Hüseynin uçmağa qanadı olmadı. Bir-birini yüz ilin həsrətlisi kimi bağrına basıb, öpüşüb görüşdülər. Çünki aşıq Hüseyn Saraçlı Bimardan məktub alandan sonra onun şeirlərini məclislərdə həvəslə, yanğıyla oxuyurdu. İndi həmin adam öz ayağıyla gəlib onun evinə çıxmışdı. Bimar Mehralı bir həftə aşığın əziz qonağı olandan sonra gəlişinin mətləbini Aşıq Hüseyn Saraçlıya çatdırır, görək necə çatdırır:
    Bir alagözlünün sorağındayam,
    Axşam axtarıram, səhər gəzirəm.
    Xeyirxah bəndəsən dedilər mənə,
    Səndən bir xeyirli xəbər gəzirəm.
    Dağı parçalayar, qayanı çapar,
    Sevən sevgisini Kəbə tək yapar,
    Atalar buyurub axtaran tapar,
    Mən də kənd axtarıb, şəhər gəzirəm.
    Düşdüm cığırlara, düşdüm izlərə,
    Sevginin qüvvəti gəldi dizlərə,
    Bimaram baş vurdum göy dənizlərə,
    Dənizin dibində gövhər gəzirəm.
    Aşıq Hüseyn Saraçlı Bimarın butasının, sevgisinin kim olduğunu, harda olduğunu bilən kimi ürəkdən şad oldu, görək Bimara nə cavab verdi:
    Bu sevgi xəstəsi, yollar yorğunu,
    Sıxmasın qəlbini kədər, darıxma.
    Yaradan yar olar haqq aşığına,
    Getməz bu zəhmətin hədər, darıxma.
    Neçə toy-düyünə olmasam aşiq,
    Neçə ürəklərə salmışam işıq,
    Üz tutub yanına gəldiyin aşıq
    Sabah elçiliyə gedər, darıxma.
    Gəlmisən evimə xoş niyyət ilə,
    Qəlbində tükənməz məhəbbət ilə,
    Hüseyn Saraçlı el adətiylə,
    Özü toyunuzu edər, darıxma.
    Bimar oldu Kərəm, Aşıq Hüseyn Saraçlı oldu onun Lələsi.
    Tavat Süleymanı tapdılar. Bimarın sevgilisi Gülnar xanımın harda yaşadığını öyrəndilər, elçi getdilər. Aşıq dili yüyrək olar. Nişan taxıldı, toy çalındı.
    Sevgililər şəhəri qoca Tiflis Qəribi Şahsənəmə necə qovuşdurmuşdusa, Bimarı da Gülnar xanıma eləcə çatdırdı. Tavad Süleyman xərcini çəkib öz doğma balaları kimi sevgililərə üç gün, üç gecə məclis qurdu. Qəribin könlü şad oldu. Gülnar da murazına çatdı. Bimarla Gülnar bir-birinə qovuşandan sonra Aşıq Hüseyn Saraçlının sevinci yerə-göyə sığmadı. Elə bil təzəcə dünyaya gəlmişdi.
    Bimar Mehralı sevgilisini də götürüb Qırğızıstana qayıtdı. Aradan iki il keçmişdi. Saraçlıya Bimardan yenə bir məktub gəldi. Aşıq Hüseyn Saraçlını oğlunun sünnət toyuna dəvət edirdi. El şairi məktubunu belə yazmışdı:
    Qürbət eldə oğlum olub,
    adını qürbət qoymuşam,
    Ay Saraçlı, məndən ötrü
    gəl qürbəti Vətən elə.
    Bas bağrına telli sazı,
    candan çıxsın ağrım-acım,
    Həsrətimi, kədərimi,
    ölən elə, itən elə.
    Yerin qəlbi daşa dönüb,
    dağ da susub, daş da susub,
    Ağlamaqdan, yorulmaqdan
    gözümdəki yas da susub.
    Ürəyimi aça bilmir,
    yaz da susub, qış da susub,
    Lal dilimə bir nəğmə ver,
    bülbül kimi ötən elə.
    Ağac kimi bar gətirib,
    meyvə kimi dərilərəm,
    Qədəmlərin dəyən yerə
    palaz olub sərilərəm.
    Qəbrim olsa baş qaldırram,
    ölmüş olsam dirilərəm.
    Mətləbimə yetir məni,
    murazıma yetən elə.
    Hər sətrindən həsrət yağan, göz yaşı tökülən belə bir məktubdan sonra getməmək olardımı? Bəlkə də Bimar Mehralı adında adam heç yox idi bu dünyada. Bimar şəklində onu qədim Türküstana Manasın, Kaşğarlı Mahmudun, Əhməd Yəsəvinin, Balasaqunlu Yusifin, Əmir Teymurun, Yunus İmrənin, Nəvainin, Abayın, Məxtumqulunun, Mollanəpəsin ruhları çağırırdı. O ruhlar ki, min illər boyu Altaydan Anadoluya, Doğudan Batıya at minib, qılınc oynadıb, qamçı çəkib türkün ruhunu yaşatmışdı. Ruhu ölməyə, nəğməni susmağa, səsi kəsilməyə, sazı kiriməyə qoymadı. Bu yerdə ozanlar ozanı Hüseyn Saraçlı Qazax türkü, səhralar nəğməkarı Abayın misralarını xatırladı.
    Sərvətə dəyişdi çoxu nəğməni,
    Hər kəs duya bilməz axı nəğməni.
    Alçaq adamlara nəğmə yaraşmaz,
    Ruhu olanlarçün oxu nəğməni.
    Axı onu yoldan keçən təsadüfi bir adam yox, ağac kimi kökündən qoparılan, əti dırnaqdan, közü ocaqdan, başı papaqdan, sözü dodaqdan ayrılan, Vətən deyəndə, Azərbaycan deyəndə bağrı köz-köz olub yanan qərib bir şair-eloğlu çağırırdı.
    Bəli, Aşıq Hüseyn Saraçlı Türküstana gedirdi. Çiynində saz: sinəsinin altında ozan ürəyi. O, tək getmirdi, sazla gedirdi, sazla. Əlifbadan qabaqkı, yazıdan əvvəlki dünyanın yadigarıyla. O, sazı aparmaqla Azərbaycan türklərinin yaddaşını, Dədə Qorquddan dədə Şəmşirə, Dədə Əmraha qədər bütün ozanları Türkün qədim Vətəninə aparırdı. Sazın yetmiş iki havasını aparırdı. Nədir bu yetmiş iki hava? Bəlkə Türk adlanan nəhəng ağacın yetmiş iki budağını aparırdı. Hər budağın öz meyvəsi, hər meyvənin öz dadı-tamı. Havalarımızın adına baxın. "Dilqəmi”, "Yanıq Kərəmi”, "Hicranı”, "Qürbəti”, "Zarıncı”, "Dol Hicranı”. Hansı havaya əl vurursan ondan dərd tökülür, od-alov yağır, atəş püskürür, göz yaşları süzülür. Qürbətdə doğulan körpələrə verilən adlara baxın. Bimar, Qərib, Qürbət, Hicran, İntizar, Sürgün, Əfqan, Fəqan...
    Qatar şütüyürdü, sürünürdü, hayqırırdı, səhraları başına götürmüşdü. Hərdən hirsi tutan atlar kimi yerindən tərpənmir, yerindəcə silkələnirdi, hərdən palçığa batmış camış kimi yerində yırğalanırdı, hərdən də qış yuxusuna getmiş ilan kimi səhrada qıvrılıb yatırdı. Bu qatarda Vətəndən qürbətə qəribləri sevindirməyə gedənlər çox idi. Onlardan biri də Aşıq Hüseyn Saraçlı idi.
    --------------------------------------------------------------------------------
    Bəli əzizlərim, söhbət elə şirin oldu ki, heç bilmədilər ay hardan gəldi, gün hardan getdi, hansı ildi, hansı gündü, hansı saatdı. Bir də gözlərini açdılar ki, şər qarışıb, şamlar yanıb, hər kəs öz evinə-ocağına çəkilib. Söz kəsib, ilqar alıb, ilqar verdilər, əhdi-peyman bağladılar. Yerlə-göy kimi bir-birini bağrına basıb qucaqlaşdılar. Ayrılıq vədəsiydi, getmək vaxtı gəlib çatmışdı. Hüseyn qızdan ayrılmaq istəyəndə gördü nə ayaq yeriyir, nə ürək getmək istəyir. Addım atmaq istədi, ayaqları sözünə baxmadı. Gül bülbüldən, arı çiçəkdən, kəklik qayadan, çəmən çeşmədən ayrıla bilirmi ki, Hüseyn də dağlar gözəlindən ayrıla. Hüseynin ürəyi cuşa gəldi, qəlbinə təsəlli vermək, ürəyini saz üstündə dindirmək üçün aldı görək sevgilisi ilə necə halal-hümmət elədi.
    Hüseyn
    Gözəllərin zər gözəli,
    Nigaran qoymaram səni,
    Yaylaqların tər gözəli,
    Nigaran qoymaram səni.
    Şahsənəm
    Sözlərinə canım qurban,
    Get oğlan, gözlərəm səni,
    Sənə din-imanım qurban,
    Get oğlan, gözlərəm səni.
    Hüseyn
    Haqqa qulaq asa-asa,
    Uzaq yollar basa-basa,
    Dönərəm Xızır İlyasa,
    Nigaran qoymaram səni.
    Şahsənəm
    Şahsənəməm süslənərəm,
    Nəğmə kimi səslənərəm,
    Bir can kimi bəslənərəm,
    Get oğlan, gözlərəm səni.
    Hüseyn
    Sənə verib dağ-binəmi,
    Meydan edərəm sinəmi,
    Hüseynin Şahsənəmi,
    Nigaran qoymaram səni.
    Bəli əzizlərim! Hüseyn bu gecəni Cücəkəndində gecələdi. Amma bu gecə o gecələrdən olmadı, Hüseyn üçün hər dəqiqə bir il qədər uzun çəkdi. Üstümüzə xeyirli sabahlar açılsın. Elə ki, səhər açıldı, Hüseyn Qurban kişiyə minnətdarlıq edib yola düşmək istəyəndə Qurban kişi dedi oğul, dünən toyda camaatla qaynayıb-qarışmağın çox xoşuma gəldi. Sənə bir at bağışlayıram. Halalın olsun, min çap, bu saat sənin köhlən atları yoran çağlarındı. Hüseyn Qurban əmiyə razılıq edib atı mindi. Halal-hümbət edib yol başladım dağdan arana doğru. Öz-özümə fikirləşdim ki, bu nə uğurlu səfər oldu. Hələ kişinin xəbəri yoxdu ki, mən onun qızına, qız da mənə aşiq olub. At muraz deməkdi. Yəqin ki, mindiyim bu at məni murazıma çatdırmaq üçün çox yollardan keçməli olacaq. Bəli, at doğrudan da yerimirdi, uçurdu, elə bil yeldən qanad taxmışdı, elə bil Saraçlıda balası qalmışdı. Könlü havalı, başı alovlu özümü yetirdim kəndimizə. Kəndə çatanda yadıma düşdü ki, atı yolda bircə dəfə sulamışam. Ata qarşı qəddarlığıma görə özümü danladım ki, sən necə qıydın ki, bu boyda yolu birnəfəsə sürüb gəldin. Axı, o sənin murazındı, innən belə gərək onu göz bəbəyi kimi qoruyasan. "At igidin qardaşıdı” sözünü Koroğlu elə-belə deməyib. Atın ürəyini almaq üçün yalmanına sarılıb, gözlərindən öpdüm. Anam məni görən kimi özünü saldı üstümə. Ay bala, Allah mənə ölüm versin. Yuxumu yaman qarışdırmışdım. Neçə gündü səndən nigaran qalmışam. Hardasan, gəlib çıxmırsan?
    Hüseyn göylərdə süzən qartala dönmüşdü. Bir bəhanə gəzirdi çalıb oxumaq üçün. Sazı sinəsinə basıb dedi: Ay ana, gördüklərimi dilnən desəm dilim od tutub yanar, icazə ver mətləbimi saznan deyim, hara getmişdim, niyə getmişdim, kimin yanına getmişdim.
    Ər kişilər meydanından gəlirəm,
    O məclisdə yaxşı dəmi görmüşəm.
    Ürəyimdə eşq adlanan dərya var,
    O dəryada üzən gəmi görmüşəm.
    Çiçək olub baharında, yazında,
    Ərimişəm baxışların nazında,
    Sevənlərin könül adlı sazında,
    Enib qalxan zili-bəmi görmüşəm.
    Çəkəmmərəm ayrılığın yasını,
    Silməliyəm ürəyimin pasını,
    Sevib-seçib gözəllərin xasını,
    Cücəkənddə Şahsənəmi görmüşəm.
    Hüseynin ürəyi dolmuşdu. Aldı görək anasına daha nə dedi.
    Ruhum havalandı, qəlbim qaynadı,
    Söz düşdü, dodaqdan-dodağa gəldi.
    Hələ bu sərhəddi keçmə, dedilər,
    Sevgiylə bu yerdə qadağa gəldi.
    Baş verdi sinədə nar qoşalaşdı,
    Zirvə qoşalaşdı, qar qoşalaşdı,
    Tale fürsət verdi, yar qoşalaşdı,
    Mən dağa qalxanda, o dağa gəldi.
    Eşqimin sərdarı, sultanı mənəm,
    Dillərin ən şirin dastanı mənəm,
    Töksələr qanımı qurbanı mənəm,
    Canım yar yolunda sadağa gəldi.
    Anası Yetər qarı - ay oğul, bir əməlli-başlı başa sal görüm gördüyün qız kimin qızıdı, hardan aldın onun sorağını, adını hardan eşitdin ki, gedib onu tapdın. Hüseyn: - Ana, mənim sevdiyim qız atamın dostu Cücəkəndli Tomarrı Qurban kişinin qızıdı. Söz Hüseynin ağzından çıxdığınnan Yetərin özündən getməyi bir oldu. Bu ilmi ölübsən, bildirmi. Birtəhər üzünə su səpib arvadı ayıltdılar. Ayılan Yetər ananı elə bir ağlamaq, elə bir hönkürtü tutdu ki, gəl görəsən. Səsini el-oba eşitməsin deyə arxa otağa çəkildi. Az qaldı bu mənzərədən Hüseynin başına hava gəlsin. Gözlədi ki, qoy anası sakitləşsin, sonra bu işdən agah olsun. Bir az keçəndən sonra Hüseyn ehtiyatla, qorxa-qorxa soruşdu ki, ana, ağzımı açmamış məni niyə peşman elədin. Xeyir-dua vermək əvəzinə göz yaşı tökürsən. Oğlunun sözünə cavab verməyən ana dərin bir xəyala daldı. Fikri-xəyalı bir neçə il əvvələ getdi...
    Onda hələ Qurban kişi güllələnməmişdi. Ailə, oğul-uşaq, dağ-binə, el-oba hamısı yerli-yerində idi. Hələ 37-nin qanı heç kəsin üstünə sıçramamışdı. Saraçlı Qurbanın köçü yaylaqdan təzəcə arana enmişdi. Günlərin bir günü Qurban kişi evdə aranı xəlvət görüb ömür-gün yoldaşı Yetər xanımı yanına çağırdı.
    - Arvad, sənə bir sirr açmaq istəyirəm. Amma gərək bu arzumuz yerinə yetənə qədər söhbət ikimizin arasında qalsın.
    Sözlü adama oxşayan Qurban kişinin gözlərindən xoşbəxtlik yağırdı.
    Yetər qarı: "Buyur”, - dedi, - "ay kişi, Allah xeyir eləsin”.
    - Ay Yetər, yadındadımı, Cücəkənddə Tomarrı Qurbanın dağda oğullu-uşaqlı bizim alaçığa qonaq gəlməyi?
    Yetər qarı: "Bəli, yadımdadı ay kişi, xeyir olsun?”
    - Xeyir olmamış nə olasıdı, Allahdan danmadım, səndən nə danım, Qurban kişinin beş-altı yaşlı Şahsənəm adlı bir qızı var idi. Mən ona çox diqqətlə fikir verirdim. O gələcəyin ən gözəl gəlini olacaq. Kimin evinə düşsə dirəyi qızıldandı. Onu indidən Hüseyn üçün gözaltı eləmişəm. Qız ağacı, qoz ağacı, hər gələn bir daş atar. Göz-qulaq ol, vaxtı çatar-çatmaz o qıza elçi gedəcəyəm. Nə deyirsən?
    - Boy ay kişi, o günə qurban kəsərəm, niyyət orucu tutaram, yetimlər sevindirərəm. Sənin adın da Qurbandı, o qızın atasının adı da. Allah yazmayıbsa, iki Qurbanı bir-birinə qohum-dost-arxa yazsın. O gündən Saraçlı Qurban Şahsənəmi evinə gəlin gətirmək üçün ayları, illəri, saatları sanayır, hərdənbir bu söhbəti Yetər xanıma xatırladırdı. Ancaq bizim bilmədiyimiz işlər var. O ancaq Allahın əlindədi:
    Nə saydı,
    Çox nəs gündü, nəs aydı,
    Mən nə saymaq istədim,
    Gör bir fələk nə saydı.
    İndi Allahın işinə baxın ki, özü həyatda olmayan Qurbanın arzuları həyata keçirdi. Yetər ananı ağladan, kövrəldən Hüseynin özündən xəbərsiz atasının ən gözəl arzusunu yerinə yetirməsiydi.
    Yetər xanım xəyaldan ayrılıb oğlunun boynunu qucaqladı. Hüseyn yerində donub qalmışdı. Bayaqkı göz yaşı, hönkürtü nəydi, indiki sevinc nəydi. Ana fikrindən keçənləri oğluna danışanda ana-balanı yenidən ağlamaq tutdu. Gözlərinin yaşı bir-birinə qarışdı. Yetər xanım oğlunu sakitləşdirib dedi: Oğul, bu gün bu xəbərdən Qurbanın ruhu şad olacaq.
    Necə demişdilər, elə də elədilər. Qəbir üstə Quran oxundu, Allah kəlamı səsləndi. Hüseyn dedi, ay ana, Allaha da qurban, onun kəlamına da, izn-icazə ver atamın məzarı başında sinəmə bir neçə kəlmə söz gəlib, mən də bir övlad sözü, bəndə kəlamı oxuyum.
    - Buyur, oğlum, atan güllələnəndə sənin on üç yaşın vardı. Ürəyində nə varsa, qızırqalanma, de gəlsin. Qoy ömrü vaxtsız qırılan kişinin qolları-budaqları, oğul-uşağının arzuları, ümidləri qırılmasın.
    Hüseyn atasının məzarı başında dolan buluda, yağan yağışa, axan selə dönmüşdü. Sevinclə-kədər, ölümlə-həyat gənc Hüseynin ürəyində qoşa dağlar kimi baş-başa vermişdi. Atasız keçən günlərini gözünün önündən keçirib, asta-asta, qəmli-qəmli "Zarıncı” havası üstündə oxumağa başladı.
    Ata, ayrılığın yaman ağırmış,
    Ağladım, gözümü yaşlar apardı.
    Sənsiz talan olmuş xırman yeriyəm,
    Daşıdı dənimi quşlar apardı.
    Qaçsam da dünyanın qəm, kədərindən,
    Bağrım dağ-dağ oldu min bir yerindən,
    Dərd öz kotanını çəkdi dərindən,
    Şumladı sinəmi xışlar apardı.
    Yağdı saçlarıma həsrətin qarı,
    Heç oldu gözümdə dünyanın varı,
    Yeriyə bilmədim qəbrinə sarı,
    Süründüm dizimi daşlar apardı.
    Nisgilli bir ürəyin ata haqqında söz-söhbəti qurtarmadığı üçün Hüseyn sözün varağını çevirib ikinci qoşmaya keçdi. Görək öz sevgisi üçün atasından necə xeyir-dua istədi.
    Sən deyən gözələ aşiq olmuşam,
    İzin ver sözümü deyim, ay lələ!
    Günah tutmuşamsa keç günahımdan,
    Görəndə qalmadı heyim, ay lələ!
    Göydən bəla gəlsə məndən ötürməz,
    Atım yüyrək olub, bəxtim gətirməz,
    Sənsiz toy eləsəm Allah götürməz,
    Sızıldar kamanım, neyim, ay lələ!
    Qıvrılır ürəyim, doğranır içim,
    Əmrinə hazırdı karvanım, köçüm,
    Rəva görürsənmi, qəm seli içim,
    Dərdi çörək kimi yeyim, ay lələ!
    Sənsiz ala gözlü pərim ah çəkər,
    Basılar meydanda nərim, ah çəkər,
    Torpağın üstündə yerim ah çəkər,
    Qan ağlar, yaş tökər göyüm, ay lələ.
    Sən mənim dünyamsan, mənə dünya ver,
    Mən damla istəsəm, sən bir dərya ver,
    Gəlmişəm, bu işə xeyir-dua ver,
    Sultanım, əfəndim, bəyim, ay lələ!
    Ana-bala gözlərinin yaşını, ürəyinin sözünü boşaldıb, bir az yüngülləşib, soluqlarını alıb qəbiristanlıqdan ayrıldılar.
    Evin darvazasından içəri girəndə arxadan bir səs gəldi. Geriyə boylandılar, heç kəsi görmədilər. Addım atmaq istəyəndə o səs bir də eşidildi. Hüseynin tükləri biz-biz oldu. Yerindəcə quruyub qaldı. Səs Qurban kişinin səsiydi. Bu səs yerdənmi çıxdı, buludların arasındanmı endi, daşı-qayanımı tərpətdi, qəbrin sinə daşındanmı qalxdı? Səsi Yetər xanım da, Hüseyn də çox aydınca eşitdilər. Bu həmin səs idi ki, neçə il qabaq Qurban kişi Yetər xanıma Şahsənəmin söhbətini eləmişdi. Bu gün həmin səs də murazına çatmışdı. Bu xəbərə görə arvadına da, oğluna da gözaydınlığı verirdi. Hüseyn evdə anasından ayrılıb bu səsin dalınca səssiz-səmirsiz birbaşa düz qəbiristanlığa gəldi. Atasının məzarına diqqətlə baxdı. Gördüyündən heyrətə gəldi. Başdaşı bir az qəbrə sarı əyilmişdi. Qəbrin üstündəki torpaq bir neçə yerindən çat vermiş, xırda yarıqlar əmələ gəlmişdi. Bu mənzərə heç vaxt Hüseynin gözlərinin önündən getmədi, ömrü boyu da bu sirri heç kəsə açmadı. Nəydisə özüylə o dünyaya apardı.
    Nəysə...uzatmayaq. Aşıq dili yüyrək, aşıq könlü köyrək olar. Aylar, illər gəldi keçdi. Hüseynin dostu Qara Osmanın ağsaqqallığı ilə Saraçlıdan Cücəkəndinə elçilər getdi. Razılıq çayı içildi, üzük taxıldı. Elçilikdən qayıdan kişilər elə bil ki, o yaylaqların nəki gülü-çiçəyi, ətri-təravəti var, hamısını dağ Borçalıdan bağ Borçalıya, Saraçlıya gətirmişdilər. Öz sevgisinə qovuşmağa can atan Hüseyn bu xəbərdən göydə uçan quşa döndü. Anasının əllərini öpüb gözlərinin üstünə qoydu. Bağrına basdı. Bu yerdə görək ana-bala bir-birini necə saza-sözə tutdular, nə dedilər.
    Anası
    Sənə də qurbanam, Şahsənəmə də,
    Hər arzun açılan gül olsun, oğul!
    Əlin daş görməsin, ayağın tikan,
    Yolların ipəkdən tül olsun, oğul!
    Hüseyn
    Könül sevindirib, ürək açmağa,
    Dualar dilində bol olsun, ana.
    Sevincdən, sevgidən, nurdan, işıqdan,
    Bütün ürəklərə yol olsun, ana!
    Anası
    Qoyma qəlbi küsə, ürəyi sına,
    Yarın barmağına xına yax, xına,
    Qoy səni çatdırsın öz murazına,
    Canım yaradana qul olsun, oğul!
    Hüseyn
    Sevmişəm əsili, sevmişəm soyu,
    Minadan ucadı yarımın boyu,
    Ocaqda bayramdı oğulun toyu,
    Dinən ürəyində tel olsun, ana!
    Anası
    Nisgilim, həsrətim getdi aradan,
    Mən Yetər xanımam, çıxdım qaradan,
    Versin qismətini ulu yaradan,
    Dayağın həmişə el olsun, oğul!
    Hüseyn
    Dəyməsin Hüseynə dilin yarası,
    Sevgidi gözümün ağı-qarası,
    Sevinsin hamının ciyərparası,
    Sevinci qaynasın, sel olsun, ana!
    Sözün möhürbəndini vurub, tapşırmasını tapşırıb, ana-bala fikrini tamam elədi.
    "Xəstə tələssə də armud vaxtında yetişər” - deyiblər. Toyu tez eləmək istəsələr də araya hadisələr düşdü. 37-nin xofu, qarabasması çox toyları, nişanları ləngitdi, çox arzuları qırdı, çox ümidləri yarıyolda qoydu. Bu minvalla Hüseynlə Şahsənəm iki il nişanlı qaldılar. Nəhayət iki ilin tamamında toy tədarükü görüldü. Faytonlar bəzəndi, arabalar qoşuldu, atlar yəhərləndi, qızlar darandı, gəlinlər sığallandı, oğullar döşünü qabağa verdi, ağsaqqallar, ağbirçəklər yerbəyer oldu. Aşığın uşaqlıq dostu Qara Osman, Yetər xanım, Saraçlı Gülxanım, əmisi Səməd kişi, kəndin üzdə olan say-seçmə adamları "Ya Allah, səndən mədəd!” - deyib yola çıxdılar. Yazın elə vaxtıydı ki... Yolda bir neçə yerdə öküzlər arabadan, atlar faytondan açıldı. Göy çəmənlərin sinəsi, qaynar bulaqların gözü ola, aşıqların söhbəti ola. Dincələn dincəldi, oynayan oynadı, güləşən güləşdi, hay-haray dağları başına götürdü. Nəhayət, gəlib Cücəkəndə çatdılar. Kəndin başbilənləri toya gələnləri el qaydası ilə, urvatnan qarşıladılar. Qərara gəldilər ki, toyu Cücəkəndindən yuxarı, Soyuqbulaqdan aşağı Halay bulağının başında keçirsinlər. Hamı razılaşdı. Halay bulağının başına toplaşdılar. Zurnaçı zurnasını nizamladı, aşıq sazını köklədi, dəfçi dəfini sambadı, at minən yəhəri bərkitdi, güləşçi kəmərini bağladı, aşbaz qazanları asdı, saqilər şərbət süzdü, cıdıra çıxanlar, nəmər alanlar, qamçı şaqqıldadanlar, qılınc oynadanlar, düzü-dünyanı başına götürdü. Üç gün, üç gecə toy vuruldu. Hamıdan çox sevinən, sevincindən gözünün yaşını saxlaya bilməyən, hamıdan sanballı və gözəl oynayan var idisə, o da Yetər xanım idi. Yetər xanım oynamırdı, uçurdu, qanadlanırdı. Qurban kişinin əvəzinə də oynamaq, onun ruhunu şad eləmək istəyirdi. Oynadı Yetər xanım, amma yaman oynadı. Elə oynadı ki,
    Ana qalxıb oynayanda
    Elə bil dağ-daş oynadı,
    Sevincindən yağış kimi
    Gözlərində yaş oynadı.
    Öpüşdü dillər, dodaqlar,
    Çağladı qaynar bulaqlar,
    Quş oldu əllər, ayaqlar,
    Göz süzüldü, qaş oynadı.
    Bilinmədi cavan, yaşdı,
    Arzuları aşdı, daşdı,
    Qocalar da cavanlaşdı,
    Olsa da yüz yaş, oynadı.
    Dizlərini həsrət bükür,
    Sevinc qalxır, kədər çökür,
    Şükür, bu günlərə şükür,
    Dost güldü, qardaş oynadı.
    Çal-çağırın, toy-düyünün şirin yerində toyxanada səslər ucaldı ki, bəylə gəlin oynasın. Bəy öz toyunda oynayanda bolluq olar, deyiblər. Eşitmişik, - dedilər, bəyin yaxşı oxumağı da var. Oxusun görək nə oxuyacaq. Murazına çatan aşiq Hüseyn bu gün aşıq Hüseynə dönmüşdü. Onsuz da səhərdən ürəyində oxuyurdu, indi aşkara oxumaq çətin idi. Ağsaqqallardan çəkinirdi.
    Ancaq elin-obanın ağsaqqalları təzə bəyin sözünü eşitmək, sazını dinləmək marağına düşmüşdü. Ona görə də cavanların dalbadal "bəy oxusun!” sədaları ərşə bülənd oldu. Hüseyn yenə yerindən tərpənmədi. Axır ki, bir el ağsaqqalı ədəb-ərkanla ayağa qalxıb üzünü Hüseyn Saraçlıya tutub dedi. Oxu oğlum, oxu, bu yerlərdən Kərəm keçib Ərzuruma doğru, lələsi də yanında, burda Koroğlular nərə çəkib, Aşıq Qərib Tiflisə gedəndə bu yerlərdə namaz qılıb, burda elədiyi dualar onu murazına çatdırıb. Çox igidlər, çox aşiqlər bu yerlərə səs salıb, qoy sənin səsin də bu yerlərin yaddaşında qalsın, dağa-daşa hopsun, gələcəkdə ot yerinə saz göyərsin, su yerinə səs qaynasın.
    Daha bu yerdə Hüseyn Saraçlı oxumaya bilərdimi? Elə bil bu an dünyanın ən gözəl qızını da, ən şirin sazını da, ən coşqun avazını da, ən zil səsini də uca Tanrı ona vergi kimi vermişdi.
    Aşıq oxuyurdu. Saçından dırnağına qədər bütün varlığı, ruhu, canı-qanı, nəfəsi, ürəyi oxuyurdu. Zəngulələr dağ şəlaləsinə dönüb şırhaşır dağlardan-dərələrə, qayalardan daşlara, yoxuşlardan enişlərə doğru axıb gedir, bu gözəl toy məclisinin səsini-sədasını yaylaqdan arana, Cücəkəndindən Saraçlıya çatdırmağa can atırdı. Bu səsə-sədaya nəki arana enən, yaylağa çıxan arvad-kişi, oğul-uşaq, qız-gəlin vardısa hamısı ayaq saxlayıb yolların sağında-solunda daşlardan, qayalardan salxım kimi sallanırdı.
    Aşıq oxuyurdu...
    Bura yüz yaşında bir qoca gəlsə,
    Göz işığa gələr, diz qüvvət tapar.
    Baxar gözəllərin şux yerişinə,
    Hər bulaq başında bir cənnət tapar.
    Baxmaz baharına, qışına baxmaz,
    Saçlar qar olsa da başına baxmaz,
    Təbiət insanın yaşına baxmaz,
    Könül doxsanında məhəbbət tapar.
    Xoşdu bu yerlərdə duman da, sis də,
    Meylin nə çəkirsə dağlardan istə,
    Hər çay kənarında, hər bulaq üstə,
    Ömür bir əbədi təravət tapar.
    "Qaytarma” üstündə dillənəydi saz,
    Qayıda biləydim qoynuna hər yaz,
    Burda aşıq olsa şirin bir avaz,
    Burda şair olsa şeriyyət tapar.
    Hüseyn, yaşama torpaqdan ayrı,
    Közün nə ömrü var ocaqdan ayrı,
    Sözün bu arandan, yaylaqdan ayrı,
    Nə dildə səslənər, nə şöhrət tapar.
    Bəli, doğrudan da Hüseynin ömrünün-gününün arxası-dayağı, yaraşığı göy yaylaqlar, uca dağlar olub.
    Aşığın qismətinə baxın ki, onun sevgisi dağlar gözəli olduğuna görə toyu da dağlara, yaylaqlara qismət oldu. Bəlkə də elə buna görə təbiətin ildırımı-şimşəyi, çəni-çiskini, qarı-qırovu, ayazı-şaxtası, istisi-bürküsü, otu-suyu, yarpağı-torpağı onu qorudu, yaşatdı, ucaltdı, qocaltdı. Gənc Hüseyni Aşıq Hüseyn Saraçlı kimi dünyaya tanıtdı, aləmdə məşhur elədi. Bəlkə, hamıdan xəbərsiz bircə Allaha, bir də təbiətə bəlli idi ki, bu gün onun toyuna təkcə ağsaqqallar, ağbirçəklər xeyir-dua vermirdi. Lilpar da, əvəlik də, yarpız da, kəkotu da, qırxbuğum da, düyədavanı da, aşırğal da, qantəpər də, çobanyastığı da ona xeyir-dua verib, canlarında nəki Tanrının verdiyi ətir-təravət var, hamısını aşığa və onun sevgilisinə bağışlamaq istəyirdi.
    Beləliklə, yaylaqda başlanan toy aranda bir həftə davam elədi. Gələn, gedən, atlanan, düşən, gözaydınlığı verən, muştuluq aparan, şirni paylayan, nəmər bağışlayan bir-birinə qarışmışdı. Toy toylardan, boy boylardan, soy soylardan seçiləndə onun barı, bəhrəsi nağıl olur, dastan olur, tarix olur, yaddaşlara köçür. Aşıq Hüseyn Saraçlının toyu kimi. Leyli-Məcnun, Əsli-Kərəm, Fərhad-Şirin kimi cəfa çəkən olmadı, Aşıq Hüseyn Saraçlı kimi də səfa sürən, murazına çatan olmadı. Oğullu-uşaqlı, nəvəli-nəticəli, şanlı-şöhrətli bir taleyə sahib oldu Aşıq Hüseyn Saraçlı. Allah ona altı övlad verdi, üç oğlan, üç qız. İsfəndiyar, Abbas, Əli, Şəhriyar, Zərnigar, Mehriban.
    * *
    Bəli, bütün bu əhvalatlar, bu hadisələr olmuşdu. Bu tarixlər, bu söhbətlər az qala yüz ildir ki, mənə sarı yol gəlirmiş. Bu yüz ildə bu yolların yolçuları dəyişib, gözəllərə elçi gedən elçiləri dəyişib, o zamandan bu zamana zəmanənin ölçüləri dəyişib.
    Aman qalar,
    Ah qalar, aman qalar.
    Yıxılar uca dağlar,
    Tozu bir zaman qalar.
    Bu yüz ildə neçə-neçə dağlar yıxılıb, neçə-neçə çaylar məcrasını dəyişib, batan sular, ölən dənizlər olub. Düşmənlərimiz dost, dostlarımız düşmən olub. Tapdanmışıq, qırılmışıq, güllələnmişik, asılmışıq, bölünmüşük, parçalanmışıq, ancaq məhv olmamışıq. Tapdalayıblar, parçalayıblar, ancaq yenə cücərmişik, bitmişik, yaşıllaşmışıq, böyümüşük, boy atmışıq, şaxələnmişik, çoxalmışıq, dilimizi, dinimizi, ruhumuzu qorumuşuq.
    Bütün bunlar öz yerində. Bir neçə sual var ki, nə zamandı sinəmi deşir, məni düşündürür. Müəmmalı suallar, qayğılı düşüncələr, niyələr, neyçünlər içində çırpınmağa başladım. Aşıq Hüseyn Saraçlı Borçalıda, Saraçlı qəbiristanlığında uyuyur. Mən onun məzarı başında göz yaşları içində vida sözü söyləmiş, həm ağlamış, həm də xalqı ağlatmışdım. O gün, bu gün bir dəfə də olsun aşıq mənim yuxuma girməmişdi. Bu nə yuxuydu? Aşıq mənim yuxuma inyə girmişdi. Məndən narazı olmamalıydı. Onu bütün məclislərdə dilimin duasına çevirmişəm. Hansı qüvvə onu çəkib mənim yanıma gətirmişdi? Nədən nigaran idi? Köç-köç olub dünyaya səpələnmiş Borçalı oğullarının taleyiydimi, nigaran qəbirlər və qəbiristanlıqlar idimi, Dədə Ələsgərin, Dədə Şəmşirin kafər tapdağında inləyən ruhlarıydımı, Laçında, Güləbirddə Sarı aşığın sızıldayan sümükləriydimi? Qarabağın şan-şan olmuş bağrıydımı, Borçalıdan, Göyçədən, Dərələyəzdən, Zəngəzurdan, Dərəçiçəkdən, Zəngibasardan qalxan ahlar-amanlar idimi, köhnə yarasının üstə təzədən duz basılmış, Oğuz bəylərinin talan olan, dili kəsilən Kərkük ellərinə hər tərəfdən enən zərbələriydimi,
    Nə zaman ki, Kərkük gəlir ağlıma,
    Boğazlanmış bir türk gəlir ağlıma
    - deyən bir şairin nəfəsiydimi, hər gün üstümüzə qanlı xəbərlər gələn, neçə dəfə güllələnmiş, küçələri qan gölünə dönmüş, Səttərxanın, Xiyabaninin, Pişəvərinin döyünən ürəyi, görən gözü Təbrizin sağalmayan yaralarıydımı, anası ölmüş Azərbaycanın böyük düşmənlər əlində tapdanan haqqıydımı. Naşı dərzilər əlində bahalı parçalar kimi iti qayçılarnan doğram-doğram olan Azərbaycan torpaqlarıydımı? Nəydi bilmirəm. Bildiyim odur ki, aşıq Hüseyn Saraçlı mənim yuxuma girmişdi. Həmişə oxuyanda bayatı çəkən aşıq bu dəfə də bir bayatı çəkdi.
    Yara yeri,
    Sızıldar yara yeri.
    Nə səndən ox tükəndi,
    Nə məndən yara yeri.
    Aşıq doğru deyirdi. Nə məndən ox tükənirdi, nə ondan yara yeri. O, mənə Zəlimxan yox, Zelimxan deyə müraciət edərdi. Yenə də mənim düşüncəmdən keçən suallar sona çathaçatda onun ittihamı, qınaq dolu sualları başladı.
    - Zelimxan, Borçalıda nə var, nə yox? Camaatın toyu-yası, xeyri-şəri, günü-güzəranı necə keçir? Gözüm bu gedişatdan su içmir, ay bala. Bu köçhaköçün, qaçhaqaçın sonu nəylə qurtaracaq?
    Dağlar boyda dərdi olan aşığın dərdini təzələmək istəmirdim. Ancaq verdiyi suallar məni deşik-deşik elədi.
    Aşıq sözün arxasını gətirməmiş mən ustadın cavabını vermək üçün telli saza əl atdım, "Qaraçı” havası üstündə oxumağa yox, ağlamağa başladım.
    Yıxılan ağacdı köklü-budaqlı,
    Çürüyə-çürüyə gedir Borçalı.
    Axır zirvələrdən qar suyu kimi,
    Əriyə-əriyə gedir Borçalı.
    Kimlərdi aşağda, yuxarda, bilmir,
    Nə var bu bulanlıq axarda, bilmir,
    Çulunu sulardan çıxarda bilmir,
    Sürüyə-sürüyə gedir Borçalı.
    Əlləri soyuyub əkin-biçindən,
    Qorxur karvanından, qaçır köçündən,
    Qırıla-qırıla qalıb içindən,
    Kiriyə-kiriyə gedir Borçalı.
    Ağlayır kimsəsiz uşaqlar kimi,
    Tökülür budaqdan dəymiş bar kimi,
    Öz qara baxtını qalın qar kimi,
    Kürüyə-kürüyə gedir Borçalı.
    Düşmənin sözü cod, xisləti çopur,
    Dərdi canımızda əriyir, hopur,
    Möhtəşəm bir dağdı, yerindən qopur,
    Yeriyə-yeriyə gedir Borçalı.
    Aşığın rəngi qar kimi ağappaq ağardı. Aşıq elə bildi ki, 15-20 il bundan əvvəlki vaxtıdı, Borçalı haqqında ona şad xəbərlər verəcəyəm. Ancaq tərsinə oldu, aşığı da ağlatdım, özüm də ağladım.
    Baxışlarından gördüm aşığın ürəyi suallarla doludu, hər şeyi bilmək istəyir. Dedim tale fürsətidi, qoy ürəyini boşaltsın. Aşığın sualları davam elədi.
    - De görüm, mən dünyadan köçəndən sonra bizim evdə neçə dəfə olub, məni xatırlamısan? Aşıq Əmrahın, Kamandarın, Xındı Məmmədin, Aşıq Sadığın, Şair Nəbinin, şair Ağacanın, Quşçu İrvahamın, Qarayazılı aşıq Alxanın, Əhməd Sadaxlının məzarlarını ziyarət edə bilmisənmi? Qaraxaç yaylağına, Oy dərəsinə, Ağçalıya, Novçalı bulağa, Cücəkəndinə, İlməzliyə, Yırğançağa, Soyuqbulağa, Başkeçidə, Əyriqara qalxa bilmisənmi? Get oğul, get! Doğulduğun torpaqları, gəzdiyin oylaqları heç vaxt unutma! Unutma ki, qapılar var açılmağa, süfrələr var sərilməyə, ocaqlar var qalanmağa, qurbanlar var kəsilməyə, köhlənlər var minilməyə, gözəllər var öpülməyə həsrət qalıb oğul. Qorxuram, narahatam, nigaranam. Saraçlı qəbiristanlığında qəbirdə rahat yata bilmirəm. Məni öz əllərinlə gora sallamışdın? Gorum od tutub yanır, oğul. Qəbrim yolun lap qırağında qazıldığından, şəklim yola sarı baxdığından yoldan keçənlərin hamısının səsini eşidirəm, oğul. Saza qayıdın, məclisləri şenləndirin, oğullar öyləndirin, qızlar köçürün, bulaqları öpün, torpağı sürmə kimi gözünüzə çəkin, anaların gözünü yolda qoymayın, mənim nigaran ruhuma bir rahatlıq gətirin, bayatı çəkin, söz qoşun, saz çalın, ağac basdırın, körpü salın, ev tikin, yurdu-yuvanı abad eləyin, oğul. Axı Borçalı oğullarına düz əlli il "Misri”, "Cəngi” üstündə Koroğlu havaları oxumuşam. Onlar qoçaq olar, qaçaq olmaz, oğul. Aşıq Şenlikdən, Sarvan Bayramdan, Dollu Abuzərdən, Şair Nəbidən, neçə-neçə kamil ustaddan öyrəndiyim qəhrəmanlıq dastanları üstündə böyütdüyüm, iliyinə, damarına, qanına, canına, çöhrəsinə saz havalarını bal kimi süzdüyüm, şərbət kimi içirtdiyim insanlar yurdu-yuvanı tərk edə bilməz, oğul.
    Bir gün çox dərdlərə, sitəmlərə sinə gərmiş bir ağsaqqaldan soruşdum ki: Ey qoca dədələrin yadigarı adınız nədir? Dedi: Oğul mənim adım yoxdur. Dedim: Əmi, bu nə cür cavabdır? Dedi: Oğul, mənim adım Ağakişi idi. 30-cu illərdə ağaların axırına çıxdılar, 50-ci illərdə kişilərin. İndi nə ağam qalıb, nə kişim, adsız yaşayıram. Ağalığın da, ağaların da axırına çatdılar. Heç olmasa kişiliyi və kişiləri qoruyun, oğul. Satqınları öldürməklə iş qurtarmır, satqınlığın kökünü kəsin, mənim balam.
    Ayıq olun, yatmayın, düşünün, daşının, papağınızı qabağınıza qoyub fikirləşin. Tapın, tanıyın düşməninizi. İçinizdə xainlər, satqınlar var, oğul! Düşmənlərimizə dost olanları el-obanın gözü qabağında niyə rüsvayi-cahan eləmirsiniz? Satqına, xainə niyə aman verirsiniz? Niyə div yuxusuna gedibsiniz? Əgər deyilənlərə vaxtında əməl eləməsəniz yuxunuza ağsaqqallar, ozanlar, övliyalar, şairlər yox, ilanlar, çiyanlar, bayquşlar, əjdahalar, kaftar-küsdülər girəcək, oğul.
    Lal olmuşdum. Başıma haranın daşını salım, nə deyim, nə cavab verim. Suallar dolu kimi başımdan elə yağırdı ki, elə bil yaylağın tüpüsünə, tufanına rast gəlmişdim. Aşıq sazı sərt bir tövrlə yenə bağrına basdı. Görək nə dedi, necə dedi:
    Oğulsansa bu sözlərdən od alma,
    Uyu indi, yuxla indi, yat indi,
    Ürək dözsün ağlasığmaz işlərə,
    Yeddi yerdən qoy verməsin çat, indi.
    Söylə görüm aranlısan, dağlısan,
    Azad quşsan, yoxsa yolu bağlısan,
    Bilirsənmi kimsən, kimin oğlusan,
    Harda qalıb əsil indi, zat indi.
    Sınan könlü saat kimi qurmadın,
    Səngərində əsgər kimi durmadın,
    Qaçan ovu bərəsində vurmadın,
    Güllələri boş-boşuna at indi.
    İman küfrün, din ahların içində,
    Bir canım var min ahların içində,
    Yaşadığın günahların içində,
    Quylan indi, boğul indi, bat indi.
    Tor bağlamış bacalara tüstü ver,
    Ürəklərə hünəri ver, şəsti ver,
    Yaş oduna nəfəsindən isti ver,
    Sönüb gedən ocaqları çat indi.
    Qan-yaş kimi candan süzül, qandan ax,
    Öz gününə, öz halına yaxşı bax,
    Oğulsansa ildırımdan qanad tax,
    Bu dərdlərin arxasından çat indi.
    Aşıq məni dəhşətə gətirmişdi, illərlə üst-üstə qalanan ağrılı-acılı bu söhbətləri qəzəblənmiş dağ çayı kimi hirslə-hikkəylə üstümə axıdırdı. Ürəyimin yaralı sahilləri bu çayı qucaqlaya bilmir, dəli sular güllə kimi bədənimin yeddi qatından keçirdi. Bu yuxudan xilas olmağa can atırdım, ancaq suallar dəyirman daşı kimi başımdan basır, ayağımda qandala, qollarımda zəncirə dönürdü. Allaha yalvarırdım ki, Allah məni yuxudan ayıltsın, heyif ki, o da məni eşitmək istəmirdi. Bilirdim ki, "Allah da çox sevir şerin səsini”. Şairliyimi işə salıb, ulu Tanrıya yalvarmağa başladım.
    Bu nə yuxu, bu nə qorxu, bu nə səs,
    Ayılt məni bu yuxudan, Allahım!
    Yuxu deyil, bəlkə qarabasmadı,
    Ayılt məni bu yuxudan, Allahım!
    Duman çökür, fikir çatır qaşımı,
    Divar uçur, sel aparır daşımı,
    Qılınc alıb cəllad kəsir başımı,
    Ayılt məni bu yuxudan, Allahım!
    Dil haçalı, böhtan dilli, şər xain,
    Dost avara, düşmən kinli, yar xain.
    Fil qulağı məni saldı arxayın,
    Ayılt məni bu yuxudan, Allahım!
    Yollarımız ayrı düşdü, kəc oldu,
    Mən yumşaldım, düşmən mənlə öc oldu,
    Uzun yatdım, ayılmağım gec oldu,
    Ayılt məni bu yuxudan, Allahım!
    Sözüm yoxdu dilə gəlib dinəsi,
    Dərd-qəm ilə dolub-daşır sinəsi,
    Ağır olur ustadların tənəsi,
    Ayılt məni bu yuxudan, Allahım!
    Yuxulara ilan-çayan girməsin,
    Boz tulalar şir-pələngə hürməsin,
    Heç gözlülər belə yuxu görməsin,
    Ayılt məni bu yuxudan, Allahım!
    Doğrudan da, Allah şerin və şairin səsini eşidirmiş. Yuxudan ayıldım. Elə bil məni koruş kəsməz balta ilə doğram-doğram eləmişdilər. Özümə gələ bilmirdim. Rəngim dümağ avazımışdı. Elə bil yenə yuxudaydım. Həyata qayıda bilmirdim. Mənim yerimə dağ olsa əriyər, qaya olsa quma çevrilərdi. Hələ ürəyim partlamamışdı, bu böyük şey idi. Bir neçə gün fikirli gəzdim, ağır addımladım, oturanda qalxmaq bilmirdim. Günü keçmiş, ölümünü gözləyən qocalar kimi dirsəyim dizimdən, əlim çənəmdən ayrılmırdı, qarnımda atlar təpişirdi. İçim özümü yandırırdı, çölüm özgəni.
    Neyçün ağlar,
    Gözlərin neyçün ağlar?!
    Batan karvan mənimdi,
    Kiradər neyçün ağlar?!
    Kiradər də mən idim, karvanı batan da. Dünyanın bütün dağları mənim çiynimdə, bütün dumanları mənim başımda idi. Palıd közü kimi ağır-ağır yanır, korun-korun tüstülənirdim. Nə yerdə yerimi tapırdım, nə göydə göyümü. İşə baxın ki, bir neçə gün əvvəl yuxudan ayılmaq üçün Allaha yalvarırdımsa, indi yatmaq üçün ona üz tutmuşdum. O yuxudan sonra yuxumu da itirmişdim. Amma yatmağa da qorxurdum. Aşıq mənim yorğanıma qor doldurub, yarama duz basmışdı. Qorxurdum ki, yuxuda yenə həmin divan-məhkəmə başlaya. Həyatla ölüm, yuxuyla yuxusuzluq - hərəsi məni bir tərəfə çəkirdi. Bilsəydim yuxuda başıma nə gələcək, heç yatmazdım. Nəysə yuxu məni apardı. Möhkəm yatdım, Allah kəssin elə yatmağı. Bu birinci yuxudan da ağır oldu. Təzəcə yuxuya getmişdim ki, qulaqlarımın dibində kişnərti səsi gəldi. Başımı qaldırdım ki, başımın üstündə ifçin nallı, qızıl yallı, qızıl üzəngili, gümüş yəhərli, "alma gözlü, qız birçəkli” bir qaşqa kəhər dayanıb. Atı görən kimi tanıdım. Bu, Aşıq Hüseyn Saraçlının məşhur yorğa kəhəriydi. Məni fikir götürdü. At gəlib, bəs sahibi hanı? Bəlkə sözümdən, söhbətimdən incimişdi. Bəlkə haradasa cavanlıq eləyib sözümün yerini bilməmiş, ustadın qəlbinə toxunmuşdum? At mənim qəlbimdən keçənləri insan kimi baxışlarımdan oxudu, gözləriylə işarə verdi ki, dur, məni aşıq Hüseyn göndərib, səni onun gəzdiyi oylaqlara qaldırmalıyam. At elə bil adam kimi danışır, mən də qulaq asırdım.
    - Özü gəlmədi, məni göndərdi ki, get Zəlimxanı gətir. Çoxdandı Qaraxaça, Əyriqara, Ləlvərə, Başkeçidə, Ağlağana, Çubuqluya, Şamdüyəyə çıxmır. Qoy gəlsin buraların gününü görsün. At qabaq dizlərini yerə qoyub mənə minmək işarəsini verdi. Atı mindim. Atı minən kimi yadıma aşıq Qəribin Hələbdən Tiflisə gələndə mindiyi at düşdü. Bəlkə elə həmin atdı, məni murazıma çatdırmaq üçün göndərən göndərib. Gözlərimi yumub-açmağa macal tapmamış özümü Qaraxaçda Fahralının, Kəpənəkçinin, Saraçlının, Arxılının, Darvazın, Qarayazının, Qaraçöpün, Dəllərin, Saralların, Bavayşıların, Gülöyrün, Qoçulunun binə yerlərində gördüm.
    İçərimdən gələn səs dəyəsiz, alaçıqsız, muxrusuz, binəsiz, məhləsiz, səssiz-səmirsiz dağlara, sürüsüz, ilxısız, naxırsız, çobansız, mehtərsiz, naxırçısız yallara-yamaclara, gözəlsiz-igidsiz, oğulsuz-qızsız, toysuz-tamaşasız çeşmələrə, tüstüsüz bacalara, sönən ocaqlara, köçən kəndlərə, ot basan cığırlara, solan arzulara, qəribsəyən yollara baxdıqca bax deyirdi. Bu ölü sükutunu kim yaratmışdı. Dağları yiyəsiz, binələri sahibsiz qoyan kimlər oldu. Çilingağacı, ənzəli, eşşəkbeli, dirədöymə oyunları niyə yoxa çıxdı. Dəyəni, qarımı, nəmini, çətəni, çadırı, qara kağızı, keçəni, kilimi, gəvəni, farmaşı, xurcunu, heybəni, çuvalı, kəndiri, örkəni, sicimi, irəşməni, çüyü, külü, kömürü, közü niyə unutdurdular? Qarını, motalı, çılğını, sərnici, sacı, sacayağını, təhnəni, ərsini, irəfətəni neylədilər?
    Yağı-balı, ayranı-şoru, südü-qaymağı, bulaması, pendiri, dələməsi, qurudu olan süfrələr harda qaldı? Göyəmi çəkildi, yermi uddu bu ilahi nemətləri? Necoldu o dəmlər, o dəsgahlar? Necoldu o toylar-nişanlar? Harda qaldı sevənlərin-sevilənlərin dünyası?
    Cığırlar-çəhlimlər, yollar-izlər, yallar-yamaclar, enişlər-yoxuşlar, zirvələr-ətəklər, talalar-yastanalar, aşırımlar-bələnlər, körpülər-keçidlər, yurdlar, arxaclar, duzdaqlar birdən-birə niyə yetim qaldı?
    At ağızlı, köhlən yerişli, qurd ürəkli, şir biləkli, pələng pəncəli, aslan nərəli oğulların hanı? İsti ocağın, dolu bucağın, eyvan otağın, ağır yığnağın, gələn qonağın hanı?
    Bulaqlar niyə qurudu, ağaclar niyə kəsildi, nərələr niyə susdu, aşıqlar niyə lal oldu?
    Dağa çıxdım, dəyə qurdum,
    Xana qurdum, bəyə qurdum,
    Belə ki, tez köçəsiydim
    Heç bilmədim nəyə qurdum?
    Aşığın köhlən atı məni bu dağlara kef üçün gətirməmişdi. Ağlamağa, ağlatmağa gətirmişdi. Düşünməyə, düşündürməyə gətirmişdi. Ölməyə, öldürməyə, məni özümə tanıtmağa, özümü tanımağa gətirmişdi. Kağızı-qələmi yandıran dərdlərimizi yazmağa yaratmağa gətirmişdi.
    Mənim də əlimdən ancaq yazmaq, bu dərdləri dünyaya car çəkmək qalırdı ki, onu da aşığın, sazın, sözün diliylə deməyə çalışıram. Tez-tez gəlib bu dağları gəz deyirlər, bu dağlara bir doyunca bax deyirlər.
    Bax deyirlər, baxmağımın nə mənası,
    Soruşan yox, dindirən yox, dinən yoxdu.
    İgid ölüb, nal sökülüb, yəhər düşüb,
    Köhlən ata sığal çəkib minən yoxdu.
    Həsrət qalıb igidlərin nərəsinə,
    Sükut çöküb dağların yan-yörəsinə,
    Ov olsa da ovçu yatmır bərəsinə,
    Silahının arxasında sinən yoxdu.
    Arzuları, ümidləri puç elədi,
    Yadlar gəldi, doğmalarım köç elədi,
    Namərd mərdi qova-qova heç elədi,
    Gedən getdi, bu yerlərə dönən yoxdu.
    İndi mən aşığa hansı ürək açan mətləbdən söhbət açım? O elə bilirdi ki, mən ona evlərdən, qurulan saraylardan, çəkilən bulaqlardan, salınan yollardan, açılan məktəblərdən, ləngərli məclislərdən, qarapapaq kişilərdən söhbət açacağam. Aşıq hardan bilsin ki, sevgilisi Şahsənəmi dünyaya gətirən kənd əriyib, yox olub, qeybə çəkilib, daha yoxdu. Türklərin qədim əlifbası daşlarına həkk olunan bu kənd yağı düşmən əlində inildəyir.
    Görəsən niyə bu kəndin adına Cücəkəndi deyiblər. Hansı əsrin, tarixin yadigarıdı bu kənd. Görəsən burda ilk dəfə kim - qazıb, daş töküb, ev tikib, ocaq qalayıb. Onu ancaq Allah bilər. Allahdan aşağıda da ancaq daşlar bilər. Günəş öpən, yağış sığallayan, dolu döyən, sel oyan, mamır bağlayan daşlar. Onlar da ki, dilinin gədəyini açıb bir kəlmə də olsa heç vaxt heç kəsə sirr vermir, söz demir, ürək açmır. Bu daşların gözü çox şey görüb, qulağı çox şey eşidib. Nə danışsalar ancaq öz dillərində, öz aralarında danışırlar. Hələ daşla danışan adama bu dünyanın heç yerində rast gələn olmayıb.
    Bəlkə belə yaxşıdı. Bəlkə də daşlar danışsaydı insan oğlu daha böyük faciələrlə qarşılaşardı. Allah bilmirmi ki kimə dil vermək, kimi dilsiz eləmək lazımdı. Daşlar danışsaydı bəlkə müharibələr, savaşlar, ehtiraslar yenidən qızışar, dünya qana çalxanardı.
    Bəlkə də əksinə, Cücəkəndinin daşları, qayaları danışsaydı, dörd məhləsi, iyirmiyə yaxın ocağı, tayfası, üç dəyirmanı, Böyük təpə, Kiçik təpə, Dəvə qılıcı, Qızlar dərəsi, Damqaya, Əyriçay adlı əbədi ünvanı, yeri-yurdu, Sərçələr, Qaydəvələr, Bocalöyü, Motallar, Qara Abdulla, Bəylər öyü, Əlləzli, Qaraqurbanlılar, Bəkiröyü, Sakdtlar, Qara Kəllələr, Caqqarlar, Gillikli adı ilə tanınan tayfaları olan bir kəndin daşları dilə gəlsəydi, sirrini açsaydı, kim bilir bəlkə əbədi xoşbəxt ola bilərdik.
    Bəlkə daşlar bizə uğurun, qələbənin, əyilməzliyin, millətin gücünün, Türkün ruhunun əbədi və dəyişməz ünvanını göstərə bilərdi. Hansı nəslin, hansı tayfanın adına baxırsan ordan bir tanrı ucalığı, qədimlik və möhtəşəmlik boylanır.
    Balaca bir dağ kəndinin adı ilə bağlı bu qədər yer-yurd, tayfa-nəsil, çay-çeşmə, dağ-dərə adları varsa indi görün tarix gedib haralara söykənir.
    Aşıq Hüseyn Saraçlını bura çəkən qüvvənin adı nə idi ki, boylanmaqla ucu-bucağı görünməyən, əli-ətəyi sürülərə, ilxılara meydan olan yaylaqları qoyub gəlib Cücəkəndində, Böyüktəpənin üstündə hər yay dəyə qururdu. Hansı ruh idi, hansı qüvvə idi onu bu yerlərə bağlayan?
    --------------------------------------------------------------------------------------------------
    Dastan 14 aprel 2007-ci ildə nəşr olunub.
                                                                                                                        Geri
    KATEQORİYA: ŞEİRLƏR | ƏLAVƏ ETDİ: QIKO (19.04.2010)
    BAXILDI: 2991
    BÜTÜN RƏYLƏR: 0
    YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
    [ qeydiyyat | giriş ]
    DAXİL OL

    SAYTDA AXTAR

    BİZİMLƏ OLUN

    BİZİM SORĞU
    SAYTI DƏYƏRLƏNDİR
    Cavablar: 158
    < HAVA > Прогноз погоды в городе Баку Прогноз погоды в городе Гянджа Прогноз погоды в городе Сумгаит Weather forecast for Nakhchivan

    ONLAYN OYUN
  • ONLAYN OYUNLARI

  • SARAÇLILAR © 2016                    055 584 04 52
            

     WoSoft.ru - программы для всех